Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Uşağın xaricə aparılmasına icazə verilməsi qaydası

1. Uşağın xarici ölkəyə getməsinə icazənin verilməsi qaydası

Valideynlər ayrıldıqdan sonra aralarında yaranan əsas problemlərdən biri  də valideynlərdən birinin razılığı olmadan uşağın xaricə aparılması ilə bağlıdır. Belə ki, məhkəmə qaydasında uşaq (uşaqlar) bir valideynin himayəsinə verilibsə, uşağın xaricə aparılması üçün digər valideynin notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi lazımdır. Həmin razılıq verilmədikdə, iş məhkəmə qaydasında həll edilir.

Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan uşağın xaricə aparılması və ya ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur.

Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.

1.1. Mediasiaya Təşkilatına müraciət

Digər valideynin razılığı olmadan uşağın xaricə aparılması üçün ilkin olaraq mediasiya təşkilatına müraciət olunmalıdır.

Belə ki, uşağı xaricə aparmaq istəyən valideyn digər valideyndən notarial qaydada təsdiq edilmiş razılıq ala bilmədikdə, ilkin olaraq mediasiya prosesindən keçməlidir. Bunun üçün mediasiya xərci 60 manat təşkil edir. Mediasiyaya müraciət edən şəxs tərəfindən ödənilir.

1.2. Məhkəməyə iddia ərizəsi ilə müraciət

Əgər tərəflər arasında uşağın xaricə aparılması ilə bağlı razılıq olmadıqda, mediasiyaya müraciət edən tərəf mediasiya təşkilatından mediasiya arayışı götürməklə, “cavabdehin razılığı olmadan uşağın  yetkinlik yaşına çatanadək ölkədən getməsinə icazənin verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir.

Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarına əsasən uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir.

Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir.

1.3. Sübutetmə yükü

Uşağın xaricə aparılması iddiaları üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur.

Lakin himayəsində olduğu valideynlə uşağın xaricə aparılması məsələsinə etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Bu hal mütləq şəkildə sübuta yetirilməlidir.

İddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz.

Məhkəmə bu halda yuxarıda qeyd edilənlərdən fərqli olaraq, ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübut etmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər daha ciddi yoxlamadan keçirilməlidir.

Belə ki uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır.

Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir.

Odur ki, valideyni ilə birlikdə daimi əsaslarla uşağın xaricə aparılması onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübut etmə yükü də, məhz iddiaçının üzərinə düşür. 

İddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiq edilməlidir.

Onu da qeyd edək ki, cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Yəni uşaqla ünsiyyətə dair qətnamə mövcud olsa da, belə həmin valideynin razılığı olmadan uşağın xaricə aparılması mümkün ola bilər.

Uşağın xaricə aparılması işləri üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasını tələb edən hər hansı imperativ norma mövcud deyildir. Yəni bu tip işlərdə həmin qurumun rəyinin alınması məcburi deyil.

2. Valideyn icazə kağızı

Miqrasiya Məcəlləsinə əsasən uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Uşaq ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Uşağın xaricə aparılması barədə razılıq verilmədikdə, iş məhkəmə qaydasında həll edilir.

İddianın qaldırılmasınadək uşağın xaricə aparılması məsələsinə razılıq verməməsi, razılığın rəsmiləşdirilməsindən yayınması, yaxud da olduğu yeri müəyyənləşdirilməyin mümkünsüzlüyü sübuta yetirilən valideynin sonradan işə məhkəmədə baxılarkən notarial qaydada təsdiq edilmiş razılığını təqdim etməsi iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilməz.

Belə ki, həmin valideynin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsini sonradan ləğv etmə imkanının olduğu üçün bu hal qarşı tərəfi müdafiəsiz qoymaqla, hüquqlarının pozulması ilə nəticələnə bilər. Buna görə də mübahisəyə məhkəmədə baxıldığı vaxt uşağın xaricə aparılması üçün razılıq ərizəsinin təqdim edilməsi mahiyyət etibarı ilə iddianın tam və yaxud qismən etiraf edilməsi kimi qiymətləndirilməlidir.

3. Valideyn icazə kağızı necə yazılır?

Uşağın xaricə aparılması üçün digər valideynin notarial qaydasında təsdiq olunmuş razılıq ərizəsi tələb olunur. Həmin razılıq ərizəsinin verilməsi üçün ərazi üzrə istənilən notariat ofisinə yaxınlaşa və ya ASAN Xidmət Mərkəzinin tərkibində fəaliyyət göstərən notariusun xidmətlərindən istifadə edə bilərsiniz.

Razılıq ərizəsində uşağın xaricə aparılmasına razılıq verən valideyn onların Azərbaycan Respublikasından kənara istənilən xarici ölkəyə gedib qayıtmasına etiraz etmədiyini bildirir. Lakin bu razılıq ərizəsi istənilən zaman ləğv edilə bilər.

4. Uşağın xarici ölkəyə aparılması qaydaları

Digər valideynin razılığı olmadan uşağın xaricə aparılması üçün həmin valideynin notarial qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin razılıq olmadıqda bu məsələ məhkəmə qaydasında həll edilir.

Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. 

Valideynlər arasında uşağın xaricə aparılması ilə bağlı mediasiya prosesində razılıq əldə olunmazsa, iddia ərizəsi ilə məhkəməyə müraciət olunur.

4.1. İşə hansı məhkəmədə baxılmalıdır?

Uşağın xaricə aparılması işləri üzrə iddialar uşağın xaricə aparılmasına razılıq verməyən və yaxud razılığın rəsmiləşdirilməsindən yayınan digər valideynin rəsmi qeydə alındığı yer üzrə (qeydiyyat yeri üzrə), yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan valideynə münasibətdə isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müəyyənləşdirməli və həmin yer üzrə rayon (şəhər) məhkəmələrində baxılmalıdır.

Cavabdeh olan valideyn məhkəmə qərarı (hökmü) əsasında psixiatriya stasionarına, narokoloji-tibb müəssisələrinə məcburi yerləşdirilmiş, eləcə də azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə aid olduqda, onların müvəqqəti yaşadıqları yer həmin müəssisələr hesab edildiyindən, onlara qarşı tələblər həmin müəssisələrin yerləşdiyi yer üzrə məhkəmələrə verilməlidir.

4.2. İddia tələbi necə qoyulmalıdır?

Bu işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına-gətirilməsinə, getməsinə-gəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər.

Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. 

Həmin işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır.

4.3. Məhkəmədə kim iddia qaldıra bilər?

İddia qaldırmaq hüququna malik olan şəxslərin dairəsinə yalnız valideynlər və valideynlərə bərabər tutulan övladlığa götürənlər (əgər uşaq ər-arvad tərəfindən övladlığa götürülübsə) daxildirlər.

Miqrasiya Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada valideyn himayəsindən məhrum olmuş uşağın nənə, baba və ya digər qohumu və ya orqanın himayəsinə və yaxud qəyyumluğuna, o cümlədən bir nəfərin övladlığına verildiyi hallarda həmin şəxslərin özü ilə uşağı ölkədən çıxarması üçün hər hansı icazənin alınması tələb olunmur.

Uşaq yalnız təkbaşına getdiyi hallarda onların razılığı həmin şəxslərin razılığı lazımdır.  

Miqrasiya Məcəlləsinin 11.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktı və ya qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması halı olduqda yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) ölkədən valideynlərinin biri ilə getməsi üçün digər şəxsin razılığı tələb olunmur.

Yəni, qeyd olunan halları təsdiq edən sənədlərin olması uşağın bir valideynlə, həmin valideynin notariat qaydasında təsdiq edilmiş razılığının təqdim edildiyi halda isə tək gedə bilməsi üçün yetərlidir.

4.4. Digər valideynin uşaqla ünsiyyət hüququ barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi varsa, məsələ necə həll olunur?

Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz.

Uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır.

Ünsiyyətlə bağlı qanuni qüvvəsini almış qətnamənin mövcudluğu halında məhkəmələr qərarın qəbulu zamanı ilk növbədə uşaqların maraqlarını nəzərə almalı, valideyni ilə üsiyyətdən müəyyən müddətdə məhrum olacaqlarına səbəb olan səfərin onların tərbiyə və təhsili, fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına təsiri baxımından qiymətləndirməli, habelə ünsiyyət hüququ olan valideynin maraqları ilə uşağın mənafeləri arasındakı ədalətli balansı gözləməlidirlər.

Həmçinin nəzərə alınmalıdır ki, qanunverici yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi qaydasını tənzimləyərkən onlar arasında ayrı-seçkilik qoymamış, uşaqdan ayrı yaşayan valideynlə də ölkədən gedə bilməsi hüququnu istisna etməmişdir.

Ünsiyyət qaydasının (müddətinin) buna imkan vermədiyi halda, tərəfə bu məqsədlə ünsiyyət qaydasının dəyişdirilməsi ilə bağlı ərizə ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir.

Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, himayəsində olan valideyndən fərqli olaraq, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi ayrı yaşayan valideynin üzərinə düşür.

O da nəzərə alınmalıdır ki, ayrı yaşayan valideynin uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədilə əsaslandırdıqda, habelə qarşı tərəfin bunu sübuta yetirdiyi hallarda iddia rədd olunmalıdır.

Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. 

Əksər hallarda, məhkəmələr uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə xaricə aparılmasına dair iddiaları təmin edirlər.

5. Asan xidmət valideyn icazəsi

Uşağın xaricə aparılmasına razılıq verən valideyn bunun üçün istənilən ASAN Xidmət Mərkəzinə də yaxınlaşıb, bu barədə razılıq ərizəsini notariat qaydasında təsdiq etdirə bilər. Notariusun xidmətlərindən istifadə olunarkən xidmət haqqı da tutulur.

Digər valideyn öz razılıq ərizəsində uşağın istənilən xarici ölkəyə aparılmasına heç bir etirazının olmadığını qeyd edir və imzalayır.

6. Uşağı xarici ölkəyə aparılması

Yetkinlik yaşına çatmayan vətəndaş (uşaq) ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı mütləqdir. Belə bir razılıq olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Qeyd edək ki, burada məhkəmə qərarı dedikdə uşağın hansı valideynin yanında saxlanılmasına dair məhkəmə qətnaməsi başa düşülmür. Belə ki, əgər bir valideyn uşağın ölkədən xaricə aparılmasına notarial qaydada razılıq vermədikdə, bunun üçün ilk öncə mediasiya prosesindən keçmək lazımdır. Mediasiyada razılıq əldə edilmədikdə iddia ərizəsi ilə cavabdehin qeydiyyat yeri üzrə məhkəməyə müraciət olunur. İddia təmin edildikdə çıxarılan məhkəmə qətnaməsi də uşağın xaricə digər valideynin razılığı olmadan aparılması üçün əsas hesab olunur.

7. Miqrasiya Məcəlləsi

Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasının nizamlayarkən onların valideynləri ilə birlikdə və ya ayrı yaşaması faktını nəzərə almadan, universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir.

Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir. Yəni uşağın digər valideynin razılığı olmadan ölkədən xaricə aparılması üçün məhkəmə qətnaməsi olmalıdır. Odur ki, bu kateqoriya iddialara baxılarkən tələbin qanuni əsasını Miqrasiya Məcəlləsinin 11-ci maddəsinin təşkil etməsini nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsaəsən Miqrasiya Məcəlləsində yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi uşağın hansı valideynin yanında saxlanılmasına dair qətnaməni ehtiva etmir. Yəni uşağın xaricə aparılmasına icazənin verilməsi üçün ayrıca məhkəmə qətnaməsi çıxarılmalıdır.

8. Uşağın ölkədən çıxarılması iddia ərizəsi

Digər valideynin razılığı olmadan uşağın xaricə aparılması ilə bağlı işlər üzrə həm mediasiya, həm də məhkəməyə ərizə və iddia ərizələrinin hazırlanması, hüquqi məsləhətlər verilməsi üçün peşəkar hüquqi yardım lazımdır. Bunun üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olaraq şəxsi kabinet yaradaraq bununla bağlı ərizə və iddia ərizələrinizi özünüz hazırlaya bilərsiniz. 

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button