
Prokurorluğa və vəkilliyə qəbulun qanunda izahı
1.Prokurorluq haqqında qanun
“Prokurorluq haqqında” Qanunun 2-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
Habelə, fövqəladə prokurorluqların, xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada prokurorluqların yaradılması qadağandır.
Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:
cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir; məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir; məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.
2.Prokurorluğa qəbul qaydaları
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini tənzimləyir. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (prokurorluq orqanlarında qulluq keçmə) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür.
2.1.Prokurorluğa qulluğa qəbulun şərtləri və qaydaları
Prokurorluğa qulluğa qəbul olunmaq üçün tələblər “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 29-cu maddəsinə əsasən prokuror, prokurorluğun müstəntiqi və əməliyyatçısı ali hüquq təhsilli, seçkilərdə iştirak etmək hüququna, prokuror, müstəntiq və ya əməliyyatçı vəzifələrinin yerinə yetirilməsi üçün zəruri peşə keyfiyyətlərinə malik və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları ola bilər.
Prokurorluğa işə aşağıdakılar qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror, prokurorluğun müstəntiqi və ya əməliyyatçısı adı ilə bir araya sığmayan hərəkətlərinə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan şəxslər Azərbaycan Respublikasının Baş prokuroruna müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər. Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Baş prokurorunun müəyyən etdiyi qaydada yoxlanılır.
Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən keçirlər. Müsabiqə ixtisas imtahanlarından və müsahibədən ibarətdir.
Prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun elm-tədris mərkəzində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər.
Prokurorluğa qulluğa qəbul əmrlə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir. Müsabiqədən müvəffəqiyyətlə keçmiş və prokurorluğa qulluğa qəbul edilmiş şəxslər “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələblərinə uyğun Dövlət bayrağı önündə and içir və andın mətnini imzalayırlar. Andiçmə qaydası Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir. Prokurorluğa işə bir qayda olaraq 30 yaşınadək şəxslər qəbul olunurlar.
3.Prokuror olmaq üçün nə etməli?
Ərazi və ya ixtisaslaşdırılmış prokuror vəzifəsinə, bir qayda olaraq, prokurorluq orqanlarında ən azı 5 il iş stajı olan şəxs təyin edilə bilər. Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Ərazi və ixtisaslaşdırılmış prokurorlar, bir qayda olaraq, eyni ərazi vahidlərinə iki dəfədən artıq təkrarən təyin edilə bilməzlər.
Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri, Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, ərazi və ixtisaslaşdırılmış prokuror vəzifələrinə 30 yaşına çatmış şəxslər təyin oluna bilər.
4.Prokuror maaşı
Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.
Prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir.
Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının 1,25 misli məbləğində vəzifə maaşına əlavə alırlar.
Azərbaycan Respublikasının Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər.
Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
5.Vəkillər və vəkillik fəaliyyəti haqqında qanun
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilib.
Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir.
5.1.Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir:
Azərbaycan Respublikasının Konstitusiyasına, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi;
vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi;
vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi.
Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər.
Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir.
6.Vəkil kimdir?
Vəkil Vəkillər Kollegiyası üzvlüyünə müəyyən edilmiş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxsdir.Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər.
Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir.
7.Vəkil maaşı
Vəkil maaşı vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilmiş haqqın məbləğindən ibarətdir. Həmin məbləğin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilə ödənilən haqqın məbləğindən 14 % dərəcə ilə gəlir vergisi, 2026-cı ilin yanvarın 1-dək gəlirlərinin (xərclər çıxılmaqla) 10 % miqdarında məcburi dövlət sosial sığorta haqqı, minimum aylıq əməkhaqqının 4 % icbari tibbi sığorta haqqı tutulur.
Bundan başqa regionlarda fəaliyyət göstərən vəkillər tərəfindən 50 manat, Kollegiyaya yeni qəbul olunmuş vəkillər üçün fəaliyyətlərinin ilk ilində 40 manat və Bakı şəhərində fəaliyyət göstərən vəkillər tərəfindən isə 60 manat məbləğində üzvlük haqqı ödənilir. Habelə, vəkillər tərəfindən tabe olduqları vəkil bürosundan asılı olaraq aylıq saxlama xərci (icarə haqqı) də tutulur.
Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkil dövlət hesabına təyin olunur. Dövlət hesabına təyin olunan vəkilə ödənilən haqqın məbləği hər iş saatı üçün 11 manat müəyyən edilib.
8.Vəkilliyə qəbul imtahanı
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində 3 ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında) icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs vəkil ola bilər.
Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə and içir. Vəkillərin səlahiyyətləri and içdiyi andan başlayır və vəkillər həmin vaxtdan vəkil reyestrinə daxil edilirlər. Vəkillər andın mətninə imza edir və bu sənəd vəkillərin şəxsi işində saxlanılır.
Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.
Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
8.1.Kimlər vəkil ola bilməz?
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli pozuntularına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.
Vəkillər bütün məhkəmə instansiyalarında və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində həyata keçirilən icraatlara buraxılırlar. Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.
Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır. Vəkil statusunu əldə etməmiş şəxs tərəfindən vəkil adından qanunsuz istifadə olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən vəkil adından qanunsuz istifadə inzibati məsuliyyət yaradır. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın