
Atalığın müəyyən edilməsinin hüquqi yolu
1. Ailə Məcəlləsi (analıq/atalıq)

Uşağın mənşəyinin müəyyən edilməsi, yəni atalığın və analığın müəyyən edilməsi ilə bağlı müddəalar Ailə Məcəlləsinin 10-cu fəslində öz əksini tapmışdır. Belə ki, Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (yəni analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsi tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
Əgər uşaq aralarında nikah bağlanmış şəxslərdən olarsa, eləcə də uşaq nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğularsa, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə (nikah haqqında şəhadətnamədə) təsdiq olunur.
Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur.
Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq qeydiyyat şöbəsinə ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.
Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya qəyyumluq və himayə orqanının razılığı ilə yol verilir.
2. Atalığın müəyyən edilməsi iddia ərizəsi

Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, belə olan halda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
Atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək lazımdır. Əgər mediasiyada barışıq və ya razılıq əldə olunmazsa, atalığın müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Bunun üçün mediasiya xərci 60 manat, məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir.
Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerin məhkəməsinə də verilə bilər. Bunun üçün məhkəməyə yaşayış yerindən arayış təqdim edilməlidir.
Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Bunun üçün maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edə bilər.
3. Doğum haqqında şəhadətnamə asan xidmət

Doğumun qeydə alınması və bu barədə şəhadətnamə Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsi (və ya ASAN Xidmət mərkəzlərində yerləşən qeydiyyat şöbəsi) tərəfindən verilir. Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar.
Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.
4. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə

Atalığın müəyyən edilməsi (uşağın anası ilə nikahda olmayan şəxsin atalığının müəyyən edilməsinin qeydə alınması) valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Atalıq məhkəmə qaydasında müəyyən edildikdə qeydiyyat şöbəsi “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən onu qeydə alır.
Atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir. Müvafiq qeydiyyat şöbəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən doğum haqqında akt qeydində dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir.
Atalığın müəyyən edilməsinin qeydə alınması üçün tələb olunan sənədlərin siyahısı:
- Atalığın müəyyən edilməsi üçün uşağın atasının və anasının (valideynlərin) birgə ərizəsi;
- Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Uşağın doğum haqqında şəhadətnaməsi;
- Atalıq məhkəmə qaydasında müəyyən edilərsə qanuni qüvvəyə minmiş qətnamə;
- Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yaşayış yerini müəyyən etmək olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə uşağın atasının ərizəsi ilə yanaşı:
5.1. qəyyumluq və himayə orqanlarının razılığını təsdiq edən sənəd;
5.2. ananın ölümü haqqında şəhadətnamə (surəti);
5.3. ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış;
5.4. ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarış;
5.5. ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin mümkün olmamasını təsdiq edən daxili işlər orqanlarından müvafiq sənəd.
Valideynlərdən biri üzürlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsinə gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.
Atalığın müəyyən edilməsinin qeydə alınması və buna dair şəhadətnamənin verilməsi üçün dövlət rüsumu yoxdur.
5. Atalığın müəyyən edilməsi analizi

Atalığın müəyyən edilməsi zamanı genetik müayinə (DNT testi) məhkəməyə qədər, bu mümkün olmadıqda isə məhkəmədə atalığın müəyyən edilməsi zamanı məhkəmə tibbi-bioloji ekspertizanın keçirilməsi barədə məhkəməyə təqdim edilən vəsatət əsasında həyata keçirilə bilər. Bununla bağlı hakim qərardad çıxardır və aidiyyəti üzrə müvafiq quruma göndərir.
Atalığın müəyyən edilməsi zamanı genetik müayinə və ya məhkəmə tibbi-biloji ekspertizasının keçirilməsi ilə əlaqədar yaranan xərcləri həmin tələbi irəli sürən tərəf (iddiaçı) ödəyir. Əgər iddiaçının xeyrinə iş üzrə məhkəmə qətnaməsi çıxarsa, belə olan halda həmin xərclər cavabdeh tərəfindən ödənilir.
Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
6. Atalıq testi qiyməti

Atalığın müəyyən edilməsi və ya atalığın mübahisələndirilməsi zamanı genetik müayinə – DNT testi bir valideyn kimi atanın uşağın bioloji atası olub-olmadığını müəyyən etməyə imkan verir. Bu testin qiyməti təxminən 2000-3000 manat arası dəyişir. Həmin xərci testi tələb edən tərəf ödəyir.
7. Nigahdan kənar uşaq

Ailə Məcəlləsinin 48-ci maddəsində qeyd olunur ki, atalıq müəyyən olunduqda, nikahdan kənar doğulmuş uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, aralarında nikah olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.
8. İddia ərizəsi nümunəsi

Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsi və ona əlavə olunan sənədlər elektron məhkəmə sistemində yaradılmış (e-mehkeme.gov.az) elektron kabinet vasitəsilə elektron qaydada müvafiq məhkəməyə göndərilə bilər.
Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz.
Qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə əsaslanmaq hüququ yoxdur. Embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ər-arvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz.
Əgər şəxs uşağın atası olmadığını iddia edirsə, bunun üçün atalığın mübahisələndirilməsi tələbi ilə ilkin olaraq mediasiya müraciət etməlidir. Mediasiya xərci 60 manat təşkil edir. Əgər mediasiya prosesində tərəflər arasında barışıq və ya razılıq əldə edilməzsə, atalığı mübahisələndirən tərəf atalığın mübahisələndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu 50 manatdır. Əgər iddiaçının uşağın atası olmadığını cavabdeh təsdiqləməzsə, belə olan halda məhkəmə tibbi-bioloji ekspertizanın təyin edilməsi barədə vəsatət verilə bilər. Ekspertizanı tələb edən tərəf xərcləri ödəməlidir.
Atalığın müəyyən edilməsi və ya atalığın mübahisələndirilməsi tələbinə dair mübahisələr üzrə iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın