
Doğum haqqında şəhadətnamə – Metirka almaq üçün müraciət qaydası – Asan xidmət və Məhkəmə
1. Asan Xidmətə müraciət
Doğum haqqında şəhadətnamənin ilk dəfə və təkrar alınması üçün Asan xidmət mərkəzlərinə, onlayn əldə etmək üçün isə mygov portalından müraciət edə bilərsiniz. Asan xidmət imtina verdikdə isə məhkəməyə müraciət olunmalıdır.
1.1 Zəruri olan sənədlərin siyahısı
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Valideynlərin nikah haqqında şəhadətnaməsi;
- Valideynlərin doğum haqqında şəhadətnaməsi;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (Forma 103);
- Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
- Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
- Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
- Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
- Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
1.2 İştirak etməli olan şəxslərin siyahısı
Valideynlər və ya onlardan biri;
Valideynlər müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər;
Doğumun qeydə alınması üçün nəzərdə tutulmuş müddət (1 ay) keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər.
1.3 Dövlət rüsumunun məbləği
Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
1.4 Məsuliyyət
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir.
1.5 Doğum haqqında şəhadətnamə neçə günə verilir?
Ədliyyə Nazirliyinin “Doğum haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə Qərarına əsasən İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 1 iş günü müddətində icra edilir.
2. Mygov portalı ilə onlayn müraciət
Mygov proqramını telefonunuza play store və app storedən yükləyərək onlayn qaydada doğum faktının qeydə alınması üçün müraciət edə bilərsiniz.
2.1 Doğum haqqında şəhadətnamənin alınması üçün kim müraciət etməlidir?
Yalnız rəsmi nikahda olan valideynlər (ata və ya ana) və ya onlardan biri, rəsmi nikah olmadıqda ana, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, vəfat etdikdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.
2.2 Uşağın anadan olmasına görə birdəfəlik müavinət
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 500 manat təşkil edir. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə Dövlət Sosial Müdafiə Fondu-nun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” nəzərdə tutulmuş qaydada müraciət edildikdə veriləcək.
3. Məhkəməyə müraciət
Doğum haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi halda vətəndaş doğum faktının müəyyə edilməsi üçün məhkəməyə müraciət etməlidir.
3.1 Doğum haqqında şəhadətnamə üçün məhkəmə rüsumu
Dövlət rüsumu haqqında qanunun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu nəzərdə tutulur.
3.2 Məhkəməyə müraciət qaydası
Məhkəməyə imtina verən inzibati orqanın yerləşdiyi ərazi üzrə müraciət edilməlidir. Müraciət iddia ərizəsi ilə olmalıdır. İddia ərizəsində faktiki və hüquqi hallar qeyd olunmalıdır. İddia ərizəsini özünüz hazırlaya bilmirsinizsə, hüquqşünas və vəkillərə müraciət edə bilərsiniz.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul