
Yaşayış yeri üzrə qeydiyyata düşməyin qaydaları
1. Şəxsin yaşayış yeri və olduğu yer hara hesab olunur?

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla bağlı suallarınızın cavablandırılması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
2. Müvəqqəti qeydiyyata necə düşmək olar?

Belə ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.
Vətəndaşın müvəqqəti qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.
3. Qeydiyyata düşmək üçün rüsum

Müvəqqəti qeydiyyata düşmək üçün dövlət rüsumu yoxdur.
4. Yaşayış yerinə qeydiyyata düşmək asan xidmət

Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən (Əsasnamənin 2-ci maddəsinə əsasən) əlavə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.
Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınmalıdır. Bu zaman ASAN Xidmətdə “Şəxsiyyət vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi” pəncərəsinə yaxınlaşaraq (Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
1) şəxsiyyət vəsiqəsi;
2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Şəxs yaşayış yerini dəyişdirdikdə onun şəxsiyyət vəsiqəsi də dəyişdirilməlidir.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla bağlı hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
5. Müvəqqəti qeydiyyata düşmək online

Azərbaycan Respublikası vətəndaşları olduğu yer üzrə müvəqqəti (olduğu yer) qeydiyyata alınmaq üçün “E-Polis” mobil tətbiqi vasitəsilə onlayn müraciət edə bilərlər. Telefonunuza rəsmi “E-Polis” mobil tətbiqini yükləyin və qeydiyyatdan keçin.
Tətbiq daxilində olduğu yer üzrə qeydiyyatla bağlı müvafiq elektron xidmət bölməsinə daxil olun. Tələb olunan məlumatları və ünvanı qeyd edərək müraciətinizi elektron şəkildə göndərin. Müvəqqəti qeydiyyat üçün rüsum tələbi yoxdur.
Əgər qeydiyyata düşmək istəsəniz, lakin sizi qeydiyyata almalı qurum qeydiyyata almaqdan əsassız olaraq imtina edərsə, məhkəməyə müraciət hüququnuz vardır.
Məhkəməyə iddia ərizələrinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
6. Mənzilə qeydiyyata düşmək

Mənzilə qeydiyyata düşmək üçün vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Evinin çıxarışı olmayanlar belə, evə dair ilkin müvafiq sənədləri təqdim etməklə qeydiyyata düşə bilərlər.
Bunun üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Şəxsiyyət vəsiqəsi (vətəndaşın özünün)
- Mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış / kupça, order, icarə müqaviləsi və ya mülkiyyətçinin notariat qaydasında təsdiqlənmiş razılıq ərizəsi)
- Yaşayış sahəsinə köçməyə əsas verən sənəd və ya mülkiyyətçinin razılığı.
Mülkiyyətçi vətəndaşın mənzilə qeydiyyata düşməsinə razılığı “mobil notariat” tətbiqi üzərindən verə bilər.
7. Polisə qeydiyyata düşmək

“Vətəndaş iki halda ASAN Xidmət Mərkəzinə müraciət edərək yaşadığı yer üzrə qeydiyyata düşə bilər. Birinci hal ondan ibarətdir ki, vətəndaşın evi olmalıdır. Əgər vətəndaşın mənzili yoxdursa, o, kirayə qaldığı mənzilin sahibinin, yaxud da qohumunun razılığı əsasında onların mənzilinə qeydiyyata düşə bilər. Ümumiyyətlə, qeydiyyata düşmək mümkün olmadığı halda polis orqanlarına qeydiyyata düşmək üçün həmin orqana müraciət etmək olar.
Vətəndaşın hər hansı bir mənzilə və ya fərdi yaşayış evinə qeydiyyata düşməsi mütləqdir. Çünki hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliklər meydana gəlir. Əgər vətəndaş polisdə qeydiyyatdadırsa, yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.
8. Vətəndaşların olduğu yer üzrə qeydiyyata alınması üçün elektron müraciət

Vətəndaşlar olduğu yer üzrə qeydiyyata alınmaq üçün “E-Polis” mobil tətbiqi vasitəsilə elektron müraciət edə bilərlər. Bunun üçün “E-Polis” tətbiqini mobil telefonunuza “App Store” və ya “Google Play” mağazalarından yükləyin. Tətbiqə daxil olduqdan sonra “Vətəndaşın olduğu yer üzrə qeydiyyat” bölməsini seçin. Tələb olunan müvafiq məlumatları və ünvan detallarını formaya daxil edərək müraciətinizi tamamlayın.
Belə ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində olduğu yer üzrə qeydiyyata almalıdır.
9. Yaşayış yeri haqqında qanun

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun 4 aprel 1996-cı ildə qəbul edilmiş, sonrakı ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. 15 maddədən ibarətdir.
Həmin Qanuna əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
10. Evə qeydiyyata düşmək asan xidmət

Öz evinizə və ya başqasının evinə qeydiyyata düşmək üçün ASAN Xidmət Mərkəzinə və ya DİN-nin pasport-qeydiyyat qurumlarına müraciət edə bilərsiniz.
Öz evinizə qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəniz, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim edilməlidir.
Başqa şəxsin evinə qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəniz, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qeydiyyata düşmək üçün dövlət rüsumu tələb edilmir.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla bağlı suallarınızın cavablandırılması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
11. Olduğu yer üzrə qeydiyyat online

Olduğu yer üzrə qeydiyyatı vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan həyata keçirilir. Əgər Azərbaycan Respublikası vətəndaşı yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyirsə, 7 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Həmin Məcəllənin 21-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
1. viza əsasında gələnlər – vizada göstərilən qalma müddətinə;
2. viza tələb olunmayan qaydada gələnlər – 90 gün müddətinə.
Həmin şəxslərin qeydiyyatını Dövlət Miqrasiya Xidmətinin ərazi idarələrində və ya ASAN Xidmət Mərkəzlərində aparılır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Əgər olduğu yer üzrə qeydiyyatın aparılmasından əsassız olaraq imtina olunarsa, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnuz vardır.
Olduğu yer üzrə qeydiyyatla bağlı hüquqi məsləhət verilməsi, məhkəməyə iddia ərizəsini yazılması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
12. Müvəqqəti qeydiyyata düşmək rüsum

Şəxsin yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu nəzərdə tutulmur.
13. Yaşayış yeri üzrə müvəqqəti qeydiyyat

Şəxs yaşayış yeri üzrə daimi qeydiyyata, olduğu yer üzrə isə müvəqqəti qeydiyyata düşür. Habelə, şəxs həm yaşayış yerini, həm də olduğu yeri dəyişdirərək, başqa yerə qeydiyyata düşə bilər.
Yaşayış yeri üzrə vətəndaş həm özünün, həm də başqasının yaşayış sahəsinə qeydiyyata düşə bilər.
Bunun üçün aşağıdakı sənədlər lazımdır:
1) şəxsiyyət vəsiqəsi
2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket ;
2) doğum haqqında şəhadətnamə;
3) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.
14. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında əsasnamə

Yaşayış yeri üzə olduğu yer üzrə qeydiyyatla bağlı qaydalar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi barədə Əsasnamə ilə tənzimlənir.
Həmin Əsasnaməyə əsasən də Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar.
15. Müvəqqəti qeydiyyat online

Bunun üçün vətəndaşlar “E-Polis” mobil tətbiqi vasitəsilə elektron müraciət edərək qeydiyyata düşə bilərlər.
16. Müvəqqəti qeydiyyata düşmək asan xidmət

İstər yaşayış yeri üzrə qeydiyyat, istərsə də olduğu yer üzrə qeydiyyata alınmaq üçün ASAN Xidmət Mərkəzinə müraciət etmək olar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.
17. Qeydiyyata düşmək üçün lazım olan sənədlər

Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə Daxili İşlər Nazirliyinin məsul əməkdaşı vətəndaşdan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir:
a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi;
v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd;
q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
18. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı

Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istədikdə həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməlidir:
şəxsiyyət vəsiqəsi;
vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket.
Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və ya digər belə ictimai yerlərə gələn vətəndaş olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket dolduraraq həmin yerin müdiriyyətinə verir. Müdiriyyət isə öz növbəsində həmin ərizə-anketi 24 saat ərzində Daxili İşlər Nazirliyinə (pasport-qeydiyyat qurumlarına) təqdim edir. Həmin qurum əlavə heç bir sənəd tələb etmədən həmin vətəndaşın qeydiyyatını aparır.
Mənzillə təmin olunmayan hərbi xidmətdə olan hərbi qulluqçular və onların ailə üzvləri mənzillə təmin olunana kimi hərbi hissənin yerləşdiyi yer üzrə qeydiyyata alınırlar.
Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmırlar.
Vətəndaş olduğu yerdən getdikdə qeydiyyatdan çıxarılır.
Olduğu yer üzrə qeydiyyatla bağlı suallarınızın cavablandırılması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
19. Olduğu yer üzrə qeydiyyat online

Olduğu yer üzrə onlayn qaydada qeydiyyata düşmək üçün “E-polis” mobil tətbiqindən istifadə edə bilərsiniz.
20. Yaşayış yeri üzrə qeydiyyata düşmək

Yaşayış yerini dəyişdirmiş vətəndaş 10 gündən gec olmayaraq qeydiyyata alınmalıdır. Bu halda vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket doldurur. Şəxsiyyət vəsiqəsi, hərbi bilet və ya təhkim şəhadətnaməsi, habelə qeydiyyata düşəcəyi fərdi yaşayış evinə və mənzilə dair sənədi təqdim etməlidir.
Vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınarkən hərbi biletini təqdim etmək imkanı olmadıqda o, əvvəllər yaşadığı yerin hərbi komissarlığı tərəfindən onun hərbi uçotda dayanıb-dayanmaması faktını təsdiq edən sənədi təqdim etməlidir.
Şəxs yalnız aşağıdakı hallarda yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır:
a) yaşayış yerini dəyişdikdə;
b) başqa ölkədə yaşayış yeri seçdikdə;
c) ömürlük azadlıqdan məhrum edildikdə;
ç) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə;
d) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə;
e) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə.
Qeydiyyata almaqdan əsassız olaraq şifahi və yazılı imtina edilməsindən, eləcə də vətəndaşlardan, vətəndaşlığı olmayan şəxslərdən, əcnəbilərdən Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əcnəbilər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Şikayət, ərizə, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
21. Evə qeydiyyata düşmək üçün sənədlər

Evə qeydiyyata düşmək üçün lazım olan sənədlər:
15 yaşına çatmış şəxslər üçün – şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
15 yaşına çatmamış şəxslər üçün:
15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);
2) doğum haqqında şəhadətnamə;
3) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.
Həmin sənədlər vətəndaşın qanuni nümayəndəsi tərəfindən təqdim olunur.
22. Daimi qeydiyyata düşmək

Vətəndaşları , əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar. Əks halda İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.
Belə ki, həmin Məcəllənin 563.1-ci maddəsinə əsasən vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir.
Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
23. Bakıda qeydiyyata düşmək

Bakıda yaşayış yeri üzrə qeydiyyata düşmək üçün vətəndaş yeni ünvanına gəldiyi tarixdən 10 gündən gec olmayaraq, olduğu yer üzrə qeydiyyata düşmək üçün isə 7 gündən gec olmayaraq qeydiyyata alınmalıdır. Bunun üçün dövlət rüsumu ödənilmir.
24. Sənədsiz evə qeydiyyata düşmək

Sənədsiz (kupçası və ya çıxarışı olmayan) evə birbaşa adi qaydada qeydiyyata düşmək mümkün deyil.
Əgər evin çıxarışı yoxdursa, lakin orada faktiki yaşayış hüququnu və ya mülkiyyət/istifadə hüququnu təsdiqləyən əsaslar varsa, məhkəmə qərarı əsasında həmin ünvana qeydiyyata alınmaq mümkündür. Bunun üçün evə dair ilkin sənədlərlə məhkəməyə iddia ərizəsi ilə müraciət olunmalıdır.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə peşəkar vəkil xidmətindən yararlanmaq üçün bizə müraciət edə bilərsiniz.
Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli
İstinadlar: İnzibati Xətalar Məcəlləsi; Miqrasiya Məcəlləsi;
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun;
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


