Cinayət hüququ

Zorlama cinayətinə görə məsuliyyət – CM 149

1. Zorlama cinayətinə görə məsuliyyət

Zorlama cinayətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə məsuliyyət nəzərdə tutulur.

  • 149.1 Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma
  • dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
  • 149.2. Eyni əməllər:
  • 149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
  • 149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;
  • 149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;
  • 149.2.5. təkrar törədildikdə—
  • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
  • 149.2-1. Eyni əməllər:
  • 149.2-1.1. yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə;
  • 149.2-1.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
  • 149.3. Eyni əməllər:
  • 149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
  • 149.3.3. on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə
  • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
  • Qeyd: Bu Məcəllənin 152.2 – 152.4-cü maddələrində nəzərdə tutulmuş əməllər on iki yaşına çatmayan şəxs barəsində və ya ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşməyən yetkinlik yaşına çatmayan digər şəxs barəsində törədildikdə, həmin əməllər bu Məcəllənin müvafiq olaraq 149.3.3-cü və ya 150.3.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

2. Zorlama cinayətinin istintaq aidiyyatı

Zorlama prokurorluq

Cinayət Prosessual Məcəllənin 215.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 149-cu maddəsi üzrə cinayət işlərinin ibtidai istintaqı prokurorluq orqanları tərəfindən aparılır. Yəni, şikayət üçün prokurorluq orqanlarına müraciət edilməlidir.

3. Zorlama cinayətlərində mövcud təcrübə

Bəzən həqiqətən zorlama cinayəti törədilmədən şəxslər öz aralarında olan konflikti həll etmək üçün yalan danışaraq ona qarşı zorlama cinayəti törədildiyini bildirir.

İlk öncə bildirək ki, Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə

  • min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
  • Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə
  • iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yəni, həqiqət olmayan cinayət barədə yalan məlumat verməyə görə, aşkarlandığı halda məsuliyyət daşıyırsınız.

4. Zorlama cinayəti zamanı barışmaq mümkündürmü?

Xeyr. Zorlama cinayətinə(CM 149) barışmaqla xitam verilməsi mümkün deyil.

Cinayət Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən 149.1-ci maddə icitmai-xüsusi ittiham hesab olunsa da, İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət Məcəlləsinin müvafiq maddələrində 149-cu maddə ilə bağlı qeyd olmadığı üçün bu barədə şikayət olduqdan sonra zərərçəkmiş şəxsin şikayəti geri götürməyi, barışmağına görə işə xitam verilməsi mümkün deyil. Barışmaq sadəcə yüngülləşdirici hal hesab oluna bilər. Şəxsin törətdiyi əməl sübut olunarsa, hər bir halda məsuliyyətə cəlb ediləcək.

5. Zorlama cinayətinin digər təfərrüatları

Zorlama cinayəti tərkibindən də göründüyü kimi yalnız kişi və qadın arasındakı münasibəti tənzimləyir. Yəni, bu cinayət zamanı təqsirləndirilən şəxs kişi cinsli, zərərçəkmiş şəxs isə qadın cinsli olur.

6. Zorlama cinayətində qadın birgə icraçı kimi çıxış edə bilərmi?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Komentariyasında qadının icraçıya zorlama cinayəti törətməkdə əl-qolunu tutmaqla və ya cinayətin həyata keçirilməsi üçün başqa cür yardım etdiyi halda onun bu cinayətin birgə icraçısı olduğu iddia edilir.

Bu iddianın əsasının nə olduğu komentariya müəllifləri tərəfindən qeyd olunmayıb. Onunçun aşağıdakı təhlili aparmaq və digər hüquqşünaslar, sizlərə bölüşmək və fikirlərinizi öyrənmək istədim.

AR-nın CM-in 32.2-ci maddəsində icraçının və birgə icraçının anlayışı verilib: Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş (birgə icraçılıq), eləcə də bu məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

Bu anlayışda aydınlaşdırmağa ehtiyac olan daha bir anlayış var : bilavasitə cinayəti törətmiş. Cinayətin obyektiv cəhətində göstərilən əlamətləri şəxsən və ya başqa şəxslə bərabər yaratmış, həyata keçirmiş şəxs onu bilavasitə törədən şəxs hesab olunur.

İndi qayıdaq AR CM-in Komentariyasında deyilən fikrin təhlilinə. Komentariya müəllifləri qadının zorlama cinayətinin birgə icraçısı olduğunu qeyd etsələr də bu fikirlərində nəyə əsaslandıqlarını müəyyən etməyiblər. Ama onların bu fikrinə münasibəti aşağıda kimi bildirmək olar.


Birgə icraçı digər şəxslə birlikdə cinayətin obyektiv cəhətini təşkil edən əlamətləri birbaşa olaraq həyata keçirməlidir. Zorlama cinayətinin obyektiv cəhətinin ən əsas hissəsindən biri kişinin cinsiyyət orqanının qadının uşaqlıq yoluna daxil olmasıdır. Cinayət də elə bu zaman bitmiş hesab olunur.

6.1 Komentariya müəlliflərinin fikrincə qadın bu hərəkəti edə bilər mi?


İkinci və ən əsas kontrarqument isə CM-in 33.4-cü maddəsində qeyd olunub: Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin

cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur. Bu maddədən çıxan təfsir isə budur:

Deməli, qadın zorlama cinayətinin yalnız təşkilatçısı, təhrikçisi və ya köməkçisi qismində cinayət məsuliyyətinə cəlb oluna bilər.

Zorlama cinayəti xüsusi subyektli cinayətdir, çünki bu cinayəti yalnız kişilər törədə bilərlər;

Qadın zorlama cinayətinin xüsusi subyekti deyil;

7. Keçmişdə olan zorlamaya görə müraciət

Keçmişdə baş verən zorlama cinayətinə görə də müraciət edə bilərsiniz. Bəzən bu hadisəyə məruz qalmış şəxslər cəmiyyətin düşüncəsinə və ya digər sair səbəblərə görə müvafiq orqana şikayət ünvanlaya bilmir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsində cinayət məsuliyyətinə cəlbetmə müddətləri mövcuddur. Bu müddət ötürülməyibsə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. Lakin keçmişdə olan hadisələri sübut etmək bəzən daha çətin olur. Ona görə də vətəndaşlara tövsiyyə olunur ki, belə hallar olduqda gecikdirilmədən müvafiq orqana müraciət etsinlər.

Hüquqşünas İlkin Əzimov

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button