Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Əmək hüququ

Əmək Məcəlləsində işçilərin az bilinən hüquqları

1. Əmək məcəlləsi – işçi hüquqları

Əmək məcəlləsində işçilər üçün yetəri qədər güzəştli hüquqlar var. Bəzən isə işçilər öz hüquqlarını bilmir deyə tələb edə və faydalana bilmirlər. Bugün Əmək Məcəlləsində işçilərin az bilinən hüquqlarından danışacayıq.

2. İşdən 1 saat tez çıxmaq – Qısaldılmış iş vaxtı

Qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.

Səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

Əmək Məcəlləsinə əsasən həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər, hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər, əmək şəraiti zərərli olan işlərdə,  habelə yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər  olan  əmək şəraitli iş yerlərində çalışan işçilər üçün 36 saatdan çox olmamaqla qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Aşağıdakı cədvəldə işçi kateqoriyaları və onlar üçün müəyyən edilən iş vaxtı normaları verilibdir:

İşçi kateqoriyasıQısaldılmış iş həftəsinin müddəti (saatla)
16 yaşınadək işçilər24 saat
16 yaşdan 18 yaşadək işçilər36 saat
1-ci, 2-ci qrup əlil olan işçilər36 saat
hamilə və yaşyarımadək uşağı olan qadınlar36 saat
3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər36 saat
əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər və
xüsusi xarakterli işlərdə çalışan işçilər
36 saat

3. Maaşın gecikməsi

Belə ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən, işəgötürənin təqsiri ucbatından əmək haqqının verilməsi gecikdirildikdə və bu hal  əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün ən azı əmək haqqının 1% məbləğində işçiyə ödənc verilməlidir.

Əgər ödənməzsə,  işçi Dövlət Əmək Müfəttişliyinə müraciət edə bilər. Müraciət ya poçtla yazılı qaydada, ya da e-sosial.az saytından elektron qaydada göndərilə bilər.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər xərclərin hesablanması və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək cərimə edilir.

4. Məzuniyyət günlərinin sayı – məzuniyyət şənbə bazar

Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən əmək məzuniyyəti dövrünə düşən iş günü hesab olunmayan bayram günləriməzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Lakin şənbə və bazar günləri məzuniyyətin təqvim günlərinin tərkibinə daxil edilir. Yəni məzuniyyət günləri hesablanarkən şənbə və bazar günləri də nəzərə alınır. Məzuniyyətin müddəti şənbə və bazar günlərinə mütənasib olaraq uzadılmır.

5. İşçini əvəzetmə zamanı maaşın hesablanması

Əmək Məcəlləsinə əsasən, iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.

Əgər siz əmək funksiyanızı yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini də əvəz edirsinizsə,  bu zaman sizə əvəz edilən işçinin vəzifə maaşı ilə sizin maaşınız arasındakı fərq ödənilir. Əvəz edilən işçinin vəzifə maaşı sizin maaşınızla  eyni və ya ondan az olduqda əmək haqqınıza əlavə müəyyən edilib verilir. Bu əlavə sizinlə işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

6. Məzuniyyət pulundan aliment tutula bilərmi?

Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli qərarına əsasən, uşaqlar üçün aliment valideynlərinin məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən, əmək haqlarından, əmək haqlarına bütün növ əlavə və mükafatlardan, xidmət illərinə görə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan və s. gəlirlərdən tutulur.

Bununla yanaşı, hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur.

7. Məzuniyyət pulu nə vaxt verilir?

Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün ödənilən məzuniyyət haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Əgər məzuniyyət haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, siz Əmək Məcəlləsinə əsasən, məzuniyyətin başlanma vaxtını məzuniyyət haqqının faktik olaraq verildiyi gündən hesablanmasını tələb edə bilərsiniz.

Əmək mübahisələri ilə bağlı hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button