Korporativ hüququn tarixi
1. Korporativ hüququn yaranması
“Korporativ hüquq” ifadəsi dünyaya ABŞ təcrübəsindən yayılıb. ABŞ hüquq tədrisində “korporasiyalar” predmeti çərçivəsində MMC (LLC) və SC (corporation) öyrənilir.
2. Şirkətlər haqqında
“Korporasiya” ifadəsi ilə yanaşı Azərbaycanda istifadə olunan digər termin “şirkət”dir. Ərəb mənşəli ifadə olan şirkət “şirk” sözündən əmələ gəlib “ortaq”, “şərik” deməkdir. Azərbaycan qanunvericiliyində, əsasən, “cəmiyyət” ifadəsi istifadə olunur.
Müasir korporativ hüququn əsasını təşkil edən bir çox institutlar İngiltərə və ABŞ hüquq sistemləri tərəfindən qurulub. İngiltərədə şirkətlərin yaranması əvvəlcə yalnız Krallığın icazəsi ilə mümkün idi. Bu icazələr ilk növbədə ticarətlə məşğul olan şirkətlərə verilirdi. Uzun zaman ərzində “korporasiya” termini mahiyyətinə görə hüquqi şəxsin sinonimi kimi işlənirdi ki, onun da əsas əlamətlərinə ayrıca əmlaka malik olması, öz borclarına qarşı müstəqil cavabdehlik, korporasiyanın öz üzvləri ilə hüquqi münasibətlər qurmasının mümkünlüyü, eləcə də məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etməsi daxildir.
Şirkətlərin hüquqi təbiətini təşkil edən əsas nəzəriyyələrdən biri fiksiya nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən korporasiya (hüquqi şəxs) müvafiq hökumət tərəfindən yaradılmış fiktiv hüquqi şəxsiyyət (persona ficta) hesab olunur.
Fiksiya nəzəriyyəsi dünyada uzun müddət hakim mövqe tutaraq Avropa və ABŞ alimləri tərəfindən istifadə olunub. Belə ki, XIX əsrin əvvəllərinə aid olan “The Trustees of Dartmouth College v Woodward” işi üzrə ABŞ-ın Ali Məhkəməsinin qərarında korporasiyaya aşağıdakı tərif verilmişdir: “Korporasiya – gözlə görülməsi, hiss olunması mümkün olmayan və yalnız qanuni nöqteyi-nəzərdən mövcud olan süni təşkilatdır”.
ABŞ qanunlarına görə, korporasiyanın müasir tərifi onun “fiktiv” xüsusiyyətlərinə əsaslanır: ştat qanunları və ya ABŞ-ın federal qanunları ilə ərsəyə gələn və şəxslərin adi birləşməsindən ibarət olan süni təşkilata, hüquqi şəxsə korporasiya deyilir. Fərdi birləşmələrdən (təşkilatlardan) fərqli olaraq, burada fərdi (şəxsi) iştirak mütləq deyil. İştirak satıla və ya digər formada ötürülə bilər, üzvlər təşkilatın borclarına görə məsuliyyət daşımırlar, qərarlar səs çoxluğu ilə qəbul edilir və işlər təşkilatın adından həyata keçirilir. Beləliklə, korporasiyanı ümumi məqsədlərə nail olmaq üçün yaradılan kapitalların (maliyyə vəsaitləri) birləşməsi kimi qiymətləndirmək olar.
Hüquqşünas Xəlil Mahmudov
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul