
İş yerində kamera quraşdırılması işçinin hüququnu pozurmu?
1. İş yerində müşahidə kamerasının olması işçinin hüququnu pozurmu?

Ümumiyyətlə, iş yerində kameraların quraşdırılması qanunla qadağan edilməmişdir. İş yerində kamera quraşdırılması birbaşa olaraq işçilərin hüququnun pozulması sayılmır. Kameranın quraşdırılması aşağıdakı hallarda hüquq pozuntusu hesab edilir və məsuliyyətə səbəb olur.
- Kameranın işçilərdən gizli quraşdırılması;
- İşçinin daimi və məqsədsiz izlənilməsi;
- Şəxsi söhbətlərin səsli yazılması ;
- gizli görüntü və səs yazan kamera vasitəsilə gizli səs yazısının əldə edilməsi;
- Görüntülərin başqa işçilər arasında və ya sosial şəbəkələrdə yayılması (paylaşılması);
- Görüntülərdən işçini alçaltmaq və ya təzyiq vasitəsi kimi istifadə edilməsi və s.
Konstitusiyanın 32-ci maddəsinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Habelə Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən 156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni əməllər: vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Kamera təhlükəsizlik, cinayətlərin qarşısının alınması və ya iş prosesinə nəzarət vasitəsi məqsədilə qoyulmalıdır.
İşçilərə kameranın mövcudluğu barədə əvvəlcədən məlumat verilməlidir.
Kameranın çəkdiyi sahə və məqsədi açıqlanmalıdır.
Aidiyyəti qurumlara və ya məhkəməyə ərizə, şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
2. İş yerində kamera

İş yerində gizli çəkiliş və müşahidə məqsədilə kamera quraşdırılması qadağandır. İşçinin davranışlarının daimi və gizli şəkildə izlənilməsi onun konstitusion hüququnun pozulması hesab olunur.
Belə ki, Konstitusiyanın 32-ci maddəsində qeyd edilir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Fərdi məlumatlar – “Fərdi məlumatlar haqqında” Qanuna əsasən şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatlardır. Video-görüntü materiallarını da həmin məlumatlara aid etmək olar.
Bu məlumatlar yalnız qanuni məqsədlərlə toplanmalı, işçi əvvəlcədən məlumatlandırılmalı və həmin məlumatların toplanmasına razılığı olmalıdır. Kameraların harada yerləşdiyi və hansı məqsədlə istifadə olunduğu bildirilməlidir.
İşçinin şəxsi məkanına aid sahələrdə kamera müşahidəsi qadağandır. Bu, şəxsi həyata müdaxilə hesab edilir, cinayət məsuliyyətinə səbəb ola bilər. Əgər gizli kamera quraşdırılıbsa, işçi məlumatlandırılmayıbsa və həmin kamera görüntülərində işçiyə qarşı təzyiq vasitəsi kimi istifadə edilirsə, işçi Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, müqaviləyə birtərəfli qaydada xitam verilməsini tələb edə bilər. Həmçinin işçi hüquq-mühafizə orqanlarına, Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət verə, habelə mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək üçün məhkəmədə iddia qaldıra bilər.
Müvafiq qurumlara ərizə və şikayətlərin hazırlanması, məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
3. Təhlükəsizlik kameraları haqqında qanun

Təhlükəsizlik kameraları yaşayış binalarında, həyətlərdə, mağazalarda, restoranlarda, ofislərdə, müəssisələrdə, küçə və digər ərazilərdə geniş istifadə olunur. Kameraların quraşdırılmasının əsas məqsədi əmlakın və insanların təhlükəsizliyini təmin etmək, inzibati xətaların, cinayətlərin qarşısını almaq və baş vermiş hadisələrin araşdırılmasına kömək etməkdir. Lakin kamera quraşdırılması şəxslərin şəxsi həyatına müdaxilə etməməlidir. Kameradan istifadə zamanı şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması kimi hallar nəzərə alınmalıdır.
Şəxsi evin qarşısına kamera qoymaq olarmı?
Şəxs öz evinin, obyektinin və ya əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə kamera quraşdıra bilər. Lakin kameranın çəkiliş bucağına diqqət edilməlidir. Məsələn, kamera əsasən şəxsin öz həyətini, giriş qapısını, qarajını və əmlakını müşahidə etməlidir. Kamera qonşunun evinin daxilini, həyətinin şəxsi hissəsini və ya şəxsi həyatına aid digər məkanları məqsədli şəkildə müşahidə etməməlidir. Əks halda bu hal məsuliyyətə səbəb ola bilər.
Qonşunu kameraya çəkmək qanunidirmi?
Kamera vasitəsilə qonşunun məqsədli şəkildə izlənilməsi cinayət məsuliyyətinə səbəb ola bilər.
Əgər kamera təhlükəsizlik məqsədilə quraşdırılıb və qonşu təsadüfən görüntüyə düşürsə, burada məsuliyyət yoxdur. Lakin kameranın əsas məqsədi qonşunun hərəkətlərini izləmək, onun evini, həyətini və şəxsi həyatını müşahidə etməkdirsə, bu hal Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Binanın girişində kamera quraşdırılması
Çoxmənzilli binalarda giriş, lift, dəhliz, həyət və digər ümumi sahələrdə təhlükəsizlik kameralarından istifadə edilə bilər.
Burada əsas məqsəd təhlükəsizliyin təmin olunması olmalıdır. Kamera vasitəsilə sakinlərin şəxsi həyatına dair məlumatların məqsədsiz toplanması və yayılması yolverilməzdir.
Mağaza və obyektlərdə kamera
Mağaza, restoran, ofis və digər ictimai iaşə obyektlərində təhlükəsizlik məqsədilə videomüşahidə aparılması qanunla yolveriləndir.
Lakin kamera müştərinin və ya işçinin şəxsi həyatına əsassız müdaxilə etməməlidir.
Tualet və soyunub-geyinmə otaqlarında kamera
Həmin yerlərdə müşahidə kameralarının quraşdırılması qadağandır.
Tualet, duş, soyunub-geyinmə otağı və şəxsin özünü rahat və məxfi hiss etməli olduğu digər məkanlarda kamera yerləşdirilməsi şəxsi həyatın toxunulmazlığı hüququnun pozuntusu kimi qiymətləndirilir.
Kamera görüntüsü sübut kimi istifadə edilə bilərmi?
Kamera görüntüsü məhkəmə və ya istintaq üçün əhəmiyyətli sübut olaraq mühüm əhəmiyyət daşıyır.
Kamera görüntüsü nə qədər müddət saxlanılır?
Bu, istifadə olunan kamera və qeydiyyat sistemindən asılıdır. Bir çox sistemlərdə yaddaş müəyyən müddət ərzində (24 saat, 30 gün və s) dolduqdan sonra köhnə görüntülərin üzərinə yeni görüntülər yazılır.
Ona görə də hüquqi mübahisə və ya hadisə baş veribsə, görüntünün mümkün qədər tez əldə edilməsi vacibdir.
Polis kamera görüntüsünü tələb edə bilərmi?
Hadisənin araşdırılması zamanı hüquq-mühafizə orqanları üçün kamera görüntüləri mühüm sübut əhəmiyyətinə malik ola bilər.
Əgər konkret hadisəni əks etdirən kamera görüntüsünün olduğu məlumdursa, həmin görüntünün iş materiallarına əlavə edilməsi və araşdırılması üçün tələb edilə bilər.
Təhlükəsizlik kamerasının məqsədi təhlükəsizliyi təmin etməkdir. Kamera sahibinə həmin görüntülərdən şəxsi təqib etmək, şantaj etmək, şəxsin nüfuzuna zərər vurmaq və ya görüntüləri məqsədsiz şəkildə yaymaq üçün istifadə etmək hüququ vermir.
İş yerində kamera
Əgər iş yerinizdə sizin görüntünüz qanunsuz çəkilirsə, hüquq-mühafizə orqanlarına, Dövlət Əmək Müfəttişliyinə, habelə məhkəməyə müraciət etmək hüququnuz vardır.
Hüquqlarınızın müdafiəsi üçün hüquq-mühafizə orqanlarına ərizə, şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
4. Müşahidə kameraları haqqında

Müşahidə kameraları nədir?
Müşahidə kameraları müəyyən ərazidə baş verən hadisələri, insanların və nəqliyyat vasitələrinin hərəkətini görüntü vasitəsilə izləmək və qeydə almaq üçün istifadə olunan texniki vasitələrdir. Bu kameralar əsasən təhlükəsizliyin təmin edilməsi, hüquqpozuntularının qarşısının alınması, əmlakın qorunması və baş vermiş hadisələrin sonradan araşdırılması məqsədilə quraşdırılır.
Müşahidə kameraları müxtəlif yerlərdə istifadə olunur:
- yaşayış evləri və həyətlərdə;
- yaşayış binalarında;
- mağaza və obyektlərdə;
- bank və digər qurumlarda;
- avtomobil dayanacaqlarında;
- küçə və yollarda;
- məktəb və digər müəssisələrdə;
- istehsal və iş yerlərində.
Kamera yalnız görüntünü canlı izləyə və ya görüntünü yaddaş qurğusunda qeydə alaraq sonradan izləməyə imkan verə bilər.
Məsələn, mağazanın qarşısında baş verən hadisə ilə bağlı kamera görüntüsü həmin hadisənin necə baş verdiyini müəyyənləşdirməyə kömək edə bilər.
Lakin müşahidə kamerasının mövcud olması insanların şəxsi həyatının istənilən formada izlənilməsi və görüntülərin sərbəst yayılması hüququ yaratmır. Kameradan istifadə zamanı şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması ilə bağlı tələblər də nəzərə alınmalıdır.
Belə ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, iş yerində kamera quraşdırılaraq heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
5. Video müşahidə kameraları

Video müşahidə kameraları müəyyən əraziləri real vaxt rejimində izləmək, görüntü qeydə almaq və təhlükəsizliyi təmin etmək üçün istifadə olunan elektron video sistemləridir. İş yerlərində video müşahidə kameralarının quraşdırılması qanunla qadağan edilmir. Lakin həmin kameralar iş yerlərində gizli olaraq yerləşdirildikdə, işçilərin məlumatı olmadan səslərini yazdıqda, habelə onlara qarşı təzyiq vasitəsi kimi istifadə edildikdə məsuliyyətə səbəb olur.
Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
6. Kamera quraşdırılması qaydası

İş yerində kamera quraşdırılması barədə işçilərə əvvəlcədən məlumat verilməlidir.
Konstitusiyanın 32-ci maddəsi razılıq olmadan şəxsi məlumatların toplanılmasını qadağan edir. Gizli çəkiliş aparılması, görüntlərin əldə edilməsi Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət məsuliyyət yaradır.
Sanitar qovşaqlar (tualetlər), soyunub-geyinmə otaqları və duş kabinələri kimi şəxsi həyatın toxunulmazlığı tələb olunan yerlərdə kameraların quraşdırılması qəti qadağandır.
Videomüşahidə əsasən əmlakın qorunması, təhlükəsizlik və istehsalat prosesinin izlənməsi məqsədilə aparılmalıdır. Parklarda, ticarət mərkəzlərində, məktəblərdə, kolleclərdə, biznes mərkəzlərində, ofislərdə, restoranlarda, otellərdə müşahidə kameralarının yerləşdirilməsi qanunidir.
Önəmli məsələlərdən biri də müşahidə kameraları ilə bağlı xəbərdarlıq elanlarının yerləşdirilməsidir. Qaydalara görə, əgər hər hansı obyektdə kamera varsa, vətəndaşlar bundan məlumatlı olmalıdırlar.
7. Səs yazan kameralar

İş yerində kamera və səs yazan kameraların xəbərdarlıq edilmədən və ya gizli şəkildə quraşdırılması, eləcə də bu məlumatların icazəsiz toplanması, yayılması şəxsi həyatın toxunulmazlığı hüququnu pozur və cinayət məsuliyyətinə səbəb olur. Hüququ pozulan işçi hüquq-mühafizə orqanlarına, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, habelə məhkəməyə müraciət etmək hüququna malikdir.
Ərizə, şikayətlərin hazırlanması, məhkəmə üçün iddia ərizələrinin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
8. Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə video nəzarət sistemlərinin yaradılması barədə

“Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə” Nazirlər Kabinetinin 6 iyul 2010-cu il Qərarına əsasən əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri aşağıdakı yerlərdə və obyektlərdə quraşdırılması qərara alınmışdır:
1. əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən:
parklarda, xiyabanlarda, meydanlarda, küçə və prospektlərdə, yeraltı keçidlərdə;
stadionlarda və idman arenalarında;
internet klublarının, sahəsi 100 kvadratmetr və daha çox olan iaşə müəssisələrinin, ticarət və əyləncə obyektlərinin, mehmanxanaların və digər qeyri-yaşayış binalarının, sahələrinin və obyektlərinin yaxınlığında;
məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığında;
2. obyektlərdə, o cümlədən:
nəqliyyat infrastrukturlarında:
yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda;
yol ötürücülərində və körpülərdə;
avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında;
dəmir yolu və metro stansiyalarında, platformalarında;
avtomobil dayanacaqlarında, sərnişin daşıyan nəqliyyat vasitələrinin parklarında və müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrində;
sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində;
yanacaqdoldurma məntəqələrində;
Azərbaycan Respublikasının icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında;
mövcud və tikilməkdə olan (mərtəbələrin sayı dörd və ya daha çox, iki və ya daha çox girişi olan) yaşayış binalarının yaxınlığında;
həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında;
mülkiyyət növündən asılı olmayaraq, bankların mərkəzi idarələrinin, filiallarının (şöbələrinin) və bank olmayan kredit təşkilatlarının ətrafında;
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binalarının ətrafında;
təhsil və tibb müəssisələrinin yaxınlığında;
bütün taksofon aparatlarının bilavasitə yaxınlığında.
Həmin Qərara əsasən yerli icra hakimiyyətlərinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə və həmin nazirlik tərəfindən müəyyən edilən müddətlərdə və yerlərdə bütün hüquqi və fiziki şəxslərin sifarişi ilə tikilib istifadəyə verilmiş və ya onların istifadəsində olan yanacaqdoldurma məntəqələrində, bankların mərkəzi idarələrində, filiallarında (şöbələrində) və bank olmayan kredit təşkilatlarında, çoxmənzilli (mərtəbələrin sayı dörd və ya daha çox olan) yaşayış binalarında, internet klublarında, sahəsi 100 kvadratmetr və daha çox olan iaşə müəssisələrində, ticarət və əyləncə obyektlərində, mehmanxanalarda, stadion və idman arenalarında, avtomobil dayanacaqlarında və digər qeyri-yaşayış binalarında, sahələrində və obyektlərində müvafiq texniki göstəricilərə malik videonəzarət sistemlərinin mülkiyyətçilərin (dövlət mülkiyyətinə aid obyektlər istisna olmaqla) maliyyə vəsaiti hesabına alınması və quraşdırılması təmin edilsin.
Dövlət mülkiyyətinə aid yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin alınması, quraşdırılması və saxlanılması ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu məqsədlər üçün müvafiq illər üzrə ayrılmış vəsait hesabına ödənilir.
Buradan aydın olur ki, iş yerində kamera, video-nəzarət vasitələrinin quraşdırılması məcburi deyil, lakin təhlükəsizliyin təmin olunması, nəzarətin həyata keçirilməsi baxımından kameraların quraşdırılması qanunauyğundur.
9. Hüquqi məsləhət

Əgər iş yerində kamera işçidən xəbərsiz quraşdırılıbsa, kameranın harada və hansı məqsədlə quraşdırılması aydınlaşdırılmalıdır.
Ümumən işəgötürənin təhlükəsizlik məqsədilə iş yerində kamera quraşdırması mümkün ola bilər. Lakin işçinin şəxsi həyatına müdaxilə, onun haqqında məlumatların qanunsuz toplanması və ya kameranın gizli şəkildə şəxsi məkanlarda istifadəsi məsuliyyətə səbəb olur.
- işçiyə kamera müşahidəsi barədə məlumat verilməyibsə;
- kamera səs də yazırsa;
- kamera soyunma otağı, sanitar qovşaq və digər şəxsi məkanlardadırsa;
- görüntülər qanuni əsas olmadan saxlanılır və ya üçüncü şəxslərə ötürülürsə işçi bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti, məhkəmə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
Pozulmuş hüquqlarınızın bərpasına hüquqi dəstək göstərilməsi, ərizələrin, şikayətlərin, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli
İstinadlar: Azərbaycan Respublikasının Konstitusiyası; Əmək Məcəlləsi; Cinayət Məcəlləsi; “Fərdi məlumatlar haqqında” Qanun; “Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə” Nazirlər Kabinetinin 6 iyul 2010-cu il Qərarına
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


