
İşçilərin məzuniyyətlə bağlı az bilinən hüquqları
1. Məzuniyyət nədir?

Məzuniyyət – işçinin müəyyən müddət ərzində istirahət etmək və əmək qabiliyyətini bərpa etmək üçün qanunla verilmiş hüququdur.
İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
2. Məzuniyyət hüququ nə vaxt yaranır?

İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.
İşçiyə 6 ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər.
İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
3. Məzuniyyət hüququ əmək məcəlləsi

Məzuniyyət hüququ ilə bağlı müddəalar Əmək Məcəlləsinin 110-146-cı maddələrində təsbit edilmişdir. Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
4. Məzuniyyətin növləri

Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:
a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
b) sosial məzuniyyət;
c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
ç) ödənişsiz məzuniyyət.
Belə ki, əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.
5. Məzuniyyət günlərinin sayı

Əmək məzuniyyətinin müddətləri Əmək Məcəlləsinin 114-121-ci maddələri ilə müəyyən olunur. Həmin maddələrdə əsasən, işçilərin əsas və əlavə məzuniyyətləri qeyd olunub.
Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.
- İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Müəyyən növ işçilərə isə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilir.
- Habelə, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə 6 təqvim günündən az olmayan əlavə məzuniyyətlər verilir.
- Əmək stajından asılı olaraq işçilərə:
- beş ildən on ilədək əmək stajı olduqda – 2 təqvim günü;
- on ildən on beş ilədək əmək stajı olduqda – 4 təqvim günü;
- Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Eyni zamanda, uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin həmin bu nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır.
- Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilir.
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə Əmək Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
- Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti – 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.
- Habelə, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
- Teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə əmək məzuniyyəti 42 təqvim günü, bilavasitə səhnəyə xidmət edən işçilərinə isə 35 təqvim günü müddətində verilir.
6. Əmək məcəlləsi məzuniyyət günləri

Əsas əmək məzuniyyəti – işçinin əmək müqaviləsində nəzərdə tutulmuş vəzifəsi üzrə hər il qanunla müəyyən edilmiş müddətdə istirahət hüququnu təmin edən ödənişli məzuniyyətdir.
Əsas əmək məzuniyyəti 21 təqvim günündən az olmamaqla verilir. 30 təqvim günü müddətində əsas məzuniyyət aşağıdakı kateqoriyalara şamil edilir:
- Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər;
- Məsul vəzifələrdə çalışan dövlət qulluqçuları, rəhbər şəxslər və mütəxəssislər;
- Təhsil müəssisələrinin rəhbər və inzibati-tədris heyəti;
- Təhsil və istehsalat sahəsində xüsusi vəzifə daşıyan şəxslər (metodistlər, ustalar, laborantlar və s.);
- Elmi dərəcəsi olmayan elmi işçilər;
- Həkimlər, orta tibb işçiləri və əczaçılar.
Əlavə məzuniyyətlər aşağıdakı hallarda tətbiq olunur:
- Əmək şəraitinə və funksiyalara görə: Yeraltı, zərərli və ağır işlərdə çalışanlara – ən azı 6 təqvim günü;
- Əmək stajına görə:
- 5 ildən 10 ilə qədər – 2 təqvim günü,
- 10 ildən 15 ilə qədər – 4 təqvim günü;
- Ailəli şəxslər üçün:
- 14 yaşınadək iki uşağı olanlara – 2 təqvim günü,
- Üç və daha çox uşağı, yaxud əlilliyi olan uşağı olanlara – 5 təqvim günü;
- Təhsil və elm sahəsində çalışanlara: 56 təqvim günü;
- İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə: Əlavə 5 təqvim günü;
- Yaşı 16-dan az olanlara 42 təqvim günü, 16-18 yaş arası olanlara 35 təqvim günü;
- Əlilliyi olan işçilərə: ən azı 42 təqvim günü;
- Vətən müharibəsi və digər dövlət mükafatlarına layiq görülən şəxslərə: 46 təqvim günündən az olmayaraq;
- Mədəniyyət və incəsənət sahəsi işçilərinə:
- Bədii və artist heyətinə – 42 təqvim günü,
- Səhnəyə xidmət edən işçilərə – 35 təqvim günü.
7. Məzuniyyət günlərinin hesablanması

Məzuniyyət günləri təqvim günləri ilə hesablanır (bura şənbə, bazar daxildir). Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Yəni işçi məzuniyyətdə olarkən həmin dövrə rəsmi bayram günləri düşərsə, bu günlər məzuniyyət müddətindən çıxılır və işçinin məzuniyyətinə əlavə olunur.
Əgər məzuniyyət dövründə xəstəlik vərəqəsi açılarsa və bu rəsmi təsdiqlənərsə, həmin günlər məzuniyyət müddətinə daxil edilmir və məzuniyyətin qalan hissəsi sonradan istifadə oluna bilər. Əmək məzuniyyəti hüququ ən azı 6 ay işləmiş işçiyə verilir (istisnalar var).
8. Məzuniyyətin hesablanması qaydası

İşçiyə məzuniyyət zamanı ödəniləcək əmək haqqı, bu hüququn hansı iş ili üçün təqdim edilməsindən asılı olmayaraq, məzuniyyətin başladığı tarixdən əvvəlki 12 təqvim ayı üzrə hesablanmış orta əmək haqqı əsasında müəyyən olunur. Əgər işçi müəssisədə hələ 12 tam ay çalışmayıbsa, bu halda onun işlədiyi dövr ərzindəki tam təqvim ayları əsas götürülür.
Orta əmək haqqının müəyyənləşdirilməsi üçün:
- Məzuniyyətdən əvvəlki 12 ayın ümumi əmək haqqı məbləği toplanır;
- Alınan rəqəm 12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən edilir;
- Daha sonra bu məbləğ 30,4 (bir ayda orta təqvim günü sayı) göstəricisinə bölünərək bir günlük əmək haqqı hesablanır;
- Bir günlük məbləğ işçiyə verilmiş məzuniyyətin təqvim günlərinin sayına vurulur.
Beləliklə, işçiyə ödəniləcək məzuniyyət pulu həm keçmiş dövrdə qazandığı gəlirə, həm də məzuniyyət günlərinin sayına uyğun şəkildə obyektiv hesablanır.
9. Məzuniyyət hesablanması kalkulyatoru

Bir işçi 2025-ci ilin aprel ayında 21 təqvim günü müddətinə əsas əmək məzuniyyətinə çıxır. Rəsmi aylıq əmək haqqısı da 1500 manatdır. Həmin işçinin 2024-cü ilin aprel ayından 2025-ci ilin mart ayına qədər (yəni məzuniyyətdən əvvəlki 12 təqvim ayı ərzində) qazandığı ümumi əmək haqqı 18,000 manat təşkil etmişdir.
Bu halda, işçiyə ödəniləcək məzuniyyət haqqı aşağıdakı qaydada hesablanır:
Əvvəlcə, 12 ay üzrə orta aylıq əmək haqqı müəyyən edilir:
- 18,000 manat ÷ 12 ay = 1,500 manat
Sonra bir günlük əmək haqqı hesablanır:
- 1,500 manat ÷ 30,4 (orta aylıq təqvim günü) ≈ 49,34 manat
Nəhayət, 21 günlük məzuniyyət üçün ümumi məbləğ hesablanır:
- 49,34 manat × 21 gün ≈ 1,036,14 manat
Nəticə olaraq, işçiyə 21 günlük məzuniyyət müddəti üçün 1,036,14 manat məbləğində məzuniyyət pulu ödənilməlidir.
10. Məzuniyyət ərizəsi necə yazılır?

Bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.
Əmək məzuniyyəti üçün ərizə yazarkən müəyyən olunmuş tələblərə əməl olunmalıdır. Ərizədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
Əvvəlcə ərizə müəssisə rəhbərinə (rəhbərin tam adı və vəzifəsi göstərilməklə) ünvanlanır. Daha sonra ərizə verən şəxs – yəni işçi öz adını və vəzifəsini qeyd edir.
Ərizənin əsas hissəsində məzuniyyətin növü (məsələn, illik əsas məzuniyyət, analıq məzuniyyəti və s.), məzuniyyətin müddəti və başlanma tarixi göstərilməlidir.
Sonda işçi öz tam adını və imzasını əlavə edir, eləcə də ərizənin yazıldığı tarix qeyd olunur.
Müəssisənin daxili qaydalarından asılı olaraq, məzuniyyət üçün ərizə kadrlar şöbəsinə şəxsən təqdim oluna və ya elektron informasiya sistemi vasitəsilə göndərilə bilər.
11. 21 gün məzuniyyət kimlərə verilir?

Konstitusiyanın 37-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin istirahət hüququ vardır.
Konstitusiyanın 37-ci maddəsinin 2-ci hissəsinə əsasən isə əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
Yəni işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
12. Kimlərə 30 gün məzuniyyət verilir?

Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:
- kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;
- məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;
- xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;
- təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;
- elmi dərəcəsi olmayan elmi işçilərə;
- həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
13. Analıq məzuniyyəti neçə gündür? Analıq məzuniyyəti müddəti

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
- normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
- doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
- iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).
14. Analıq məzuniyyəti əmək məcəlləsi

Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən qadın işçilərə hamiləlik və doğuş dövründə qanunla müəyyən edilmiş müddətlərdə ödənişli məzuniyyət verilir. Bu məzuniyyətin müddəti doğuşun normal və ya ağır keçməsindən, eləcə də bir və ya daha çox uşaq doğulmasından asılı olaraq dəyişir.
Normal doğuş zamanı işləyən qadınlara ümumilikdə 126 təqvim günü məzuniyyət verilir:
- 70 gün doğuşdan əvvəl,
- 56 gün doğuşdan sonra.
Əgər doğuş çətin olubsa və ya ana iki və ya daha çox uşaq dünyaya gətiribsə, doğuşdan sonrakı məzuniyyət 70 günə qədər artırılır və ümumi məzuniyyət müddəti daha uzun olur.
Kənd təsərrüfatında çalışan qadınlar üçün:
- Normal doğuş zamanı – 140 gün (70 gün doğuşdan əvvəl, 70 gün sonra);
- Çətin doğuş zamanı – 156 gün (70 gün doğuşdan əvvəl, 86 gün sonra);
- İki və daha çox uşaq doğulduqda – 180 gün (70 gün doğuşdan əvvəl, 110 gün sonra).
15. Analıq məzuniyyəti pulu

Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli,189 nömrəli qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən, analıq məzuniyyəti hesablanması zamanı işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı cəmi əmək haqqı 12 ayda olan iş günlərinin sayına bölünür, bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur.
Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.
16. Analıq məzuniyyəti hesablanması qaydası

Hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün bir iş gününə düşən orta gündəlik qazanc hesablanmalıdır.
Bunun üçün işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölmək lazımdır. Son 12 tam təqvim ayı ərzində iş günlərinin sayını hesablamaq üçün “İstehsalat təqvimindən” istifadə olunur.
Belə ki, son 12 aydakı cəmi əmək haqqı 12 ayda olan iş günlərinin sayına bölünür, bir iş gününə düşən qazanc tapılır. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərin sayına vurulur.
17. Uşağa görə əlavə məzuniyyət

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsində uşaqlı qadınların əlavə məzuniyyətlərinin müddətləri öz əksini tapıb.
Belə ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də eynilə əlavə məzuniyyət hüququ vardır.
18. Əmək şəraitinə görə əlavə məzuniyyət

Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir.
Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
19. Təhsil məzuniyyəti əmək məcəlləsi

Təhsil məzuniyyəti ilə bağlı müddəalar Əmək Məcəlləsinin 123-124-cü maddələrində təsbit olunub. Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən işləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri verilir:
- müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;
- dövlət imtahanlarını vermək üçün;
- diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.
20. Təhsil məzuniyyəti kimlərə verilir?

Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən təhsil məzuniyyəti aşağıdakı şəxslərə verilir:
- Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə;
- Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə;
- Peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə;
- Ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə.
21. Təhsil məzuniyyəti necə hesablanır?

Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən təhsil alan işçilər üçün məzuniyyət belə hesablanır:
Orta əmək haqqının müəyyənləşdirilməsi üçün:
- Məzuniyyətdən əvvəlki 12 ayın ümumi əmək haqqı məbləği toplanır;
- Alınan rəqəm 12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən edilir;
- Daha sonra bu məbləğ 30,4 (bir ayda orta təqvim günü sayı) göstəricisinə bölünərək bir günlük əmək haqqı hesablanır;
- Bir günlük məbləğ işçiyə verilmiş məzuniyyətin təqvim günlərinin sayına vurulur.
Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyanlar:
- 1-ci və 2-ci kurslarda – 30 təqvim günü,
- Sonrakı kurslarda – 40 təqvim günü,
- Dövlət imtahanları dövründə – 30 təqvim günü,
- Diplom işi yazıb müdafiə etmək üçün – 4 aya qədər məzuniyyət verilir.
Orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyanlar:
- 1-ci və 2-ci kurslarda – 20 təqvim günü,
- Sonrakı kurslarda – 30 təqvim günü,
- Dövlət imtahanları dövründə – 30 təqvim günü,
- Diplom işi üçün – 2 aya qədər məzuniyyət verilir.
Peşə təhsili müəssisələrində oxuyanlar:
- İmtahanlara hazırlaşmaq və vermək üçün – 30 təqvim günü.
Ümumtəhsil müəssisələrinin (məktəb) qiyabi qruplarında oxuyanlar:
- Buraxılış imtahanları üçün – 20 təqvim günü.
22. Qismən ödənişli sosial məzuniyyət

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.
23. Ödənişsiz məzuniyyət əmək məcəlləsi

Ödənişsiz məzuniyyətlə bağlı müddəalar Əmək Məcəlləsinin 128-130-cu maddələrində təsbitini tapıb. Belə ki, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Ödənişsiz məzuniyyət müddətində işçinin iş yeri (vəzifəsi) saxlanılır, lakin əmək məzuniyyətindən fərqli olaraq ona orta əmək haqqı ödənilmir.
Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda ödənişsiz məzuniyyət verilə bilər:
- Xroniki xəstə uşağa qulluq – 4 yaşınadək (valideynlərdən biri və ya ailə üzvü);
- Arvadı doğuşda olan kişiyə – 14 günədək;
- 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynə – 14 günədək;
- Əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək işçiyə – 1 ayadək;
- Müharibə iştirakçılarına – 14 günədək;
- Qarabağ müharibəsində yaralanmışlara – 14 günədək;
- İİV-lə yaşayan uşaq və ya əlilliyi olan uşaq böyüdənlərə – 14 günədək;
- Doktorantlara – 1 ayadək;
- Ali təhsil imtahanına gedənlərə – 14 günədək;
- Orta ixtisas imtahanına gedənlərə – 7 günədək;
- İxtira və səmərələşdirici təklif müəllifinə – 14 günədək;
- Ailənin xəstə üzvünə qulluq edənə – 14 günədək (tibb rəyi ilə);
- Əlilliyi olan uşaq böyüdənə – 14 günədək;
- Sosial və ailə məsələləri üçün – 7 günədək.
24. Ödənişsiz məzuniyyət ərizə forması

İşçinin yazdığı ödənişsiz məzuniyyət üçün ərizə forması özündə məzuniyyətin səbəb və müddətlərini əks etdirməlidir.
Ərizə yazarkən ilk olaraq məktubun hara ünvanlandığı qeyd olunur, yəni müəssisənin və rəhbərin adı yazılır. Daha sonra ərizəni yazan şəxsin adı və vəzifəsi göstərilir. Ardınca “Ərizə” başlığı yazılır.
Ərizənin mətnində Əmək Məcəlləsinin uyğun maddəsinə istinad edilərək, hansı səbəbdən məzuniyyət istəndiyi izah olunur. Daha sonra məzuniyyətin başlama tarixi və neçə gün davam edəcəyi göstərilir. Əgər səbəbə dair hər hansı sənəd varsa (məsələn, tibb müəssisəsinin rəyi), onun əlavə olunduğu da qeyd edilir. Ərizənin sonunda tarix yazılır.
25. Atalıq məzuniyyəti əmək məcəlləsi

Əmək qanunvericiliyində atalıq məzuniyyəti ayrıca göstərilməyib. Amma ata olan işçiyə həyat yoldaşı doğuşla bağlı məzuniyyətdə olduqda 14 təqvim günü, ailə və məişət məsələlərini həll etmək üçün isə 7 təqvim günü ödənişsiz məzuniyyət verilə bilər. Bu məzuniyyət işçinin yazılı ərizəsi əsasında ildə bir dəfə verilir.
Bundan əlavə, uşağın tərbiyəsi ilə bağlı xüsusi ödənişsiz məzuniyyətlər nəzərdə tutulmuşdur:
- tibbi rəy əsasında xroniki xəstəliklərdən əziyyət çəkən uşağın valideynlərindən birinə (bilavasitə uşağa qulluq edən digər ailə üzvünə) – uşaq 4 yaşına çatanadək;
- 16 yaşına çatmamış uşaqları olan qadınlara (tək valideynlərə, qəyyumlara, himayəçilərə) – 14 təqvim gününə qədər;
- insanın immunodefisiti virusu ilə yaşayan uşaqların, həmçinin məhdud imkanlı 18 yaşına çatmamış uşaqların valideynlərinə – 14 təqvim gününə qədər.
Əmək mübahisələri ilə bağlı hüquqi məsləhətlərin verilməsi, ərizə və iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın