
Məişət zorakılığına dair qanunvericiliyin izahı
1. Məişət zorakılığı nədir?

Məişət zorakılığı dedikdə məişət şəraitində bir şəxsin digər şəxsi öz nəzarəti altında saxlamaq üçün ona zərər verməsi başa düşülür.
1.1. Məişət zorakılığını bir-birinə qarşı aşağıdakı şəxslər törədə bilər:
- ər və arvad;
- faktiki nikahda olan ər və arvad;
- valideynlər
- uşaqlar
- nənələr və babalar
- nəvələr
- doğma və ögey qardaş və bacılar
- övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər
- keçmiş ər və arvad
- qəyyum və himayəçilər və üzərindəqəyyumluq və himayəçilik təyin edilmiş şəxslər
- bir yerdə yaşayan digər qohumlar.
1.3. Məişət zorakılığı bu şəxslər arasında da ola bilər:
1. Ögey valideynlər
2. Ögey uşaqlar
3. Qayınata, qayınana
4. baldız, qayın
5. Onların ərləri, arvadları və ya uşaqları
“Məişət zorakılığı haqqında” Qanunun 1-ci maddəsinə əsasən məişət zorakılığı – qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bir şəxsin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Həmin Qanunun 4-cü maddəsinə əsasən məişət zorakılığı aşağıdakı şəxslər arasında ola bilər:
1.yaxın qohum olan ailə üzvləri (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), ərin və arvadın yaxın qohumları, habelə birgə yaşadığı hallarda digər qohumlar;
2. nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;
3. qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;
4. qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan qohumlarına.
2. Məişət zorakılığının növləri

- Fiziki zorakılıq;
- Psixi və ya mənəvi zorakılıq;
- İqtisadi və ya maddi xarakterli zorakılıq;
- Cinsi (seksual) zorakılıq.
-məişət zəminində fiziki zorakılıq – birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır;
-məişət zəminində psixi zorakılıq – birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləridir;
-məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləridir;
-məişət zəminində cinsi zorakılıq – birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.
3. Məişət zorakılığı ilə mübarizə

3.1.Bu barədə şikayətə baxan orqanlar bunlardır:
-polis orqanları
-prokurorluq orqanları
-yerli icra hakimiyyəti orqanları
-məhkəmə
3.2. Bununla bağlı səlahiyyətləndirilmiş dövlət orqanları:
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
-Səhiyyə Nazirliyi
-Elm və Təhsil Nazirliyi
-Ədliyyə Nazirliyi
-Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi
Məişət zorakılığının qarşısının alınması haqqında Qanunun 13.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən zorakılığın qarşısının alınması ilə bağlı tədbirlər üzrə dövlət proqramları qəbul edilə bilər.
Yerli icra hakimiyyəti neçə gün müddətində şikayətə baxır
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda bununla bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerli icra hakimiyyəti tərəfindən 5 gün müddətində, bu halın təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və qısamüddətli mühafizə orderinin verilməsi üçün müraciət edilən vaxtdan 24 saat keçənədək baxılır.
Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq uzadıla bilər.
Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunur.
Zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunur.
Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün aşağıdakılar səbəb ola bilər:
1. zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti;
2. fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya tibb müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, media subyektlərindən daxil olmuş müraciətlər.
Bu barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.
Şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:
1. məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, bu halın təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;
2. məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
3. əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
4. zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
5. zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.
4. Məişət zorakılığı haqqında qanun

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Məişət zorakılığının qarşısının alınması üçün aşağıdakı tədbirlər həyata keçirilir:
-hüquqi xarakterli tədbirlər – məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;
-sosial xarakterli tədbirlər – zərər çəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi;
-qabaqlayıcı tədbirlər – əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkili.
Zərərçəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir.
5. Məişət zorakılığının qarşısının alınması haqqında

Nə İnzibati Xətalar Məcəlləsində, nə də Cinayət Məcəlləsində “Məişət zorakılığı” adlanan cinayət əməli nəzərdə tutulmayıb. Lakin Məişət zorakılığının qarşısının alınması haqqında Qanunda sadalanan şəxslər məişət zəminində bir-birinə qarşı cinayətlər törədə bilər.
Məişət zəminində ən çox törədilən cinayətlər bunlardır: qəsdən adam öldürmə (Cinayət Məcəlləsi maddə 120), özünü öldürmə həddinə çatdırma (CM maddə 125); qəsdən sağlamlığa zərərvurma ilə bağlı cinayətlər (CM 126, 127, 128-ci maddələri); əzab vermə (CM 133); öldürməklə və ya sağlamlığa zərərvurmaqla hədələmə (CM maddə 134); insan alveri (CM maddə 144-1); məcburi əmək (CM maddə 144-2); qanunsuz azadlıqdan məhrum etmə (CM maddə 145); zorlama (CM maddə 149); seksual xarakterli zorakılıq hərəkətləri (CM maddə 150); seksual xarakterli zorakılıq hərəkətlərə məcbur etmə (CM maddə 151); 16 yaşına çatmayan şəxslə cinsi əlaqə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (CM maddə 152); əxlaqsız hərəkətlər (CM maddə 153); qadını nikaha daxil olmağa məcbur etmə (CM maddə 176-1) və s.
5.1. İnzibati Xətalar Məcəlləsi ilə fiziki zorakılıqdan qoruma
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə:
300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 2 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Həmin əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
5.2. İnzibati Xətalar Məcəlləsi ilə iqtisadi zorakılıqdan qoruma
Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
5.3. İnzibati Xətalar Məcəlləsi ilə psixi zorakılıqdan qoruma
Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Yuxarıda qeyd olunan əməllər inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilərsə 500 manatdan 700 manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 60 saatdan 100 saatadək ictimai işlər və ya 15 günədək müddətə inzibati həbs tətbiq olunur.
Araşdırma polis və məhkəmənin səlahiyyətinə aiddir.
5.4. Polisin məişət zorakılığı qurbanlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması sahəsində rolu
-dərhal, müdaxilə, müdafiə və mühafizə
-maarifləndirmə
-sosial işçilərlə qarşılıqlı əlaqə
-zərərçəkmiş şəxsin tibbi,psixoloji və hüquqi yardım almasına kömək göstərmək.
6. Mühafizə orderi

Məişət zorakılığı törətmiş şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə məhdudiyyətlər tətbiq edilə bilər. Bu məhdudiyyətləri özündə əks etdirən sənəd (akt) mühafizə orderidir.
Zərərçəkmiş şəxsə qısamüddətli və uzunmüddətli mühafizə orderi verilir.
6.1.Qısa müddətli mühafizə orderinin verilməsi
Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısa müddətli mühafizə orderi verilir.
Yerli icra hakimiyyəti müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.
Məişət zorakılığı törətmiş şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.
6.2.Uzunmüddətli mühafizə orderinin verilməsi
Məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, yerli icra hakimiyyəti və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir.
Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.
Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.
Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.
6.3. Uzunmüddətli mühafizə orderinin alınması üçün məhkəməyə müraciət
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir.
Ərizə təqdim olunduqdan sonra 3 gün müddətinə baxılmalıdır. İşə qapalı məhkəmə iclasında baxılır və qərar qəbul olunur. Qərardan çıxarışın surəti tərəflərə dərhal təqdim edilir.
7. Mühafizə orderinin nümunəsi

Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərərçəkiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.
Qısamüddətli mühafizə orderi 60 günədək verilir və qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir:
-məişət zorakılığının təkrar törədilməsi;
-zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
-zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
Uzunmüddətli mühafizə orderi 60 gündən 180 günədək verilir və məişət zorakılığını törətmiş şəxsə aşağıdakıların bir və ya bir neçəsi göstərilir:
-məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
-yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
-zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
-uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat.
Qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi üçün yerli icra hakimiyyəti və məhkəməyə ərizələrin hazırlanması üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən, uzunmüddətli mühafizə orderi isə məhkəmə tərəfindən verilir.
8. Azərbaycanda məişət zorakılığı

Şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərər çəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab olunur.
Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır.
Bundan irəli gələrək, Nazirlər Kabinetinin 19.12.2011-ci il tarixli 207 nömrəli Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılmışdır.
Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır və təhlil olunur.
Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada verilə bilər və konfidensiallığın qorunması təmin olunur.
Statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.
Hara müraciət etməli?
Zorakılığına məruz qalan şəxslər dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, habelə Prokurorluq orqanlarına müraciət edə bilərlər. Bununla yanaşı Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin (+994 12) 498 00 92 qaynar xətti, habelə 860 gender əsaslı zorakılıqla bağlı dəstək xətti ilə əlaqə saxlaya bilərlər.
Bununla yanaşı məişət zorakılığı ilə üzləşən şəxslər Sosial Xidmətlər Agentliyinin 116-123 “Qayğı” Çağrı mərkəzinə zəng edərək də müraciət edə bilərlər.
Məişət zorakılığından zərər çəkmiş şəxslər həm mülki işlər, həm də cinayət işləri üzrə pulsuz (dövlət hesabına) vəkillə təmin olunmaq hüququna malikdir.
Statistika:
2024-cü ildə qeydə alınmış məişət zorakılığına aid cinayətlər üzrə zərərçəkənlərin sayı
-1,471 nəfər olmuşdur (onlardan 1,228-i qadındır)
Mühafizə orderlərinin sayı – 108 ədəd
2024-cü ildə bu cinayətlər nəticəsində ölənlərin sayı 49 nəfər olmuşdur (onlardan 29-u qadın)
Müraciət edənlərin əksəriyyəti əri (230), yaxın qohuu (211) və keçmiş əri (113) tərəfindən zorakılığa məruz qalmışdır.
9. Hüquqi məsləhətin verilməsi

Məişət zorakılığına məruz qalmısınızsa, müvafiq dövlət orqanlarına, məhkəmələrə ərizələrin hazırlanması üçün, habelə qısamüddətli və uzunmüddətli mühafizə orderinin əldə olunmasına hüquqi dəstək göstərilməsi üçün bizə müraciət edə bilərsiniz yaxud erizem.az saytına daxil olmaqla müvafiq ərizələri özünüz hazırlaya bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın