Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
İnzibati hüquq

İXM 529.3 – Cəriməni ödəməmişəm sürücülük hüququm məhdudlaşdırılıb

1. İXM 529.3 nədir?

ixm 529.3 maddəsi
İXM 529.3-cü maddənin SMSRADAR
proqramında əks olunması

Yol hərəkəti əleyhinə olan inzibati xətanı törətməyə görə inzibati cərimə edilən şəxs İXM 529.3-cü maddəyə əsasən 3 ay ərzində cəriməni ödəmədikdə sürücülük hüququ məhdudlaşdırılır.

2. 529.3 İnzibati Xətalar Məcəlləsi izah

İstənilən yol hərəkəti əleyhinə olan inzibati xətanın törədilməsindən sonra cərimə edilmisinizsə və bu cəriməni 3 ay + 20 gün(Cərimə edildiyiniz tarixdən 20 gün müddətində şikayət vermək hüququnuz var) müddətində ödəməmisinizsə, sürücülük hüququnuz məhdudlaşdırılır. Başqa bir deyimlə, “pravanız lişenyaya gedir”.

3. Sürücülük hüququnuzu kim məhdudlaşdırır?

Yol polisi tərəfindən 3 ay 20 gün ərzində cəriməni ödəmədiyiniz aşkar edildikdə barənizdə İXM 529.3-cü maddə ilə bağlı İXP 529.3(İnzibati xəta haqqında protokol) tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilir. Məhkəmə həqiqətən cəriməni ödəmədiyinizi aşkar etdikdə sürücülük hüququnuzu məhdudlaşdırır.

Nəzərə alın ki, Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxa bilər. 

4. İXM 529.3-ə xitam verilməsi

İXM 529.3-cü maddənin qeyd hissəsinə əsasən, İXM 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Yəni, cəriməni ödədiyiniz halda məsuliyyətdən azad olunursunuz. Lakin bunun üçün hüquqi(maddələrə istinad edərək) və faktiki(ödəniş qəbzlərini təqdim edərək) əsaslarla birgə ərizə ilə müraciət etməlisiniz. Ərizəni əgər özünüz hazırlaya bilmirsinizsə hüquqşünas və vəkillərə müraciət edə bilərsiniz.

5. İXM 529.3-ə xitam verilməsi üçün müraciət qaydası

İXM 529.3-cü maddə ilə sürücülük hüququnuz məhdudlaşdırıldıqdan sonra 3 ay 20 gün ərzində ödəmədiyiniz cəriməni(ləri) ödəyib, ödəniş qəbzlərini özünüzdə saxlayın.

Qeydiyyatda olduğunuz rayonun məhkəməsinə hər cəriməyə görə ayrıca ərizə yazaraq və ödəniş qəbzlərini ərizənin qoşma hissəsinə əlavə edərək məhkəməyə təqdim edin. Ərizədə mütləq hüquqi əsaslar(maddələr) qeyd olunmalıdır. Əksər hallarda protokol baxılması üçün qeydiyyatda olduğunuz rayonun məhkəməsinə göndərilir. Məhkəmə ilə əvvəlcədən əlaqə saxlayaraq məhkəmədə sizin adınızda inzibati iş olub-olmadığını aydınlaşdıra bilərsiniz. Eləcə də, e-mehkeme ilə şəxsi kabinetinizə daxil olaraq barənizdə inzibati xəta haqqında iş olub-olmadığını aydınlaşdıra bilərsiniz.

Əgər barənizdə İXM 529.3-cü maddə ilə bir neçə iş mövcuddursa, yaxşı olar ki, məhkəməyə ərizə ilə müraciət edib müvafiq işlərin məhkəmə iş nömrələrini və ya protokol nömrələrini əldə edəsiniz. İXM 529.3-cü maddə ilə məsuliyyətə cəlb edilən şəxs, xitam verilməsi üçün müraciət etdikdə hansı iş üzrə xitam verilməsini ərizədə qeyd etməlidir. Əks halda əlavə araşdırma ilə işiniz daha uzun müddətə həll oluna bilər.

6. Ərizəyə baxılma müddəti

İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Yəni, ərizənizə(vəsatətinizə) məhkəmədə 15 gün ərzində baxılıb qərar çıxarılmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 140-cı maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. Yəni, ərizənizə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra qərar qanuni qüvvəyə mindiyi gün qərarın icra edilməsi üçün Baş Dövlət Yol Polisi idarəsinə göndərilməsini məhkəmə təmin etməlidir. Lakin qərarı özünüz də götürüb Baş Dövlət Yol Polisi idarəsinə təqdim edə bilərsiniz.

Qanuni qüvvəyə minmə – Əgər qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün(10 gün) qanuni qüvvəyə minmiş hesab olunur.

7. İXM 529.3 Dövlət rüsumu

İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yəni məhkəməyə ərizə və ya vəsatət ilə müraciət etdiyiniz zaman bu işlər üzrə dövlət rüsumu nəzərdə tutulmur.


Hüquqşünas İlkin Əzimov

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

2 Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button