13-cü maaş nədir və kimlərə verilir?
13-cü maaş nədir?
“13-cü maaş” – ilin sonunda işçilərə pul şəklində ödənilən həvəsləndirici mükafatdır. Məqsəd – işçilərin məhsuldarlığının və effektivliyinin artırılmasıdır.
Lakin, nə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, nə də başqa normativ-hüquqi aktlarda bu cür mükafatların verilməsi barədə heç bir məlumat yoxdur. Lakin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə görə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən aşağıdakı qaydada verilir:
13-cü maaş necə verilir?
- pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;
- əlavə məzuniyyət verilməklə;
- əmək haqqına fərdi əlavə edilməklə;
- daha yüksək məbləğdə fərdi sığorta edilməklə;
- sanatoriya-kurort müalicəsi, turist səfərləri
- yollayışının haqqı ödənilməklə;
- müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.
13-cü maaşı vermək məcburidirmi?
“13-cü maaşın” verilməsi müəssisə rəhbərliyinin istəyindən asılıdır. Müəssisə “13-cü maaşı” öz istəyi ilə hansı işçiyə istəsə verə bilər. Bir çox hallarda bu mükafatın verilməsi, işçilərin şəxsi nəticələrindən asılı olmayaraq, müəssisənin ilin sonuna olan maliyyə nəticələrindən və imkanlarından asılı olur. Əgər ilin sonuna müəssisə zərər ilə işləyibsə, əlavə mükafatlar verilmir və bu qanun pozuntusu deyil.
Müəssisə və işçilər ilə bağlanılan əmək müqavilələrində, kollektiv müqavilələrdə “ilin sonuna mükafatlandırma” barədə bənd varsa, bu zaman, vəziyyət başqa cür ola bilər. Müəssisə bu zaman “13-cü maaşı” verməyə bocludurmu? Təbii ki bəli. Çünkü bu barədə əmək müqaviləsində qeyd var və müəssisə öhdəlik götürüb ki, ilin sonunda müəssisənin nəticələrindən asılı olaraq işçilər mükafatlandırılacaqlar. Əgər ilin nəticələrinə görə işçilər mükafat almalıdılarsa, lakin müəssisə bu mükafatı ödəmirsə, o zaman, işçi məhkəməyə müraciət edərək öz hüquqlarını bərpa edə bilər.
13-cü maaşın miqdarı
“13-cü maaş”-ın məbləğinin nə qədər olması və nə cür hesablanması müəssisə rəhbərliyinin qərarı əsasında müəyyən edilir. Bu məbləğin nə qədər olmasını öncədən pronozlaşdırmaq çətindir. Əgər ilin malyyə nəticələrinə görə müəssisə yüksək mənfəət əldə edibsə, mükafatın verilməsinə ümid var, əks halda, müəssisə ili zərər ilə başa vurubsa, mükafatın verilməsi çətinləşir.
13-cü maaşdan vergi tutulurmu?
Vergi Məcəlləsinin 98.1-cü maddəsinə görə “Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.”
Beləliklə, mükafat şəklində işçilərə işəgötürən tərəfindən verilən əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda muzdlu işlə əlaqədar alınan gəlirin tərkib hissəsi kimi ümumi qaydada gəlir vegisinə cəlb olunur.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul