Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
İnzibati hüquq

Avtoxuliqanlıq nədir və nə zaman məsuliyyət yaradır? – İXM 511

1.Avtoxuliqanlıq – 511-ci maddə nədir

İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsi sürücüsünün ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə yol verməsi avtoxuliqanlıq sayılır:

• Aşkar surətdə 2 və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi;

• Mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi;

• Mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması.

2.Avtoxuliqanlığa görə nəzərdə tutulan cəzalar – İXM 511.1-ci maddə

Avtoxuliqanlıq hesab olunan qeyd olunan əməllər üçün aşağıdakı cəzalar nəzərdə tutulur:

• Nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

• Nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

3.Avtoxuliqanlığın olması üçün mühim şərtlər

İlk öncə qeyd edək ki, yuxarıda qeyd olunan 3 haldan birinin olması əməlin avtoxuliqanlıq hesab olunması üçün kifayət etmir.

Yəni, əməlin avtoxuliqanlıq hesab olunması üçün mütləq qaydada 3 haldan hər hansı biri (məsələn sürət yarışı keçirmək) ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmalı, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlərə yol verməlidir. Əgər bu hallar birlikdə müşayiət olunmursa, əməl avtoxuliqanlıq hesab oluna bilməz.

4.İctimai qaydanın pozulması nədir

İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

5.Cəmiyyətə açıqca hörmətsizlik etmə nədir

Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.

6.Sürət yarışının izahı

Aşkar surətdə 2 və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi dedikdə burada qeyd olunan “aşkar” sözü böyük hüquqi əhəmiyyət kəsb edir.
Aşkar dedikdə mütləq qaydada şəxsin özü və digər şəxslər əməlin faktiki hüquq pozuntusu olduğunu dərk etməli, eləcə də bu aşkarlıq şübhə və təxminlərə (məsələn yol polisinin “sənin yarışdığını hiss etdim” və ya “səni yarışırmışsan kimi gördüm” ifadələri yolverilməzdir) əsaslanmamalıdır.

Konstitusiyanın 63-cü maddəsinin 2-ci bəndinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

Eləcə də, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

7.“Təkər qaldırmaqla” sürmək

Mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi dedikdə, el arasında “maşının iki təkər qaldırılması” başa düşülür.

Bu halda mütləq qaydada ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmalı, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlərə yol verməlidir. Əgər bu hallar birlikdə müşayiət olunmursa, əməl avtoxuliqanlıq hesab oluna bilməz.

8.Təkər İzi Buraxmaq

Mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması dedikdə, el arasında “zmeykalamaq” başa düşülür.
Bu halda mütləq qaydada ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmalı, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlərə yol verməlidir. Əgər bu hallar birlikdə müşayiət olunmursa, əməl avtoxuliqanlıq hesab oluna bilməz.

9.Cərimə meydançası

Avtoxuliqanlıq əməlinə görə nəqliyyat vasitəsi mühafizə olunan duracağa (cərimə meydançasına) aparıla bilməz. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparıla biləcəyi hallar İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində qeyd olunmuşdur. Bu qeyd olunan halların içərisində avtoxuliqanlıq yoxdur.

10.Protokol və Məhkəmə Prosesi

Avtoxuliqanlıq əməlinə görə protokol tərtib etmə səlahiyyəti DİN-nə(yol polisinə) məxsusdur.
Protokola baxmaq və inzibati həbs etmək səlahiyyəti yalnız rayon (şəhər) məhkəmələrinə məxsusdur.

Yol polisi sizi inzibati həbs edə bilməz. Yəni, yol polisi avtoxuliqanlıq etdiyinizi iddia edərək barənizdə protokol tərtib edirsə, ya sizi cəza hissəsində nəzərdə tutulan məbləğdə cərimə edə bilər, ya da inzibati həbs olunmağınıza dair əsas olduğunu düşündüyü halda protokolu baxılması üçün məhkəməyə göndərə bilər.

Lakin protokolun məhkəməyə yalnız həbs edilmək üçün göndəriləcəyini düşünməyiniz düzgün deyil. Məhkəmə sizin inzibati xəta törətmədiyiniz qənaətinə gələrsə, inzibati xətaya görə iş üzrə icraata xitam verə bilər və ya sizi cərimə, həbs edə bilər.

11.Sürücülük Hüququnun Məhdudlaşdırılması

Sürücülük hüququ cərimə və ya inzibati həbs edilməyinizdən asılı olmayaraq hər bir halda məhdudlaşdırılır.
Sürücülük hüququ məhdudlaşdırılan müddətin axımının başlaması və bitməsi üçün mütləq qaydada sürücülük hüququnu təsdiq edən sənəd orqana təhvil verilməlidir.

Yəni, sizin sürücülük hüququnuz 1 il müddətinə məhdudlaşdırılıbsa, həmin müddətin axımı və bitməsi üçün siz “pravanızı” polisə təhvil verməlisiniz. Müddət təhvil verilən andan hesablanır.

Təhvil verməsəniz müddət hesablanmayacaq və sürücülük hüququnuz məhdud qalacaqdır. Belə nəqliyyat vasitəsi idarə etdikdə isə özlüyündə inzibati məsuliyyət daşıyacaqsınız.

Sürücülərə bu cür hüquq pozuntularından çəkinməyi tövsiyyə edirik.

Hüquqşünas İlkin Əzimov

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

2 Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button