Əmək müqaviləsi olmadan işçini işlətməyin məsuliyyəti nədir?
1.Ümumi izah
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə bir neçə qanunvercilik aktında məsuliyyət nəzərdə tutulur. Bunlar Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsidir.
2.Məsuliyyətlər
1) Vergi Məcəlləsinin – 58.10-cu maddəsinə əsasən Vergi orqanı tərəfindən aşkarlandıqda 1 işçi üçün təqvim ili ərzində ilk dəfə 2000 manat, ikinci dəfə aşkarlansa 4000 manat, üç və daha çox dəfə aşkarlandıqda 6000 manat cərimə tətbiq edilə bilər.
2) İnzibati Xətalar Məcəlləsinin – 192-ci maddəsinə əsasən Əmək müffətişləri tərəfindən aşkarlandıqda işçi sayından asılı olmayaraq fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə tətbiq edilə bilər.
3) Cinayət Məcəlləsinin – 162-ci maddəsinə əsasən yuxarıda sadalanan hallar əgər 10 nəfərdən çox işçi üçün baş versə, yəni 10-dan çox işçinin əmək müqaviləsi olmadan işləməsinə görə işə götürən 7000 manatdan 10000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
3.Məsuliyyətdən azad olmaq
Yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilir.
4.Təkrar törətməyə görə məsuliyyət
Eyni əməl (10 və daha çox işçinin əmək müqaviləsi olmadan işlədilməsi) təkrar törədilsə, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
5.Tövsiyyə
İşçinin əmək müqaviləsi o zaman qeydiyyata alınmış sayılır ki, portalda imzalanıb tam təsdiq olunduqdan sonra bildiriş yaransın. İşçilərin əmək müqaviləsi olmadan işləməsi onları məzuniyyət və digər bütün hüquqlarından da məhrum edir. Ona görə də hallarla qarşılaşdıqda müvafiq orqanlara müraciət etmələri tövsiyyə olunur.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul