Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Aliment hansı gəlirlərdən tutulur?

1.Əmək haqqından aliment tutulması

“Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” AR Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarına əsasən uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) başqa gəlir növlərindən tutulur.

1.1.Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən:

pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından; pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən; pul və natura ilə verilən mükafatlardan; iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından;

işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən; müvəqqəti əvəzetməyə görə ödəmədən; qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan;

qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən; xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan;

il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan;

əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından;

qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından.

1.2.Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən:

məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla); istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən; faktiki alınan pensiyadan;

ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən; aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından; işsizlikdən sığorta ödənişindən.

1.3.Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən. 

1.4. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.

Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur. Müddətli xidmət hərbi qulluqçularından aliment ümumi əsaslarla tutulur. 

Yazıçılardan, bəstəkarlardan, rəssamlardan və digər yaradıcı işçilərdən aliment müəlliflik qonorarı məbləğlərindən, vəkillərdən vəkil qurumlarında və qanunvericiliklə müəyyən edilmiş digər qaydada işinə görə bütün növ qazanclarından tutulur.

2.Aliment hansı halda verilmir?

2.1.Aliment aşağıdakılardan tutulmur:

yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla);əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzindən;maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən;

ezamiyyət ilə bağlı verilən ödəmələrdən, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələrdən, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələrdən;

ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından;

işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə profilaktika qidalarının dəyərindən;qanunvericiliklə nəzərdə tutulmuş hallarda pulsuz qidaların (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəəti hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər) dəyərindən;sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyərindən;

başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üçün ödənilən xərclərdən;işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla ixtisasartırma kurslarına göndərilmiş işçilərə ödənilən təqaüdlərdən; 

yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından; gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlərdən; elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan; ixtiralara və səmərələşdirici təkliflərə görə birdəfəlik mükafatlardan.

Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətinə aid şəxslərdən hərbi qulluqdan və hüquq-mühafizə orqanlarından tərxis olunan zaman verilən işdənçıxarma və birdəfəlik müavinətlərdən, həmçinin daimi xarakter daşımayan pul təminatının digər növlərindən aliment tutulmur.

Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

2.2. Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri

“İcra haqqında” qanunun 68.1-ci maddəsinə əsasən tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz:

sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə;

xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə;

uşağın doğulması ilə əlaqədar; çoxuşaqlı analara; tənha ata və ya anaya; pensiyaçılara, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara qulluğa görə;

sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə;  ağır və zərərli əmək şəraitində işə görə ödənilən məbləğlərə; işdənçıxarma müavinətinin məbləğinə..

Alimentin tələbinə dair ərizə və iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olmaqla ərizələri özünüz hazırlaya bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button