Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Məhkəməyə müraciət etmək üçün iddia müddəti nə qədərdir?

1. Mülki məcəllə iddia müddəti

iddia müddəti
Mülki məcəllə iddia müddəti

İddia müddəti şəxsin pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi müddətdir.

Mülki Məcəllənin 372-ci maddəsinin məzmununa əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Belə ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Bu müddət ərzində şəxs öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan etibarən məhkəməyə müraciət edə bilər.

Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Hüququn müdafiəsi haqqında tələb müddətin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi müddətin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Əgər müddət ötürülərsə, ötürülmüş müddətin bərpası barədə ərizə ilə (vəsatət) məhkəməyə müraciət edərək, ötürülmüş müddətin bərpasının məhkəmədən tələb edə bilərsiniz.

Məhkəməyə ərizənin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Plenum Qərarı)

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında da qeyd olunur ki, ümumi iddia müddəti on il təşkil edir.

Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.

Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.

Aşağıdakı tələblərə iddia müddəti şamil edilmir:

  1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər;
  2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri;
  3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir;
  4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;
  5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri.

2. Pul tələbinə dair iddia müddəti

iddia müddəti
Pul tələbinə dair iddia müddəti

Pul tələbinə dair iddia müddəti – şəxsin ona ödənilməli olan pulun tutulması üçün məhkəməyə müraciət edə biləcəyi müddətdir.

Bu müddət, bir qayda olaraq, şəxsin pul tələbinin yaranmasını və həmin tələbin kim tərəfindən pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

Məsələn, borcun qaytarılması üçün müəyyən edilmiş müddət başa çatdıqda və borc ödənilmədikdə, müddətin hesablanması başlaya bilər. Tərəflər arasında borc müqaviləsi bağlanıbsa, müqavilədə göstərilmiş müddətdən sonra borc ödənilməzsə, borcun ödənilməsi üçün əhkəməyə müraciət edə bilərsiniz. Əgər aranızda borc müqaviləsi yoxdursa, borc verilməsi üçün konkret müddət müəyyən etməmisinizsə, borcun ödənilmədiyi andan etibarən 3 il ərzində məhkəməyə müraciət edərək borcun ödənilməsinin tələb edə bilərsiniz.

Pul tələbinə dair məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Əgər müddət ötürülərsə, müddətin ötürülməsi şəxsin məhkəməyə müraciət etmək hüququnu aradan qaldırmır. Lakin cavabdeh məhkəmədə iddia müddətinin tətbiq edilməsini tələb edərsə və məhkəmə bu tələbi əsaslı hesab edərsə, iddia təmin olunmaya bilər.

Müddətin bərpası üçün məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

3. Əmək mübahisələrində iddia müddəti

iddia müddəti
Əmək mübahisələrində iddia müddəti

Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

Əmək mübahisələrində işçinin pul tələbi üzrə iddia müddəti

Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

İşəgötürənin tələbləri üzrə iddia müddəti

İşəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

Mediasiya prosesinin tətbiqi

Əmək mübahisələrinin həlli üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət olunur. Mediasiya prosesinin axımı 1 təqvim ayı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş müddətin axımını dayandırır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Əmək mübahisələri üzrə mediasiya təşkilatına ərizə, məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

4. Əsassız varlanma iddia müddəti

iddia müddəti
Əsassız varlanma iddia müddəti

Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Yəni məhrum olan şəxs 2 il ərzində iddia qaldıra bilər.

Əsassız varlanma ilə bağlı məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

5. Vərəsəlik üzrə iddia müddəti

iddia müddəti
Vərəsəlik üzrə iddia müddəti

Ümumi iddia müddəti on il təşkil edir. Əgər Mülki Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə 3 ay müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Əgər vərəsə həmin müddəti ötürərsə, məhkəməyə müraciət edərək mirasın qəbulu ilə bağlı ötürülmüş müddətin bərpasını üzrlü səbəblər göstərilməklə məhkəmədən tələb edə bilər. Məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Vəsiyyətnamə üzrə vərəsəlik zamanı vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Bu məqsədlə məhkəməyə iddia ərizəsinin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

6. Kredit müqaviləsi üzrə iddia müddəti

iddia müddəti
Kredit müqaviləsi üzrə iddia müddəti

Müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Belə ki, kredit müqaviləsi üzrə kreditor 3 il ərzində borcluya qarşı məhkəmədə iddia qaldıra bilər.

Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

7. Məhkəməyə müraciət müddəti

iddia müddəti
Məhkəməyə müraciət müddəti

Məhkəməyə müraciət üçün iddia müddətləri aşağıdakı kimidir:

  • Ümumi iddia müddəti – 10 il
  • Müqavilə tələbləri üzrə – 3 il
  • Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə – 6 il
  • Vaxtaşırı icra edilən öhdəliklər üzrə – 3 il
  • Ayrı-ayrı mübahisələr üçün qanunla xüsusi, daha qısa və ya uzun müddətlər müəyyən edilə bilər.

İnzibati mübahisələr üzrə iddia müddəti:

Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

Öhdəliyin icrası haqqında iddia tələbi üzrə iddia müddəti nəzərdə tutulmayıb.

İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir.

İddia müddətinin keçməsi şəxsin məhkəməyə müraciət etməsinə avtomatik mane olmur.

İnzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz.

Müddətin bərpası barədə məhkəməyə ərizənin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

8. İddia müddətinin tətbiqi barədə ərizə forması

iddia müddəti
İddia müddətinin tətbiqi barədə ərizə forması

İddia müddəti şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Məhkəməyə ərizənin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

9. Xüsusi iddia müddətləri

iddia müddəti
Xüsusi iddia müddətləri

Xüsusi iddia müddətləri — qanunla müəyyən edilmiş ümumi iddia müddətindən fərqli olaraq, ayrı-ayrı tələb növləri üçün xüsusi olaraq müəyyən edilən müddətlərdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə isə 3 il, daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə 6 il müəyyən edilir. Bununla yanaşı, qanun ayrı-ayrı münasibətlər üçün daha qısa və ya daha uzun xüsusi müddətlər nəzərdə tuta bilər.

Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

İddia müddətləri üzrlü səbəblərdən ötürüldükdə, müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnuz vardır. Məhkəməyə müddətin bərpası barədə ərizə və ya vəsatətlərin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

10. İddia müddəti ali məhkəmə

iddia müddəti
İddia müddəti ali məhkəmə

Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair Ali Məhkəmənin metodik vəsait ilə bu sayt üzərindən tanış ola bilərsiniz. Həmin vəsaitdə kəsimi və iddia müddətləri bir-birindən fərqləndirilir.

Kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddətləri isə bir qayda olaraq, tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünü deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır.

11. İddia müddəti konstitusiya məhkəməsi

iddia müddəti
İddia müddəti konstitusiya məhkəməsi

Etibarsız əqdlər üzrə müddətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır.

Ümumi və digər iddia müddətləri ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli Plenum Qərarında tanış ola bilərsiniz.

İddia müddətinin başlanması və digər məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli Qərarında tanış ola bilərsiniz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli Plenum Qərarına da nəzər sala bilərsiniz.

12. İddia müddətinin axımının dayandırılması

iddia müddəti
İddia müddətinin axımının dayandırılması

İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:

1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;

2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda;

3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;

4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;

5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda;

6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə;

7. ekspeditora qarşı nəqliyyat-ekspedisiya müqaviləsinin icrasından yaranan pretenziya verildikdə.

Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır.

İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, göstərilmiş hallar iddia müddətinin son 6 ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.

Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

Ekspeditora qarşı nəqliyyat-ekspedisiya müqaviləsinin icrasından yaranan pretenziyanın verilməsi ilə əlaqədar iddia müddətinin axımı həmin pretenziyanın ekspeditora verildiyi gündən etibarən pretenziyaya cavab alınanadək və ya cavab üçün müəyyən edilmiş müddət bitənədək dayandırılır.

Nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir.

Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır.

13. İddia müddətinin axımının kəsilməsi

iddia müddəti
İddia müddətinin axımının kəsilməsi

Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Məsələn, 3 illik iddia müddətinin 2 ili keçdikdən sonra borclu borcunu etiraf edərsə, əvvəlki 2 il yeni müddətə əlavə edilmir; müddət yenidən hesablanır.

İddia müddətinin dayandırılması ilə kəsilməsi eyni deyil. Dayandırıldıqda müəyyən səbəb aradan qalxdıqdan sonra əvvəl keçmiş müddət də nəzərə alınmaqla davam edir, kəsildikdə isə yeni müddət başlanır.

14. Kəsici müddət nədir?

iddia müddəti
Kəsimi müddət nədir?

Kəsici müddət — qanunla müəyyən edilmiş elə müddətdir ki, həmin müddət başa çatdıqda şəxsə məxsus hüququn özü xitam tapır.

İddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir.

İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir.

İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;

İddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllə, maddə 375.2), kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

15. Hüquqi məsləhət

iddia müddəti
Hüquqi məsləhət

Pozulmuş hüquqlarınızın bərpasına hüquqi dəstək göstərilməsi, məhkəməyə ərizələrin, şikayətlərin, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli

İstinadlar: Əmək Məcəlləsi; Mülki Məcəllə

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Plenum Qərarı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli Plenum Qərarı;

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli Qərarı;

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Plenum Qərarı;

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Konstitusiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli Plenum Qərarı;

Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair metodik vəsait.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button