Əmək hüququ

Məzuniyyətə çıxmağa qoymurlar. Nə edə bilərəm?

1.Sual


Texnik vəzifəsində çalışıram. 7 ay idi işləyirdim. Yaxınlardan aldığım
məlumata görə 6 ay keçdikdən sonra 21 günlük ödənişli məzuniyyət götürmək
olur. Bu məqsədlə müdirə müraciət etdikdə mənə bildirdi ki, səni əvəzləyən
işçi olmadığından sənə məzuniyyət verə bilmərəm.
Mən də işimi itirəcəyimdən
qorxduğum üçün söz deyə bilmədim. 1 il keçib hələ məzuniyyətə çıxa
bilməmişəm. Vəzifə üzrə yeganə işçi olduğum üçün müdir mənə məzuniyyət
verməməkdə haqlıdırmı?

2.Cavab


Xeyr, müdiriniz haqlı deyil. Sizə minimum 21 günlük əsas əmək
məzuniyyəti vermək onun vəzifəsi idi. Məzuniyyətin əsas məqsədi işçinin iş
mühitindən ayrılaraq istirahət etməsidir. Bu baxımdan, əmək məzuniyyəti
hüququnun təmin edilməsi mütləqdir.
Belə ki, işçilərə ödənişli əsasla məzuniyyət bir iş ili ərzində 21 təqvim
günündən az olmayaraq verilir. İşçinin həmin müddətdə hər il mütləq formada
əmək məzuniyyətindən istifadə etməsi vacibdir. Başqa sözlə, əmək müqaviləsi
ilə işləyənlərə qanunla müəyyənləşdirilmiş qaydada 8 saatdan artıq olmayan iş
günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az
olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.


Əmək Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, işçilər vəzifəsindən,
əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq,
məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.


Əmək Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, işçilərə ödənişli əsas
məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.


Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işçiyə əmək
məzuniyyətinin verilməməsi qadağandır.
Məzuniyyətdə olduğunuz müddət ərzində Sizin iş yeriniz, vəzifəniz və orta
əmək haqqınız saxlanılacaq. Bu müddət ərzində müdiriniz sizi əmək müqaviləsinə xitam verilməsi ilə hədələyə bilməz. Əmək müqavilənizə də bu əsasla xitam verdiyi halda məhkəməyə müraciət edib, işə bərpa olmaq hüququnuz var.

3.Həll yolu


İşəgötürənlər əmək qanunvericiliyi ilə müəyyən olunmuş öhdəlikləri yerinə
yetirməməyə görə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Belə ki, Sizin olduğunuz vəziyyətə uyğun olaraq müdiriniz qanun qarşısında
məsuliyyət daşıyır. Bununla bağlı praktikada daha çox irəli çıxan inzibati məsuliyyəti
göstərə bilərik.


İnzibati xətalar məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və
məzuniyyət haqları ilə bağlı qanun pozuntularına yol verilməsinə görə-
vəzifəli şəxslər 700-1500 manatadək məbləğdə cərimə edilirlər.
Buna görə də Əmək müfəttişliyinə yazılı müraciət edib şikayət edə bilərsiniz.

Hüquqşünas Xəlil Mahmudov

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button