Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Borca pul vermisiniz, lakin geri qaytarılmır. Nə etmək olar?

1. Pul tələbi iddia

Bir çox hallarda vətəndaşlar borca pul versələr də, sonradan həmin pulu geri ala bilmirlər. Bir şəxs digər şəxsə həm şifahi, həm də yazılı müqavilə bağlamaqla borc verə bilər. Əgər borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu zaman tərəflər, yəni borcverən və borcalan notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlayırlar. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət nəzərdə tutulmamışdırsa, siz borcun qaytarılmasını istənilən vaxt tələb edə bilərsiniz.

Borcunuz qaytarılmadıqda pul tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edə bilərsiniz. İddia cavabdehin rəsmi qeydə alındığı yerin (qeydiyyatda olduğu yerin) məhkəməsinə verilir. Məhkəməyə müraciət üçün iddia müddəti 3 ildir. Tələbiniz qiymətləndirilən iddia tələbinə aid olduğuna görə iddia tələbi 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 1000 manatdan yuxarı olduqda isə dövlət rüsumunun məbləği də dəyişir.

Borc müqaviləsi şifahi qaydada bağlandıqda borcun verilməsini məhkəmədə votsap yazışmaları (mesajlar, səs yazıları), şahid ifadələri, borverən və borcalan arasında borcla bağlı hər hansı bir sənədlə sübut edə bilərsiniz. Əgər tərəflər arasında sadə yazılı qəbz imzalanıbsa, bu da sübut kimi qəbul edilə bilər. Lakin əgər borcu borcunu inkar edərsə, məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilməklə borc barədə məlumatların həqiqiliyi, düzgünlüyü, həm yazının, həm də imzanın borclu tərəfindən icra edilib edilmədiyi müəyyən edilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli plenumunun qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.

Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. 

Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

2. Borc müqaviləsi mülki məcəllə

Mülki qanunvericiliyin tələbinə əsasən borc müqavilə əsasında verilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Mülki Məcəllənin 740-cı maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

3. Pul alıb, qaytarmamaq

Borcalan borcu (həmçinin faizləri) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Borc məbləği borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur.

Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur.

Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

Borcalan aldığı borcu qaytarmadıqda bununla bağlı borcverən iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə həm əsas borcu, həm də faizləri tələb edə bilər.

4. Borca görə cinayət işi

Əgər borcalan sizi (borcverəni) aldadarsa, borcu geri qaytarmazsa, bu zaman borcun geri qaytarılması üçün ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz. Əgər həmin şəxsin əməlində dələduzluq cinayətinin tərkibi aşkarlanarsa və bu, sübuta yetirilərsə, o zaman borcalan cinayət məsuliyyətinə cəlb oluna bilər. Yox əgər sübuta yetirilməzsə, mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı tərəfdən borc məbləğini tələb edə bilərsiniz.

Əgər məhkəmə pul tələbinə dair iddianız üzrə iddia tələbinizi təmin edərsə, bununla bağlı qətnamə çıxarır və qətnamə qüvvəyə mindikdən sonra icraya yönəlir. Borclu şəxs həmin qətnaməni icra etməzsə, inzibati və cinayət məsuliyyəti daşıya bilər.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Bundan başqa Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

5. Borca görə məhkəmə

Borcalandan pulunuzu geri tələb etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Bunun üçün iddia müddəti 3 ildir. Məhkəmə üçün dövlət rüsumunun məbləği borc məbləğindən asılı olaraq dəyişir. Əgər tələb olunan borcun məbləği 1000 manatadək olarsa, dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddia borcalanın rəsmi qeydə alındığı yerin (qeydiyyat yeri üzrə) məhkəməsinə verilir.

İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla iddia ərizənizi özünüz hazırlaya bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button