
Məhkəmədə ər-arvadın əmlak bölgüsü
1.Ər-arvadın ümumi birgə mülkiyyəti

Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən əmlak bölgüsü nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Belə ki, Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə:
- Hər birinin əmək fəaliyyəti, sahibkarlıq fəaliyyəti və intellektual fəaliyyəti nəticəsində qazandıqları gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödənişləri (məsələn, xəsarət və ya sağlamlıq problemlərinə görə ödənilən kompensasiyalar, maddi yardımlar və s.).
- Ər-arvadın ümumi gəlirləri hesabına əldə olunan daşınar və daşınmaz əmlak, qiymətli kağızlar, bank əmanətləri, kommersiya təşkilatlarında paylar və sair əmlak. Bu əmlakın ər-arvadın kimin adına rəsmiləşdirilməsindən və ya əmanətin kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə əldə olunmuş bütün əmlak daxildir.
2.Boşanma zamanı əmlak bölgüsü

Məhkəmə yolu ilə boşanma ilə eyni zamanda və ya boşanma prosesindən sonra məhkəmə birgə nikahdan olan uşaqların kimin himayəsində saxlanması, aliment kimi məsələlərlə yanaşı ər-arvadın birgə əmlakınının bölünməsi məsələsini də həll edə bilər.
Belə ki, Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
Ər-arvadın ümumi əmlakı onların qarşılıqlı razılığı ilə bölünə bilər. İstəsələr, bu razılaşmanı notariusda təsdiqləyə bilərlər. Əgər ər-arvad arasında razılaşma olmazsa, əmlak məhkəmə qaydasında bölünür.
Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi üçün ər-arvad 3 il ərzində məhkəməyə müraciət edə bilər.
Ailə Məcəlləsinin 36.4-cü maddəsinə əsasən məhkəmə əmlakı bölərkən, hər bir tərəfə hansı əmlakın düşdüyünü müəyyən edir. Əgər bir tərəfə verilən əmlak onun payından artıq olarsa, digər tərəfə bunun əvəzinə pul və ya başqa kompensasiya ödənilir.
Adətən ən çox mübahisə daşınmaz əmlak – torpaq sahəsi, ev, mənzil kimi əmlaklar üzərində olur. Əgər bu əmlak birgə nikah dövründə alınıbsa, boşandıqdan sonra hər iki tərəf öz payını ya birbaşa, ya da pul qarşılığında tələb edə bilər.
Habelə, Ailə Məcəlləsinin 36.6-cı maddəsinə əsasən isə yetkinlik yaşına çatmayan uşaqlar üçün alınmış əşyalar (geyim, ayaqqabı, məktəb ləvazimatları və s.) bölünmür və bu əşyalar uşaqlarla yaşayan valideynə verilir.
Bundan başqa, ümumi əmlakdan uşaqların adına qoyulan əmanətlər də bölünmür və birbaşa uşaqların mülkiyyəti sayılır.
3.Əmlak bölgüsü zamanı mediasiya prosesi

Əmlak bölgüsü ilə bağlı yaranan mübahisələr zamanı tərəflər məhkəməyə getmədən əvvəl mediasiya prosesinə müraciət edə bilərlər. Mediasiya tərəflərin qarşılıqlı razılığı əsasında, neytral vasitəçi – mediatorun köməyi ilə problemi məhkəməyə getmədən həll etmək üsuludur. Bu prosesdə tərəflər öz istəklərini sərbəst ifadə edir, şərtləri razılaşdırır və əldə olunan razılaşma yazılı şəkildə rəsmiləşdirilir. Əgər razılıq əldə olunarsa, bu sənəd məhkəmə qərarı kimi hüquqi qüvvəyə malik ola bilər.
4.Əmlak bölgüsü zamanı məhkəmə prosesi

Əmlak bölgüsü zamanı tərəflər mediasiyada razılığa gələ bilmədikdə, məsələ məhkəməyə çıxarılır. Tərəflərdən biri məhkəməyə iddia ərizəsi ilə müraciət edir və proses başlanır. Həmçinin, boşanma zamanı da əmlak bölgüsünü tələb olaraq qoya bilərsiniz. Məhkəmə, işə baxarkən əmlakın yaranma şəraitini, tərəflərin hər birinin əmlaka verdiyi töhfəni, tərəflərin ailə vəziyyətini və maddi imkanlarını nəzərə alır. Əmlak, adətən bərabər bölünsə də, bəzi hallarda bu bölgü fərqli ola bilər. Əmlakın dəyəri müəyyən edilir, zəruri hallarda ekspertiza təyin olunur. Sonda məhkəmə bütün halları qiymətləndirərək ədalətli qərar qəbul edir və əmlakın necə bölünəcəyinə qərar verir.
5.Əmlak bölgüsü üçün rüsumlar

Əmlak bölgüsü zamanı mediasiya rüsumu 60 manatdır. Lakin, əmlak bölgüsü üçün məhkəməyə müracət edərkən dövlət rüsumu 50 manatdır.
6.Nikahdan əvvəl əldə olunan əmlakın bölgüsü

Belə ki, Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər (bağışlama və.s) üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) və bölünmür. Habelə, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur və bölünmür.
7.Nikahdan sonra əldə olunan əmlakın bölgüsü

Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Nikahdan sonra əldə olunan və ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilən əmlak ər-arvad arasında razılaşma yoxdursa, məhkəmə qaydasında bölünür.
8.Nikahdan əvvəl ipoteka ilə alınmış evin bölgüsü

Əgər ev nikahdan əvvəl ipoteka ilə alınmış və kredit də şəxsin şəxsi vəsaitləri ilə ödənmişdirsə, bu əmlak tam şəkildə onun şəxsi əmlakı hesab olunur və bölgüyə daxil olmur. Lakin nikahdan sonra ipoteka borcu birgə vəsaitlərlə ödənilibsə (məsələn, hər iki tərəfin gəlirləri ilə), bu halda digər tərəf əmlakın dəyərinin artımına görə pay tələb edə bilər. Yəni evin özü deyil, evin dəyərinin artan hissəsi birgə mülkiyyətə çevrilə bilər.
9.Nikahdan sonra ipoteka ilə alınmış evin bölgüsü

Əgər ev nikahdan sonra ipoteka ilə alınıbsa və ipoteka krediti ər-arvadın birgə vəsaiti və ya birgə gəliri hesabına ödənilirsə, bu halda ev ailə əmlakı, yəni birgə mülkiyyət hesab olunur və bölünür.
10.Özbaşına tikintinin bölünməsi

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Ali Məhkəmənin Plenum Qərarına əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz.
11.Müqavilə əsasında alınmış evin bölünməsi

Çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərlə bağlı tərəflər (məsələn, ər-arvad) müqavilə bağlaya bilərlər. Bu müqavilə əsasən mənzilin mülkiyyətinə tam sahib olmaq üçün bir addımdır və gələcəkdə mülkiyyət hüququnun tanınması üçün əsas yaradır.
Yəni, baxmayaraq ki, mənzil hələ dövlət qeydiyyatına düşməyib, bu müqavilə tərəflərə müəyyən hüquqlar verir. Məsələn, mənzili istifadə etmək, gələcəkdə tam mülkiyyətçi olmaq və sair.
Beləki, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Ali Məhkəmənin Plenum Qərarına əsasən əgər ər-arvad arasında mübahisə çıxarsa, ər və ya arvad məhkəməyə müraciət edib deyə bilər ki, “bizim bağladığımız müqavilə əsasında mənim bu mənzildə payım var.”
Məhkəmə də həmin müqaviləni araşdıraraq qərar verə bilər ki, bu müqavilədən yaranmış hüquqda ər və arvadın hər birinin payı ayrıca müəyyən edilsin. Yəni, mənzilin sənədi olmasa da, ona dair bağlanmış müqavilə varsa, məhkəmə həmin müqaviləyə əsaslanıb ər və arvad arasında pay bölgüsü edə bilər.
12.Hədiyyə, bağışlama və miras yolu ilə ər və ya arvada keçən əmlakın bölgüsü

Belə ki, Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək və nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər (bağışlama və.s) üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) və bölünmür.
13.Cehiz və qızıl zinət əşyalarının bölünməsi

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olan zaman və ya nikah dövründə qadına hədiyyə şəklində, vərəsəlik qaydasında və ya hər hansı əvəzsiz əqd üzrə (bağışlama və.s) verilən cehiz və zinət əşyaları onun özünə məxsusdur və əmlak bölgüsünün predmeti qismində çıxış etmir. Lakin, zinət əşyaları nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilibsə ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir və bölünür.
14.Ər-arvadın şəxsi əmlakının birgə mülkiyyət hesab edilməsi

Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
15.Əmlak (daşınar, daşınmaz) bölünərkən nəzərə alınan digər hallar

Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər (50/50) hesab edilir. Lakin ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
16.Əmlak bölgüsü üçün iddia ərizəsi
Əmlak bölgüsü üçün iddia ərizəsinin hazırlanması ilə bağlı bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın