Səhvən başqasının kartına göndərilən pulu necə almaq olar?
1.Banka müraciət
Vətəndaşın öz bankı da pul köçürülən kartın hansı banka aid olduğunu müəyyən edib, həmin banka müraciət etməlidir ki, səhv ödəniş həyata keçirilib. Bundan sonra da həmin bank öz müştərisinə bildirməlidir ki, sizin kartınıza səhvən vəsait daxil olub
2.Bank sirri
Bank isə səhvən kartına pul köçürülən vətəndaşla bağlı qarşı tərəfə məlumat verə bilməz. Çünki bu, bank sirridir. Burada bütün məsuliyyət bankın üzərinə düşür. Bank həmin vətəndaşla əlaqə saxlayaraq, onun kartına başqa bir vətəndaşın pul köçürdüyü haqqında məlumatlandırır və pulun qaytarılmasını xahiş edir. Həmin şəxs öz xoşuna pulu qaytararsa, bank onu səhvən pul köçürən şəxsin kartına yönəldir. Amma həmin şəxs pulu qaytarmaya da bilər. Bank bu halda heç nə edə bilmir.
3.Əsassız varlanma
Mülki Məcəlləyə əsasən, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmək əsassız varlanma adlanır. Əsassız varlanma zamanı varlanan şəxs əsassız əldə olunmuş əmlakın geri qaytarılması öhdəliyi daşıyır.
4.Pulun geri qaytarılması
Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
-əldə edilənlərdən götürülən faydaya;
-əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Yəni, qanunvericiliyə əsasən səhvən kart hesabına pul köçürdüyünüz şəxs həmin pulu könüllü olaraq geri qaytarmaq istəmirsə, bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz.
5.Müraciət etmək üçün müddət
Onu da qeyd edək ki, məhkəməyə müraciət üçün iddia müddəti əsassız varlanma obyektini qaytarma hüququ məhrum olan şəxsə məlum olan vaxtdan iki il müddət təşkil edir.
6.Məhkəməyə müraciət
Kartına pul köçürülən şəxsi məhkəməyə vermək üçün həmin şəxsin şəxsi məlumatları lazımdır. Bunu vətəndaş əldə edə bilməz. Bu barədə də məhkəməyə müraciət olunub bankın üzərinə şəxsi məlumatların verilməsi öhdəliyi qoyulmalıdır.
8.Məhkəməyə müraciət rüsumu
Məhkəməyə müraciət üçün “Dövlət rüsumu haqqında qanun”-un 8-ci maddəsinə əsasən 1000 manatadək olan iddia üçün 30 manat rüsum tələb olunur. 1000 manatdan yuxarı məbləğin dövlət rüsumunu hesablamaq üçün olduğu zaman dövlət rüsumunun hesablanması kalkulyatorundan istifadə edə bilərsiniz.
9.Hüquqi yardım
Məhkəməyə iddia ərizəsi ilə müraciət olunmalıdır. İddia ərizəsi isə mövcud qanunvericiliyin müvafiq maddələrinə əsaslanmalıdır. Həm pulun tələb edilməsi, həm də bankın üzərinə məlumatların təqdim edilməsi öhdəliyinin qoyulması üçün iddia ərizəsinin yazılmasına görə hüquqşünas və vəkillərə müraciət etməyiniz tövsiyyə olunur.
10.Rüsumun geri qaytarılması
Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra əgər məhkəmə iddianızı qəbul edib, təmin edərsə ödənilən dövlət rüsumu və digər xərcləri də qarşı tərəfdən ala bilərsiniz. İddia ərizəsində bu hal əvvəlcədən qeyd olunmalıdır.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul