Ölən şəxsin kredit borcunu kim ödəməlidir?
1.Vərəsələrin öhdəliyi
Əgər ölmüş şəxsin mirası varsa və vərəsələr mirası qəbul edərsə, kredit borcu və borclar da bu mirasla birgə qəbul edilir. Yəni, vərəsələr həm mirası, həm də borcları qəbul etmiş sayılır. Əgər şəxsin əmlakı mövcud deyilsə və ya borc daha çoxdursa, vərəsələrdən heç biri borcu ödəmək məcburiyyətində deyil. Bu halda borclar ödənilməz qala bilər.
Bundan başqa, əgər vəfat edən şəxs kredit götürərkən girov qoyubsa və ya zəmanətçi təyin edibsə, kredit borcunu ödəmək məsuliyyətini girov və ya zamin üzərinə götürə bilər. Əgər girov və zamin yoxdursa, borcun ödənilməsi məsələsi sığorta və digər mənbələrdən təmin oluna bilər.
Vəfat edən şəxsin kredit borcu mövcud olduqda, bank da borcun ödənilməsi üçün tədbir görür. Lakin, əgər vərəsələr mirası qəbul etmirsə və şəxsin əmlakı mövcud deyilsə, borc bank tərəfindən silinə bilər.
Borclu şəxs ölərsə, onun vərəsələri bu barədə kreditorlara məlumat verməyə borcludur. Əks halda vəfat edənin əmlakına görə notariat kontorunda vərəsəlik açılarsa və bu barədə kreditor məlumat alarsa, o dərhal həmin vərəsələrə qarşı məhkəmədə iddia qaldırıb həmin borcu tələb edə bilər. Vərəsələrin arasında borcun ödənilməsi isə onların arasında bölünən əmlakın qiyməti ilə ölçülür. Hər hansı bir varisdən onun payına düşən vərəsə qiymətindən artıq borc tələb oluna bilməz.
2.Təqsirləndirilən şəxs öldükdə vurduğu ziyanın talehi
Təqsirləndirilən şəxs vəfat etdikdə cinayət prosesini həyata keçirən orqan onun öldüyü vaxtdan 3 gün müddətində yaxın qohumlarına onun hüquqi varisi kimi istəyinin olub – olmaması barədə bildiriş göndərir.
Əgər şəxsin vəfat edən vaxta qədər hər hansı borcu varsa, onun borcu ölmüş şəxsin mirasını qəbul etmiş şəxsə keçir. Qanunla mirası qəbul etmiş şəxs həmin borcları ödəməyə borcludur. Əgər tələbkar tərəf ölərsə, onun alacağı vəsait qanunla vərəsəliyi qəbul etmiş şəxs və ya şəxslərə ödənilməlidir. Bu zaman məhkəmə vəfat edənin həyat yoldaşını və ya övladını və yaxud da yaxın qohumlarını hüquqi varis kimi tanıyıb məhkəmə prosesinə cəlb edir və onlar tələbkar qismində çıxış edirlər.
3.Kimlər vərəsə sayılır?
Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
- Birinci növbədə – ölənin uşaqları, arvad (ər), valideynlər.
- İkinci növbədə – ölənin bacıları və qardaşları. (miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın).
- Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. (nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın).
- Dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər.
- Beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
4.Misal ilə izah
Məsələn atanız vəfat edib və atanızın banka 20000 manat kredit borcu var. Atanızın da öz adında nəqliyyat vasitəsi mövcuddur. Əgər siz həmin nəqliyyat vasitəsinə sahiblik etsəniz bu halda krediti ödəmək məcburiyyətində olacaqsınız. Ölən şəxsin adında heç bir əmlak yoxdursa, vərəsələr heç bir əmlak əldə etmirsə kredit borcunu ödəmək məcburiyyətində deyildir. Belə hallarda vaxtında hüquqi konsultasiya almaq vacibdir.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul