Qanunvericilik

Ünvanlı sosial yardım üçün müraciət qaydası – Ətraflı izah

1. Ünvanlı dövlət sosial yardımı nədir?

Ünvanlı sosial yardım nədir?

Ünvanlı sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Bu məqalədə ünvanlı sosial yardımla bağlı bütün məlumatları öyrənə bilərsiniz.

2. Sosial yardım almaq hüququna malik ailələr

Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində ünvanlı sosial yardımı almaq hüququna malikdirlər:

  • Ailə üzvünün əmək qabiliyyətini itirməsi
  • Ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi
  • Ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması
  • Ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması
  • Ailə üzvünün vəfat etməsiAilə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi
  • Ailə üzvünün azadlıqdan məhrum edilməsi
  • Ailə üzvünün olduğu yerin məlum olmaması

3. Anlayışlar

Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

3.1. Ehtiyac meyarı nədir?

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq Ünvanlı sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd.

Qeyd: 2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı alimentin və ehtiyac meyarının həddi müəyyən edilmişdir. Ehtiyac meyarının həddi 2025-ci il üzrə 285 manat məbləğində təsdiq edilmişdir.

3.2. Sosial yardımın təyin edilməsi məqsədləri üçün ailə anlayışı

Qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.

3.3. Ailənin gəlirləri

Ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu.

Qeyd: Ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:

  • vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;
  • təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);
  • ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət);
  • ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.

3.4. Ailənin orta aylıq gəliri

Ailənin gəlirinin orta aylıq göstəricisi.

Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır.

3.5. Aztəminatlı ailə kimdir?

Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə.

4. Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət qaydası

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) ünvanlı sosial yardımın alınması üçün müraciət edə bilər. Müraciət etmək üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı ailə üzvlərinin razılığı əsasında notarius tərəfindən təsdiq edilərək təmsilçilik ərizəsi əldə etmək lazımdır.

Növbəti addım “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) daxil olaraq məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etməkdir.

VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

5. Müddətlər

Ünvanlı sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.

Ünvanlı sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur.

Təmsilçi vəfat etdikdə, habelə ünvanlı sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 (iki) ay müddətində kart hesabından götürülmədikdə, VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna ailənin müraciəti əsasında yenidən baxılır.

Aşağıdakı məlumatlar istisna olmaqla Ünvanlı sosial yardımı təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir:

  1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar;
  2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar;
  3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar;
  4. əmək müqaviləsi barədə məlumatlar;
  5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar;
  6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar.

Ailənin Ünvanlı sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

6. Sosial yardımın təyin olunmasından imtina edilməsi

Aşağıdakı səbəblərdən biri olduqda Ünvanlı sosial yardımın təyin olunmasından imtina edilir:

  • “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda
  • Ünvanlı sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda
  • Ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla)
  • Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır)
  • Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı oduqda
  • Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda
  • Sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;

7. Sosial yardım təyin edilərkən ailə tərkibində nəzərə alınmayan şəxslər

Ünvanlı sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır:

  • Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər)
  • Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər
  • Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər
  • Axtarışda olan şəxslər
  • Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları
  • Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)

8. Maddi-məişət şəraitinin müayinəsi

Ünvanlı sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə aşağıda qeyd olunan hallarda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti sosial yardım üzrə işçiyə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.

  • ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailə üzvü olduqda;
  • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olduqda;
  • orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü olduqda;
  • 3 (üç) və daha çox uşaq olduqda.

Aşağıdakı hallarda Ünvanlı sosial yardım üzrə işçi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi müvafiq qərar çıxarılır

  • ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda
  • ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə

9. Sosial yardımın verilməsinin dayandırılması

Aşağıdakı hallar istisna olmaqla, ailənin tərkibində dəyişikliklər baş verdikdə sosial yardımın ödənişi dayandırılır və ailənin Ünvanlı sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır:

  • ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə;
  • ailə üzvü (üzvləri) vəfat etdikdə (Təmsilçi istisna olmaqla);
  • ailə üzvü müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda;
  • əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq müddətləri başa çatdıqda;
  • ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alma müddəti başa çatdıqda.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button