Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Övladlığa uşaq götürməyin qanunvericiliklə ətraflı izahı

1. Övladlığa götürmə qaydaları

övladlığa uşaq götürmə
Övladlığa götürmə qaydaları

Övladlığa götürmə prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarəti ilə həyata keçirilir. Bu proses 3 mərhələdən ibarətdir:

1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;

2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;

3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

 Övladlığa uşaq götürmənin uşağın mənafeyinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:

1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;

2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Övladlığa uşaq götürmə barədə qərar məhkəmə tərəfindən uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin), Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman isə övladlığa götürmək istəyən şəxs (şəxslərin) və ya onların müraciəti əsasında akkreditə edilmiş orqanın ərizəsi əsasında qəbul edilir.

Övladlığa götürmə barədə ərizəyə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Yəni övladlığa götürmək istəyən şəxs xüsusi icraat qaydasında ərizə ilə övladlığa götürülən uşağın qeydiyyat yeri üzrə məhkəməyə müraciət etməlidir.

Övladlığa götürmə prosesi ilə bağlı hüquqi məsləhət verilməsi, məhkəməyə ərizələrin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Övladlığa götürmə

övladlığa uşaq götürmə
Övladlığa götürmə

Bir uşaq iki şəxs tərəfindən (ər-arvad istisna olmaqla) övladlığa götürülə bilməz.

Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.

Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Əgər iki şəxs arasında nikah yoxdursa, onlar birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.

Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.

Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin vahid uçota alınmış uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə onlar uçota alındıqları gündən 1 (bir) il müddət keçdikdən sonra yol verilir.

3. Övladlığa uşaq götürmək

övladlığa uşaq götürmə
Övladlığa uşaq götürmək

Ailə Məcəlləsinin 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq qeydiyyat şöbəsində qeydə alındıqdan sonra yol verilir.

Yəni yalnız yetkinlik yaşına çatmayanlar övladlığa götürülə bilərlər.

4. Övladlığa götürmə haqqında qanun

övladlığa uşaq götürmə
Övladlığa götürmə haqqında qanun

Övladlığa uşaq götürmə haqqında qanun mövcud deyildir. Övladlığa götürmə prosesi ilə bağlı məsələlər Ailə Məcəlləsi (19-cu fəsil), Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” AR Prezidentinin 10 dekabr 2018-ci il tarixli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydaları ilə tənzimlənir.

5. Övladlığa götürmə yaş həddi

övladlığa uşaq götürmə
Övladlığa götürmə yaş həddi

Ailə Məcəlləsinin 121-ci maddəsində övladlığa götürmək istəyən şəxsə dair yaş tələbləri nəzərdə tutulub.

Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.

Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Məhkəmə tərəfindən üzrlü hesab edilən hallarda müəyyən edilən yaş fərqi azaldıla bilər.

Övladlığa götürmə prosesi ilə bağlı hüquqi yardım göstərilməsi, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

6. Övladlığa götürmə müraciət

övladlığa uşaq götürmə
Övladlığa götürmə müraciət

Övladlığa uşaq götürmək istəyən şəxslər elektron qaydada aşağıdakı kimi müraciət edə bilər:

Övladlığa uşaq götürmək istəyən valideyn-namizəd(lər)in özü və onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edilir və övladlığagötürmə ilə bağlı ərizə alınır.

Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemində  qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.

Şəxsi kabinet yaratmaq üçün e-sosial portalına asan login vasitəsilə giriş edilməlidir. Asan login üçün “istifadəçi girişi”, “e-imza” və ya “asan imza” seçimlərindən istifadə etmək mümkündür. Əgər e-imza və ya asan imzanız yoxdursa, adi istifadəçi girişi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Bunun üçün https://asanlogin.my.gov.az/auth/with-pin keçidinə daxil olaraq şəxsiyyət vəsiqənizin fərdi identifikasiya nömrəsini (FİN) və adınıza qeydiyyatda olan mobil nömrəni daxil edirsiniz. Daha sonra sistem tərəfindən daxil edilmiş nömrəyə göndərilən birdəfəlik aktivləşdirmə kodu (OTP) vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Şəxsi kabineti yaratmaq üçün istifadəçilər ASAN Loginə sahib olmalıdırlar. ASAN Login əldə etmək üçün lazımdır:

  1. Vətəndaş asan mobil nömrə almaq üçün müraciət edir (azercell,bakcell,nar mobile) və yaxud öz adına olan mobil nömrənin asan dublikatını çıxardır;
  2. Həmin asan nömrə ilə bağlı müqaviləsi və şəxsiyyət vəsiqəsi ilə birgə  ASAN Xidmət mərkəzində Dövlət Vergi Xidmətinin pəncərəsinə yaxınlaşır və asan imza sertifikatı əldə edir;
  3. E-sosial.az saytına daxil olub, asan imza ilə “qeydiyyatdan keç” bölməsini seçir; Asan nömrəyə SMS vasitəsilə gələn kodu daxil etməklə qeydiyyatdan keçir.

Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər tərəfindən aşağıda göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizəd(lər)in (və onunla birgə eyni ünvanda yaşayan şəxsin) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər.

Övladlığagötürməyə imkan verməyən xəstəliklər aşağıdakılardır:
1. Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi
2. Bütün növ infeksion (yoluxucu) xəstəliklər
3. Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr
4. Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları
5. Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.

Müraciət baxılmaq üçün Sosial Xidmətlər Agentliyinə göndərilir. Növbəti mərhələlərdə müsahibə, maddi-məişət şəraitinin yoxlanılması, xüsusi təlimlər, uşaqla tanışlıq görüşləri və evdə sınaq müddəti həyata keçirilir.

Bütün uyğunluq mərhələləri uğurla keçildikdən sonra proses məhkəmə qərarı ilə yekunlaşır.

7. Övladlığa götürmə haqqında

övladlığa uşaq götürmə
Övladlığa götürmə haqqında

Övladlığa götürmə prosesi:

övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;

Uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi;

Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir.

Övladlığa uşaq götürmək istəyən şəxs(lər) onunla birgə (ümumi ev təsərrüfatına malik)  yaşayan 18 yaşdan yuxarı olan şəxs(lər) ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən istənilən notariat ofisinə müraciət edib  övladlığagötürmə ilə bağlı ərizə formasını əldə edir.

Notarial qaydada təsdiq edilmiş ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürüldükdən sonra övladlığa uşaq götürmək istəyən şəxs tərəfindən Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi” elektron xidmətindən istifadə etməklə Vahid Giriş Sistemi  (”ASAN login”) vasitəsilə şəxsi kabinet yaradılır.

Valideyn-namizəd və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxs(lər) tibbi müayinələrdən keçmək üçün ölkə üzrə müəyyən edilmiş aşağıdakı tibb müəssisələrində müayinələrdən keçə bilərlər:

1. Bakı şəhər qeydiyyatında olan şəxslər – 5 nömrəli şəhər Poliklinikası;

2. Digər şəhər/rayon qeydiyyatında olan valideyn-namizədlər:

2.1.Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası;

2.2.Gəncə şəhər birləşmiş xəstəxanası PHŞ;

2.3.Lənkəran rayon mərkəzi xəstəxanası PHŞ;

2.4. Şəki rayon mərkəzi xəstəxanası PHŞ.

Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu Nazirlik tərəfindən aşağıdakı qaydada müəyyən edilir:

  • Övladlığa götürmək istəyən şəxs(lər)lə müsahibə aparılması;
  • Övladlığa götürmək istəyən şəxs(lər)ə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
  • Övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxs(lər)in uşağın yerləşdiyi müəssisədə görüşünün təşkil edilməsi;
  • Övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin evində yerləşdirilməsi.

Övladlığagötürmə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra uşaq 18 yaşına çatana qədər ilk ildə hər rüb, növbəti illərdə isə ildə 1 dəfə olmaqla həyata keçirilir.

8. Övladlığa uşaq götürmək üçün lazım olan sənədlərin siyahısı

övladlığa uşaq götürmə
Övladlığa uşaq götürmək üçün lazım olan sənədlərin siyahısı
  1. Övladlığagötürmək istəyən şəxsin özü və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxs(lər)in ərizəsi (notariat orqanı tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş);
  2. Övladlığagötürmək istəyən şəxslər barədə fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan), vətəndaşlığı) özü və onunla birgə yaşayan şəxslər haqqında övladlığa imkan verməyən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sağlamlıq haqqında arayışı;
  3. Ailə vəziyyəti barədə məlumat (nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi);
  4. İş yeri (o cümlədən vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat (o cümlədən, son 12 aylıq dövr üçün bank hesabından çıxarış);
  5. Aliment, kredit və digər öhdəlikləri barədə məlumat;
  6. Mülkiyyətində olan daşınmaz əmlaklar, o cümlədən nəqliyyat vasitələri barədə məlumat;
  7. Məhkumluq haqqında məlumat (məhkum olunma tarixi, cəzanın növü, müddəti, azad edilmə tarixi, azad edilmə üçün əsas);
  8. Öz qohumunu (bacısı, qardaşı, nəvəsi, qardaşının və ya bacısının övladı, valideynlərinin bacısı və ya qardaşının övladları) övladlığa götürdükdə – qohumluq əlaqələrinin təsdiqi barədə məlumat (doğum haqqında şəhadətnamənin surəti).
  9. Övladlığagötürmənin uşağın mənafeyinə uyğun olmasını müəyyənləşdirmək məqsədilə valideyn-namizəd, ailə üzvləri, habelə onlarla birgə yaşayan şəxs(lər)in razılığı ilə onların barəsində əlavə sənədlər və məlumatlar əldə edilə bilər.

9. Övladlığa götürmə müavinət

övladlığa uşaq götürmə
Övladlığa götürmə müavinət

Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən əlilliyi olan uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) müavinətin məbləği aşağıdakı kimidir:

Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə – hər uşaq üçün 240 manat;

Əlilliyi olan uşağı övladlığa götürən şəxsə – hər uşaq üçün 600 manat.

Bu müavinət 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir və plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir. Lakin aşağıdakı hallardan biri baş verdikdə müavinətin ödənişi dayandırılır:

  • övladlığa götürülən uşaq vəfat etdikdə;
  • övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
  • müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
  • müavinət alan şəxs vəfat etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə.

10. Övladlığa götürmə altsistemi

övladlığa uşaq götürmə
Övladlığa götürmə altsistemi

“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi övladlığagötürmə prosesinin tam elektronlaşdırılmasını, şəffaflığını və operativliyini təmin edən rəsmi platformadır.

Övladlığa uşaq götürmək istəyən şəxslər elektron qaydada qeydiyyatdan keşərək şəxsi kabinet yaratmaq üçün həmin rəsmi platformadan istifadə edirlər.

11. Övladlığa götürmə haqqında iddia ərizəsi

övladlıağa uşaq götürmə
Övladlığa götürmə haqqında iddia ərizəsi

Övladlığa götürmə prosesinin 3-cü mərhələsi övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələsidir. Bu barədə məhkəmə qətnaməsinin qəbul edilməsi üçün xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət olunmalıdır.

Mülki Prosessual Məcəllənin 345-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir.

Uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Yəni bu halda iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır.

Məhkəməyə ərizə, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

12. Uşaq evindən uşaq götürmək

övladlığa uşaq götürmə
Uşaq evindən uşaq götürmək

Uşaq evi və ya internat məktəblərindən övladlığa uşaq götürmək üçün aşağıdakı proseslərdən keçmək lazımdır:

  1. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
  2. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
  3. Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Aşağıdakı şəxslər istisna olmaqla, hər iki cinsdən olan şəxs (şəxslər) uşağı övladlığa götürən ola bilərlər:

1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;

2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;

3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;

4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;

5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;

6. məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;

7. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;

8. ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).

13. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi

övladlığa uşaq götürmə
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi

Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydaları ilə tənzilənir.

Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) vahid uçotunun elektron qaydada aparılması, valideyn-namizədlə müsahibə keçirilməsi, onun maddi-məişət şəraitinin müayinəsi, valideyn-namizəd üçün təlimin təşkili, valideyn-namizədə uyğun uşağın və övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideyn-namizədin evində yerləşdirilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, övladlığagötürmədən sonrakı monitorinqlərin aparılması, eləcə də övladlığagötürmənin ləğvinin tələb edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün qəyyumlarının (himayəçilərin) notariat qaydasında təsdiq olunmuş yazılı razılığı olmalıdır.

Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin həmin uşaqlarla bağlı fikri öyrənilir.

Sosial xidmət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin həmin uşaqlarla bağlı rəyi alınır.

Məhkəmə uşağın mənafeyini nəzərə alaraq göstərilən şəxslərin razılığı olmadan və ya fikri nəzərə alınmadan da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əsasında uşağın övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər.

10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır.

Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər.

14. Övladlığa uşaq götürmə

övladlığa uşaq götürmə
Övladlığa uşaq götürmə

Valideynləri olan uşaq valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi tələb olunur.

Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Valideynlər övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər.

Valideynlər öz uşaqlarını konkret şəxsə və ya konkret şəxsi göstərmədən övladlığa verməyə razılıq verə bilərlər.

Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur.

Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.

Övladlığa götürmə qaydaları ilə bağlı hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

15. E sosial övladlığa götürmə

övladlığa uşaq götürmə
E sosial övladlığa götürmə

Övladlığa uşaq götürmək üçün elektron müraciət prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tənzimlənir və e-social.gov.az elektron xidməti vasitəsilə həyata keçirilir.

16. Uşağın övladlığa götürülməsi

övladlığa uşaq götürmə
Uşağın övladlığa götürülməsi

Övladlığa uşaq götürmə yetkinlik yaşına çatmayan şəxslər barəsində və onların doğumu müvafiq qeydiyyat şöbəsində qeydə alındıqdan sonra həyata keçirilir.

17. Övladlığa götürmənin ləğvi

övladlığa uşaq götürmə
Övladlığa götürmənin ləğvi

Övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Bunun üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Övladlığa götürmənin ləğv olunması barədə işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiynin iştirakı ilə baxılır.

Məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir.

Övladlığa götürülmənin ləğv edilməsini aşağıdakı şəxslər tələb edə bilər:

Övladlığa uşaq götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələb edə bilər.

Övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir:

1. övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;

2. övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;

3. övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;

4. övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

Övladlığa götürmə ləğv olunduqda, uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır.

Uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir.

Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir.

18. Hüquqi məsləhət

övladlığa uşaq götürmə
Hüquqi məsləhət

Övladlığa götürmə prosesi ilə bağlı hüquqi məsləhətlərin verilməsi, məhkəməyə ərizə, iddia ərizələrinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: Ailə Məcəlləsi; Mülki Prosessual Məcəllə;

“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydası;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button