Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Ana uşaqla görüşə icazə vermir. Məcburi necə görüşə bilərəm?

1. Uşaqla ünsiyyət hüququ

Əgər valideynlər arasında uşaqla (uşaqlarla) ünsiyyətlə bağlı fikir ayrılığı olarsa, razılaşma olmazsa, belə olan halda uşaqla ünsiyyətdə olmaq hüququnu tələb edən tərəf əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir.

Əgər valideynlər mediasiya prosesində uşaqla (uşaqlarla) ünsiyyət qaydalarının müəyyən edilməsi barədə razılığa gələ bilməzsə, ünsiyyət tələb edən tərəf – ata və ya ana uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Mediasiya xərci 60 manat, məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir.

Mediasiyaya ərizəməhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.

Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir.

Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

2. Uşaqla ünsiyyət plenum qərarı

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin 28 oktaybr 2011-ci il tarixli Plenumunun Qərarı qəbul edilmişdir. Həmin Qərarda uşaqla görüş qaydalarının necə təşkil olunması və bir çox digər məsələlərə aydınlıq gətirilmişdir.  

Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər.

Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Belə ki, yalnız ayrı yaşayan valideynlər arasında uşaqla görüş qaydalarının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilə bilər.

3. Uşaqla ünsiyyət ali məhkəmə

“Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun Qərarına əsasən uşaqlardan ayrı yaşayan valideynin uşaqla görüş (ünsiyyət) hüququnun həyata keçirilməsi barədə iddialar üzrə iddianın predmetini ünsiyyət hüququnun müəyyən edilməsi təşkil edir.

Ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva edir.

Uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsinə dair işlərə baxılarkən və iddianın predmetinə qiymət verilərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə (ata və ana) uşağın ünsiyyətdə olmasının uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcud olub-olmaması araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən edilməlidir və buna əsasən iddia təmin və ya rədd edilməlidir.

4. Uşaqla ünsiyyət hüququ ali məhkəmə

Uşaqla görüş qaydalarının müəyyən edilməsi ilə bağlı ünsiyyət hüququnu tələb edən tərəf (ata və ya ana) əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət edilməlidir. Mediasiya prosesində uşaqla görüş qaydalarının müəyyən edilməsi ilə bağlı razılaşma əldə edildikdə tərəflər arasında Barışıq Sazişi bağlanılır. Həmin Barışıq Sazişi yazılı formada bağlanılır.

“Mediasiya haqqında” Qanuna əsasən Barışıq Sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir.  

4.1. Uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsinə dair Barışıq Sazişinin icrası

Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır.

Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (ata və ana) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə ərizə ilə müraciət edə bilər. Barışıq sazişinin məcburi icrası üçün Saziş məhkəmə qaydasında təsdiq olunmalıdır. Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır.

Bunun üçün məhkəməyə ödənilən dövlət rüsumunun məbləği 100 manat təşkil edir.

Barışıq sazişinin təsdiqi üçün birbaşa olaraq məhkəməyə ərizə ilə müraciət etmək lazımdır. Məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.  

Mediasiya prosesində iştirak edən tərəflər arasında uşaqla görüş qaydalarının müəyyən edilməsi ilə bağlı razılaşma əldə edilməzsə, o zaman ünsiyyət tələb edən tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Birinci instansiya məhkəməsində çıxarılmış məhkəmə qətnaməsində müəyyən edilmiş ünsiyyət qaydaları ilə razılaşmayan valideyn məhkəmə qətnaməsi tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti vermək hüququna malikdir.

Apellyasiya şikayəti məhkəməyə yalnız elektron qaydada göndərilə bilər.

Apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Əgər müvafiq apellyasiya məhkəməsinin çıxardığı qətnamə ilə tərəflər razılaşmırsa, bu halda qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Ali Məhkəməyə kassasiya şikayəti verə bilər. Tərəf Ali məhkəməyə kassasiya şikayətini yalnız vəkil vasitəsilə  və elektron qaydada göndərə bilər.

Belə ki, bu zaman məhkəmə prosesində vəkilin iştirakı tələb olunur.  Kassasiya şikayətinin hazırlanması və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

5. Uşaqla görüş vaxtının təyin edilməsi

Uşaqla görüş vaxtı müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

Uşaqla görüş qaydaları müəyyən edilərkən 10 yaşına çatmış uşağın fikri nəzərə alınır.

Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Uşaqla görüş vaxtı müəyyən edilərkən işin bütün halları, o cümlədən ailədə neçə uşağın olması, onların yaşı, səhhəti, məktəbəqədər və ya ümumi təhsil rejimi, hansı valideynə daha çox bağlılığı, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətləri, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alınmalıdır.

5.1. Uşaqla görüş günləri nə qədər müddət müəyyən edilə bilər?

Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilməlidir.

Uşaqla görüş istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.

Ananın himayəsində olan uşaqla (uşaqlarla) görüş saatları uşağın yaşından asılı olaraq müəyyən edilir. Həmin görüşlər adətən ananın iştirakı  olmaqla təyin edilir. Lakin əgər şərait uşağın ananın iştirakı olmadan ata ilə görüşünə uyğundursa, və ya belə şərait mövcuddursa, o zaman ananın iştirakı olmadan da görüş saatları müəyyən edilə bilər. Bu görüş saatları 1, 3, 6 və s. saatlar müəyyən edilə bilər. Uşaqlarla görüşlər həftə içi və ya şənbə, bazar günləri müəyyən edilə bilər.

Uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydası müəyyən edilərkən daha dolğun ünsiyyətin təmin edilməsi üçün həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydası müəyyən edilə bilər.  

Bundan başqa ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi istisna edilmir.

Yəni uşağın ayrı yaşadığı valideyni ilə gecə onun yanında qalmaqla ünsiyyət qaydası müəyyən edilə bilər.

Ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edilə bilər.  

Uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiq edilə bilər.  

6. Atanın uşağı görmə hüququ

Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn (məsələn, ata) onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqla ünsiyyətdə olmaq istəyən atanın iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.

Əgər uşaq atanı görməkdən imtina edərsə və ya uşağın atası ilə görüşməyi onun fiziki, psixi sağlamlığına, əxlaqına mənfi təsir göstərərsə, belə olan halda görüş baş tutmaya bilər.

Əgər ana uşağı ataya göstərməkdən imtina edirsə, ata uşaqla (uşaqlarla) ünsiyyət qaydalarının müəyyən edilməsi üçün əvvəlcə  mediasiya prosesindən keçmək üçün mediasiya təşkilatına müraciət etməlidir. Mediasiyada uşaqla görüş barədə tərəflər arasında razılıq əldə edilmədikdə o zaman məhkəməyə iddia ərizəsi ilə müraciət etmək lazımdır. Mediasiya xərci 60 manat, məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir.

Mediasiya üçün ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olaraq ərizənizi özünüz hazırlaya bilərsiniz.

7. Uşağın ata ilə görüşü

Ata uşaqla və ya uşaqları ilə görüş hüququnun təmin edilməsi və ünsiyyət qaydalarının müəyyən edilməsi üçün əvvəlcə mediasiya prosesindən keçməlidir. Mediasiyada ünsiyyət qaydalarının müəyyən edilməsi mümkün olmadıqda ata iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə təqdim edilməlidir. İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Uşaqla görüş (ünsiyyət) qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdə ata yekun məhkəmə qətnaməsi qəbul edilənədək uşaqla hər ay görüş hüququnun təmin edilməsi üçün məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edə bilər. Bu ərizə əsasında məhkəmənin çıxardığı qərardad əsasında uşaqla görüş hüququnuz yekun məhkəmə qətnaməsi qəbul edilənədək təmin edilə bilər.

Ərizə məhkəməyə iddia ərizəsi verilənədək təqdim edildikdə həmin ərizə üzrə çıxarılan məhkəmə qərardadının müddəti 1 ay təşkil edəcək. Əgər iddia ərizəsi ilə eyni vaxtda verilərsə, çıxarılan məhkəmə qərardadı iş yekunlaşanadək qüvvədə olacaq.

Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.

Ərizənin verilməsi üçün dövlət rüsumunun məbləği 10 manat təşkil edir.

8. Boşanma zamanı uşaqla görüş

Uşağın valideynləri nikahın pozulması üçün mediasiya prosesindən keçdikdə həm aliment, həm də uşaqla ünsiyyət qaydaları ilə bağlı aralarında razılıq əldə edə bilərlər. Həmin razılaşma Barışıq Sazişi ilə rəsmiləşdirilir. Belə ki, həmin Sazişdə uşaqla ünsiyyət istəyən valideynin uşaqla görüş qaydaları müəyyən edilə bilər.

Əgər uşaqla görüş qaydaları ilə bağlı tərəflər arasında razılıq əldə olunmazsa, uşaqla ünsiyyət istəyən tərəf ayrıca mediasiya təşkilatına ərizə ilə müraciət edə bilər. Mediasiya prosesində tərəflər arasında razılaşma olmadıqda, tərəf uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

9. Boşanma zamanı uşaqlarla görüş

Uşaqların valideynləri nikahın pozulması (boşanma) üçün mediasiya təşkilatına müraciət edərək mediasiya prosesindən keçdikdə uşaqlarla ünsiyyət qaydaları ilə bağlı aralarında razılıq əldə edə bilərlər. Həmin razılıq yazılı şəkildə Barışıq Sazişi ilə rəsmiləşdirilir. Belə ki, Sazişdə uşaqlarla ünsiyyət istəyən valideynin uşaqlarla ünsiyyət qaydaları müəyyən edilə bilər.

Əgər uşaqlarla görüş qaydaları ilə bağlı tərəflər arasında razılıq əldə olunmazsa, uşaqlarla ünsiyyət istəyən tərəf ayrıca mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Mediasiya prosesində tərəflər arasında razılaşma olmadıqda, tərəf uşaqlarla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Tərəflər boşandıqdan zamanı da uşaqların onlardan ayrı yaşayan valideynlə ünsiyyət hüququ təmin edilməlidir.

Uşaqlarla ünsiyyət qaydalarının müəyyən edilməsi ilə bağlı çıxarılan məhkəmə qətnaməsini qarşı tərəf icra etməlidir. Əks halda məhkəmə qətnaməsinə əməl etməyən şəxs barəsində inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

10. Boşanma zamanı atanın hüquqları

Əgər ana nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırıbsa, ata da uşaqla (uşaqlarla) görüş üçün iddia qaldırmaq və uşaqla (uşaqlarla) ünsiyyət qaydalarının müəyyən edilməsini tələb etmək hüququna malikdir.

Uşaqlardan ayrı yaşayan ata onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.

Ata uşağına cəmiyyətdə özünü idarəetmə qaydalarını izah etməli, uşaqla oynamalı, onunla gəzməli, lazımi tibbi müayinələrdən keçirməli, maddi təminatında iştirak etməli və bu kimi etməli olduğu başqa hərəkətləri etməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir.

Uşaqla valideyn arasında olan münasibətlərin soyumaması, aralarında olan ünsiyyət bağlarının itirilməməsi üçün qarşı tərəf uşağın atası ilə ünsiyyətdə olmaq hüququna maneə yaratmamalıdır. Əksinə bunun üçün lazımi şərait yaradılmalıdır. Uşağın ana qayğısı və tərbiyəsi ilə yanaşı, ata qayğısına və tərbiyəsinə də çox ehtiyacı var.

11. Boşanmadan sonra uşaqla görüş

Valideynlər arasında bağlanmış nikah pozulsa da, uşaqlardan ayrı yaşayan valideynin uşaqlarla ünsiyyət hüququ təmin edilməlidir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

Əgər uşaqla yaşayan valideyn digər valideynin uşaqla görüşünə maneçilik yaradırsa, uşaqla görüş istəyən valideyn əvvəlcə mediasiya təşkilatına müraciət etməlidir. Mediasiya prosesində görüşlə bağlı razılıq olmadıqda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır.

Uşaqla görüş istəyən tərəf çıxarılmış məhkəmə qətnaməsi ilə razılaşmadıqda, həmin qətnamədən tərəflərə qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

12. Uşaqla ünsiyyət hüququ iddia ərizəsi

Uşaqla görüş qaydalarının müəyyə edilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçməlisiniz. Mediasiya prosesində uşaqla ünsiyyət qaydaları müəyyən edilmədikdə, iddia ərizəsi ilə məhkəmə müraciət etməlisiniz.

İddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən məhkəməyə yazılı şəkildə verilir. İddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə təqdim edilir. İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilə bilər. Qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi iləbağlı ərizənin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

13. Məhkəmə rüsum ödənişi

Uşaqla görüş qaydalarının müəyyən edilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə, tərəflər arasında razılaşma olmadıqda ödənilməli olan mediasiya xərci 60 manat, tərəflər arasında Barışıq Sazişi bağlandıqda isə 150-200 manat təşkil edir. Məhkəməyə ödənilən dövlət rüsumunun məbləği isə 50 manatdır.

14. Uşaqla ünsiyyət iddia ərizəsi

Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

İddia ərizəsində aşağıdakılar göstərilməlidir:

1. ərizənin verildiyi məhkəmənin adı;

2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və ya onun nümayəndəsinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsi məlumatları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), telefon nömrələri, o cümlədən mobil telefon nömrələri;

3. iddianın predmeti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı,

4. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat.

Məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.

Uşaqla ünsiyyət tələbinə dair iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

15. Hüquqi məsləhət

Uşaqla görüş (ünsiyyət) qaydalarının müəyyən edilməsi tələbinə dair mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizələrinin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz. Ərizə və iddia ərizələrini erizem.az saytına daxil olub qeydiyyatdan keçməklə özünüz də hazırlaya bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button