Qanunvericilik

Kimlər təhsil haqqı ödəməkdən azaddır – Tam siyahı 2025

1. Təhsil haqqı ödəməkdən azad olunan şəxslərin siyahısı

Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil haqqı ödəməkdən azad olunan imtiyazlı şəxslər aşağıdakılardır:

1.1 Məcburi köçkün statuslu şəxslər:

  • Dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil haqqı ödəməkdən azaddır.

1.3 Valideyn himayəsindən məhrum olan şəxslər:

  • Hər iki valideyni vəfat etmiş; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (övladlığa götürüldükdə belə) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil alan şəxslər təhsil haqqı ödəməkdən azaddır.

1.4 Əlilliyi müəyyən edilmiş şəxslər:

  • Ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
  • Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə əlilliyi olan şəxslər; 20 yaşına çatmamış və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər təhsil haqqı ödəməkdən azaddır.

1.5 Şəhid ailəsi statusu olan şəxslər:

  • “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu”na müvafiq olaraq şəhid ailəsi statusu almış dövlət peşə, orta ixtisas, ali təhsil müəssisələrində və AMEA-nın magistratura səviyyəsində 23 yaşınadək əyani təhsil alan şəxslər təhsil haqqı ödəməkdən azaddır.

1.6 Şəhid və müharibə əlillərinin övladları:

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları təhsil haqqı ödəməkdən azaddır.

1.7 Müharibə veteranları:

  • Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər təhsil haqqı ödəməkdən azaddır.

2. Qanunvericilikdə dəyişiklik

təhsil haqqindan azad olunan

2024-cü il Dekabrın 20-də “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, mövcud qanunvericilikdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sırasından olan şəxslərin əhatə dairəsi genişləndirilib.

Bununla bağlı Elm və Təhsil Nazirliyi dəyişikliyin detalları ilə bağlı məlumat yayıb.

Belə ki, hər iki valideyni vəfat edən və ya bir valideyni vəfat etmiş, digər valideyni isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, bir valideyni vəfat etmiş və digər valideyni aşağıda sadalanan bəndlərdən hər hansı birinə aid olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab ediləcəklər:

  • cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
  • məlum olmayan;
  • xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
  • valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
  • uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
  • uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər.

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar (övladlığa götürüldükdə belə) təhsil aldıqları müddətdə tam dövlət təminatına götürülürlər. Belə ki, dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma formasında və 23 yaşınadək ödənişli əsaslarla təhsil aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Əlavə olaraq, ödənişli və ya dövlət sifarişi ilə (ödənişsiz) təhsil almasından asılı olmayaraq, onlara imtahan sessiyalarındakı orta bal göstəriciləri (ÜOMG) nəzərə alınmaqla müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda hər ay əlavə təqaüdlər verilir, təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müavinət ödənilir. Eyni zamanda, təhsil müəssisələrini bitirdikləri zaman mövsümi paltar, ayaqqabı və birdəfəlik pul vəsaiti ilə təmin edilirlər. O cümlədən ilk dəfə işə düzələn zaman onlara birdəfəlik müavinət ödənilir.

3. Hüquqi konsultasiya

Vətəndaşlar bu və ya digər təhsil hüququ ilə bağlı nüansları öyrənmək, pozulmuş hüquqlarını bərpa etmək üçün hüquqşünas və vəkillərə müraciət edə bilər.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button