Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Əsassız varlanma nədir?

1. Əsassız varlanma nədir?

varlanma 2 1
Əsassız varlanma nədir?

Əsassız varlanma — bir şəxsin hüquqi əsas (müqavilə, qanun və ya məhkəmə qərarı) olmadan digər şəxsin hesabına əmlak əldə etməsi və ya zənginləşməsidir.

Əsas varlanma hansı halda yaranır:

Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Başqasının hesabına əmlak əldə olunması – Bir tərəf əmlak əldə edərkən, digər tərəf həmin əmlak səbəbindən itkiyə və ya məhrumiyyətə məruz qalır. Hüquqi əsas olmadan əmlak əldə edilməsi – Varlanmaya haqq qazandıran hər hansı qanun, müqavilə mövcud deyil. (Əgər tərəflər arasında qüvvədə olan müqavilə varsa, əsassız varlanma deyil, müqavilə hüququ tətbiq olunur)

Bu kimi hallarla rastlaşdıqda əmlakın geri qaytarılması üçün ərizə, şikayət, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Əsassız varlanma mülki məcəllə

varlanma 1
Əsassız varlanma mülki məcəllə

Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

1. əldə edilənlərdən götürülən faydaya;

2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Əgər varlanmış şəxs (başqasının hesabına əmlak əldə etmiş şəxs) qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, yuxarıdakı iddiaların irəli sürülməsi istisna edilir.

Əgər qarşı tərəf əldə etdiklərini qaytarmazsa, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin əmlakların geri qaytarılmasını tələb edə bilərsiniz.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Mülki Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

3. Əsassız varlanma maddəsi

əsassız varlanma
Əsassız varlanma maddəsi

Əsassız varlanma ilə bağlı müddəalar Mülki Məcəllənin 58-ci fəslində göstərilmişdir. Həmin fəslin 1091-1095-ci maddələri əsassız varlanma ilə bağlı məsələləri tənzimləyir.

Əsassız varlanmaya aşağıdakıları misal çəkmək olar:

  • Bank və ya fiziki şəxs tərəfindən səhvən başqasının hesabına pul köçürülməsi.
  • əhəmiyyətsiz əqd üzrə əmlak verilməsi;
  • Qarşıya qoyulan məqsəd həyata keçmədikdə verilmiş əmlakın əldə qalması (məsələn toy baş tutmadıqda verilmiş qızıl-zinət əşyalarının tərəflərdə qalması)

Əgər bir şəxs digər şəxsin hesabına müqavilə əsasında əmlak əldə edərsə, lakin sonradan müqavilə pozularsa, burada əsassız varlanmadan söhbət gedə bilməz.

4. Əsassız varlanma iddia ərizəsi

əsassız varlanma
Əsassız varlanma iddia ərizəsi

Əsassız varlanma zamanı məhrum olan şəxs varlanmış şəxsdən onun əldə etdiklərini tələb etmək hüququna malikdir. Əgər varlanmış şəxs əldə etdiklərini könüllü geri qaytarmırsa, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələb edə bilərsiniz.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

5. Əsassız varlanma iddia müddəti

əsassız varlanma
Əsassız varlanma iddia ərizəsi

Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən obyekti qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür.

Belə ki, əsassız varlanma obyektini (əmlakı, pulu və s.) geri qaytarmaq tələbi üçün ümumi iddia müddəti 2 ildir.

Bu hüquq məhrum olana öz hüququnun pozulduğu ona məlum olduğu (və ya bilməli olduğu) vaxtdan etibarən hesablanır.

Əgər iddia müddəti üzrlü səbəbdən ötürülərsə, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnuz vardır.

Məhkəməyə ərizə, iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

6. Əsassız varlanma ali məhkəmə

varlanma 6
Əsassız varlanma ali məhkəmə

Ali Məhkəmənin Mülki kollegiyası əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

İşin hallarına əsasən faktiki ailə münasibətində yaşayan şəxslərdən biri digərinin verdiyi pul vəsaiti hesabına əmlak alıb. Bu münasibətlər pozulduqdan sonra pul vəsaiti verən şəxs əmlakın dəyərinin geri qaytarılmasını tələb edib.

Məhkəmələr əmlakın alınması üçün pul vəsaitini iddiaçının ödədiyini müəyyən etməklə bu qənaətə gəliblər ki, cavabdeh əsassız varlanıb, ona görə əmlakın dəyərini iddiaçıya qaytarmalıdır.

Sonra cavabdeh tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, bir şəxsin başqasının verdiyi pul vəsaiti hesabına əmlak alması əsassız varlanma nəticəsinə gəlmək üçün kifayət deyil.

Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. İddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.

Baxılan işdə cavabdehin əldə etdiyi əmlakı sonradan iddiaçının mülkiyyətinə keçirəcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətini və bu çərçivədə cavabdehin iddiaçı qarşısında öhdəlik daşımasını məhkəmələr müəyyən etməyiblər.

Pul vəsaitinin cavabdehin mənafeyi naminə (məsələn, əmlak alınması üçün) başqa şəxs(lər)ə verilməsi də mümkündür. Bu kimi hallar baxımından “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və ya “üçüncü şəxsin xeyrinə müqavilə” institutları nəzərdən keçirilə bilər.

Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir:

– cavabdehin əmlak əldə etməsi;
– həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi;
– əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.

Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti – əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir.

Əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olub.

Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər. İddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməyib.

Məhkəmə tərkibi onu da qeyd edib ki, bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin – əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir. Məhkəmələrin bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etmələri əsaslı olmayıb.

7. Əsassız varlanma konstitusiya məhkəməsi

varlanma 7
Əsassız varlanma konstitusiya məhkəməsi

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.

Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

8. Hüquqi məsləhət

varlanma 8
Hüquqi məsləhət

Əsassız varlanma ilə bağlı məsələlərə dair məhkəməyə ərizə, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: Mülki Məcəllə;

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button