
Boşanma prosesi ilə bağlı bütün sualların cavabı
1. Məhkəmədə boşanma prosesi
Ailə Məcəlləsinin 17-ci maddəsində nəzərdə tutulmuş hallarda boşanma prosesi müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri) tərəfindən, 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə boşanma məhkəmə tərəfindən həyata keçirilir.
Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (və ya arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
Həmçinin, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması yenə məhkəmə qaydasında həyata keçirilir. Belə ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
2. Məhkəmə üçün elektron boşanma ərizəsi
Həmçinin, məhkəməyə elektron qaydada iddia ərizəsi ilə müraciət etməklə boşanma dedikdə, boşanma prosesi üçün lazım olan sənədlərin və elektron iddia ərizəsinin Elektron Məhkəmə Sistemində (e-mehkeme.gov.az) açılmış kabinetiniz vasitəsilə (Asan imza, SİMA və ya Elektron imza ilə) məhkəməyə göndərilməsi və məhkəmə qaydasında boşanmanın həyata keçirilməsi də nəzərdə tutulur.
3. Mediasiya boşanma zamanı
Mediasiya – tərəflər arasında yaranmış mübahisələrin neytral vasitəçi (mediasiyaçı) tərəfindən, qarşılıqlı razılaşma əsasında həll olunması prosesidir. Boşanma hallarında bu üsul tərəflərin məhkəməyə müraciət etmədən uşaq, əmlak bölgüsü, aliment və digər məsələlərdə ortaq qərara gəlməsinə şərait yaradır.
Mediasiya birbaşa nikahın pozulması səlahiyyətinə malik olmasa da, tərəflərin razılaşmasını hüquqi sənədə çevirərək bu sənədi məhkəməyə təqdim etmək imkanı yaradır. Beləliklə, tərəflər daha qısa zamanda, stresssiz və hörmət çərçivəsində boşanma prosesini başa vura bilirlər.
4. Boşanma prosesi uşaq varsa
Belə ki, Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (və ya arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
5. Boşanma zamanı uşağın qəyyumluğu məsələsi
Ailə Məcəlləsinə görə, uşaqların məhkəmə prosesində fikirlərini ifadə etmək hüququ vardır və bu, onların iştirak hüququnun bir hissəsidir. Əgər bu, uşağın maraqlarına zidd deyilsə, 10 yaşına çatmış uşağın fikri hökmən nəzərə alınmalıdır.
Lakin Ali Məhkəmənin Plenum qərarına əsasən, 10 yaşlı uşağın fikri onun bir valideyndən alınıb digərinə verilməsi üçün təkbaşına əsas sayıla bilməz. Məhkəmə hər bir konkret halı fərdi olaraq qiymətləndirməli, qəyyumluq orqanlarının rəyini və uşağın ən yüksək mənafelərini əsas götürərək qərar qəbul etməlidir.
6. ASAN Xidmət boşanma prosesi
Belə ki, Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri ) xitam verilə bilər.
Lakin yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:
- ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
- ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
7. ASAN Xidmətə online boşanma ərizəsi
Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən tərəflərin uşağı olmazsa və hər iki tərəf boşanmağa razı olarsa “Elektron hökumət” ( e-gov.az) portalı üzərindən müraciət edərək ASAN Xidmət vasitəsilə (qeydiyyat şöbələri) boşanmaq mümkündür.
Belə ki, ilk öncə e-gov.az saytına daxil olaraq müraciətlər bölməsinə daxil olmalı, daha sonra açılan pəncərədə Ədliyyə Nazirliyini seçib nikahın pozulması üçün elektron müraciət hissəsinə daxil olursuz. Açılan pəncərədə verilən məlumatları daxil edərək elektron müraciət edərək boşanma üçün elektron müraciət etmiş olursunuz. Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir.
8. Online boşanma ərizəsi
Elektron boşanma ərizəsi həm məhkəməyə, həm də ASAN xidmətə verilə bilər. Belə ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (və ya arvad) nikahın pozulmasına razı olmadıqda nikah boşanma üçün lazım olan sənədlərin və elektron iddia ərizəsinin Elektron Məhkəmə Sistemində (e-mehkeme.gov.az) açılmış kabinetiniz vasitəsilə (Asan imza, SİMA və ya Elektron imza ilə) məhkəməyə müraciət edilərəkilərəa pozulur.
Tərəflərin uşağı olmazsa və hər iki tərəf boşanmağa razı olarsa “Elektron hökumət” ( e-gov.az) portalı üzərindən müraciət edərək ASAN Xidmət vasitəsilə (qeydiyyat şöbələri) boşanmaq da mümkündür.
9. Online boşanma
Ailə Məcəlləsinə əsasən tərəflərin uşağı olmazsa və hər iki tərəf boşanmağa razı olarsa, boşanma ASAN xidmət (qeydiyyat şöbəsi) vasitəsilə elektron qaydada qeydiyyat orqanlarında həyata keçirilə bilər. Bu zaman tərəflər “Elektron hökumət” ( e-gov.az) portalı üzərindən müraciət edərək prosesi başlada bilirlər.
10. Tək tərəfli boşanma
Əgər ər-arvad arasında nikahın pozulması barədə razılıq yoxdursa, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 20-ci maddəsinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmazsa və ya hər hansı bir şəkildə buna etiraz bildirərsə, məhkəmə ər və arvadın barışması üçün 3 ay müddətində müəyyən etməklə, işi təxirə sala bilər. 3 ay sonra tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə, nikaha məhkəmədə xitam verilir.
11. Boşanma zamanı qadının hüquqları
Boşanma prosesi yalnız nikahın hüquqi cəhətdən bitməsi deyil, həm də tərəflərin maddi və qeyri-maddi hüquqlarının müəyyənləşdirilməsi mərhələsidir. Azərbaycan qanunvericiliyinə əsasən, həm qadın, həm də kişi boşanma zamanı bərabər hüquqlara malikdirlər. Əmlak bölgüsü məsələsində nikah dövründə əldə olunan əmlak ümumi mülkiyyət sayılır və adətən bərabər bölünür.
Hər iki tərəf bu bölüşdürməyə dair razılaşma əldə edə bilmədikdə, məhkəmə qərar verir. Uşağın qəyyumluğu məsələsində isə əsas meyar valideynin deyil, uşağın maraqlarıdır. Uşaq adətən anaya verilsə də, bu avtomatik olaraq baş vermir. Hər iki tərəfin maddi durumu, yaşayış şəraiti və uşağa münasibəti nəzərə alınaraq qərar verilir. Aliment hüququ da hər iki tərəf üçün keçərlidir. Əgər uşaq ananın yanında qalırsa, ata aliment ödəyir. Lakin əks halda da ana aliment ödəməyə borclu ola bilər.
Qadının hüquqları, xüsusilə hamiləlik və doğuşdan sonrakı dövrdə əlavə müdafiə altındadır. Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınla boşanma yalnız onun razılığı ilə mümkündür. Ünsiyyət hüququna gəldikdə isə, uşaqla yaşamayan valideynin onunla görüşmək, əlaqə saxlamaq və münasibət qurmaq hüququ qorunur. Bu hüquq həm kişiyə, həm də qadına bərabər şəkildə aiddir və məhkəmə tərəfindən müdafiə olunur.
Ümumilikdə, qanun hər iki tərəfin hüquqlarını bərabər şəkildə qorumağa çalışsa da, praktiki hallarda bu hüquqların təminatı üçün peşəkar hüquqi yardım almaq daha tövsiyə olunandır.
12. Mediasiya üçün rüsum
Boşanma prosesi zamanı mediasiya üçün rüsumun məbləği 60 manat təşkil edir.
13. Boşanma ərizəsi dövlət rüsumu
Boşanma prosesi üçün məhkəmə üzrə dövlət rüsumunun məbləği 50 manat təşkil edir.
14. Boşanma üçün lazım olan sənədlər
Boşanma prosesi üçün lazım olan sənədlər bunlardır:
- Nikah haqqında şəhadətnamənin əsli
- Tərəflərin şəxsiyyət vəsiqələri
- Uşaq varsa, onun doğum haqqında şəhadətnaməsinin əsli
- Dövlət rüsumunun ödənildiyinə dair qəbz
- Mediasiya haqqında arayış
15. Boşanma ərizəsi necə verilir?
Boşanma prosesi üçün məhkəməyə müraciət edərkən iddia ərizəsi hazırlanmalıdır. İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilər və ya Erizem.az platformasından ərizənizi özünüz hazırlaya bilərsiniz.
Hüquqşünas Gültac Əsgərova
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın