
Parklanma qaydalarının pozulmasına görə cərimələr
1. Parklanma qaydalarının pozulmasına görə cərimələr

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsində parklanma qaydalarının pozulması inzibati xəta olaraq müəyyən edilmişdir. Bu maddəyə əsasən:
- Əgər sürücü maşınını ödənişli parkinq yerinə qoyduqdan sonra SMS və ya proqram vasitəsilə parkinqi başlamazsa və ya ödəmə etmədən, ya da ödənilən vaxtdan artıq park edib çıxarsa, 20 manat məbləğində cərimə edilir.
- Əgər sürücü parkinq yerindəki nişanlara və xətlərə uyğun park etməzsə və bu səbəbdən başqa maşınların düzgün park etməsinə və ya hərəkətinə maneə yaranarsa, 20 manat cərimə edilir.
- Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 60 manat məbləğində cərimə edilir.
- Əgər 3,5 tondan ağır yük maşını parkinq yerində park edərsə və ya parkinq yeri əvvəlcədən tutulub başqa maşınların sərbəst park etməsinə maneə yaradılarsa, 20 manat cərimə olunur.
- Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə 20 manat məbləğində cərimə edilir.
- Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurulması nəzərdə tutulan parklanma yerlərində digər nəqliyyat vasitələrinin park edilməsi 20 manat cərimə ilə nəticələnir.
- Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat məbləğində cərimə edilir.
- Yalnız dövlət orqanlarının (qurumlarının) istifadəsində olan, əməkdaşlarına məxsus və ya “D”, “T” və “FK” seriyalı dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitələri üçün olan xidməti parklanma yerlərində digər nəqliyyat vasitələrinin park etməsinə görə 40 manat cərimə tətbiq olunur.
Belə ki, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət nəqliyyat vasitəsi parklanma yerindən ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində çıxarılmadıqda yaranır.
2. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanıldıqda cərimə

İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə parklanma qaydaları pozulduğu üçün 20 manat məbləğində cərimə edilir.
3. Parklanma qaydasını pozmuş maşının duracağa (cərimə meydançasına) aparılması

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanıldıqda parklanma qaydaları pozulduğu üçün nəqliyyat vasitəsi müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ən yaxın mühafizə olunan duracağında saxlanılır.
Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart, internet və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır.
Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir
Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda “inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir.
Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə inzibati xəta istisna olmaqla, digər növ parklanma qaydalarının pozulmasını nəzərdə tutuan inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı halda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır.
İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur.
4. AzParking SMS

AzParking xidməti sürücülərə parklanma üçün ödənişi mobil telefon vasitəsilə SMS göndərərək etməyə imkan verir. Bu, xüsusilə mobil tətbiq yükləmək istəməyənlər üçün rahat üsuldur.
5. AzParkign SMS istifadə qaydası

Maşını park etdikdən sonra yaxınlıqda olan lövhədən parkinq sahəsinin kodunu və parklanma yerinin nömrəsini oxuyun. 1181 nömrəsinə SMS göndərin. Mesaj belə olmalıdır:
“00XX000-00000-00”
Burada:
- “00XX000” – maşının nömrəsi;
- “00000” – parklanma sahəsinin kodu;
- “00” – parklanma yerinin nömrəsi.
Parklanmanı bitirəndə 1181 nömrəsinə “SON” yazıb göndərin.
6. AzParking qiymətləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş cədvələ əsasən, parklanma üçün ödəniləcək məbləğ şəhərlər və zonalar üzrə fərqlənir. Bu tariflərə ƏDV (Əlavə Dəyər Vergisi) daxildir. Parklanma ödənişi müəyyən edilmiş zonalara əsasən aparılır və ödənişsiz zonalarda avtomobil park edildikdə heç bir məbləğ tutulmur.
1. Bakı şəhəri
(“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)
- Mərkəz zonası -1 saat üçün 1.00 AZN
- Zona I – 1 saat üçün 0.70 AZN
- Zona II – 1 saat üçün 0.40 AZN
- Zona III – 1 saat üçün 0.30 AZN
- Zona IV – Ödənişsiz
2. Sumqayıt şəhəri
- Mərkəz zonası – 1 saat üçün 0.40 AZN
- Zona I – 1 saat üçün 0.20 AZN
- Zona II – Ödənişsiz
3. Gəncə şəhəri
- Mərkəz zonası – 1 saat üçün 0.40 AZN
- Zona I – 1 saat üçün 0.20 AZN
- Zona II – Ödənişsiz
4. Digər şəhər və rayonlar
Digər şəhər və rayonlarda parklanma ödənişsizdir.
7. AzParking qaynar xətt və əlaqə nömrəsi

AzParking qaynar xəttinə zəng etmək üçün 141-ə zəng etməlisiniz.
8. AzParking saatları pulsuz

- İlk 15 dəqiqə: Park etdikdən sonra ilk 15 dəqiqə ərzində ödəniş tələb olunmur.
- Gecə saatları: Saat 22:00-dan 07:00-a qədər parklanma pulsuzdur.
- Bazar günləri: Həftənin bazar günü boyunca bütün zonalarda parklanma tamamilə ödənişsizdir.
9. AzParking şikayət
Əsassız yazılmış parklanma qaydalarının pozulması üzrə cərimələrin silinməsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın