Nişanda hədiyyə edilmiş qızıllar toy olmadığı halda geri tələb edilə bilərmi?
1. Nişan münasibətlərində verilən əmlakın hüquqi tənzimlənməsi
Nişan münasibətlərində verilən əmlakın hüquqi tənzimlənməsi ilə bağlı məhkəmə təcrübəsində vahid yanaşmanın, qanunvericilikdə də bununla bağlı konkret istiqamətin olmaması müvafiq münasibətlərdən irəli gələn hüquq və öhdəliklərin müəyyənləşdirilməsində çətinlik yaradır, təcrübədə eyni hallar fərqli hüquq normalarının təsirinə məruz qalırdı.
Məhkəmələr bu münasibətə “bağışlama müqaviləsi”nin müddəalarının, yoxsa “əsassız varlanma”dan irəli gələn öhdəliklər hüququnun tətbiq olunması ilə bağlı vahid mövqe bölüşməmiş, buna görə də “vahid yanaşma” müəyyən edən hüquqi aktın qəbul edilməsi zərurəti yaranmışdı.
2. Vahid yanaşmanı müəyyən edən məhkəmə qərarı
AR Ali Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarı bütün bu mübahisələrə son qoyaraq məsələni kökündən həll etmişdi. Müvafiq qərar nişan münasibətlərinin təbiətinə toxunaraq məsələnin hüquqi tərəflərini aydın şəkildə təsbit edir, beləliklə də, vahid təcrübə müəyyən edirdi.
Qərara nəzər saldıqda iddiaçının nişan mərasimində verilən qızıl-zinət əşyalarını geri tələb etdiyini görürük. Bu tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunduqdan sonra cavabdeh qərardan apellyasiya şikayəti verir və Apellyasiya Məhkəməsi məsələnin “əsassız varlanma” deyil, “bağışlama” ilə bağlı münasibətləri tənzim edən hüquq normaları ilə tənzimlənməli olduğunu müdafiə edir. Məhkəmə mövqeyini bununla izah edir ki, məsələnin “əsassız varlanma” hesab olunması üçün əldə edənin əmlakı qanuni/hüquqi əsas olmadan əldə etməsi lazım idi.
Halbuki qızıl-zinət əşyaları digər tərəfə toy hədiyyəsi kimi bağışlanmışdır, yəni qanuni əsas mövcuddur (bağışlama müqaviləsi). Bundan başqa, məhkəmə “nişan mərasiminin keçirilməsinin ailənin mütləq qurulmasını ehtiva etmədiyi” kimi maraqlı mövqe nümayiş etdirir. Çünki nikah könüllü münasibətdir və nişan mərasiminin keçirilməsinin nikaha daxil olmağı tərəflərin üzərinə öhdəlik kimi qoyması bu baxımdan qəbuledilməzdir.
Göründüyü kimi, Apellyasiya Məhkəməsi məsələyə fərqli aspektdən yanaşaraq nikah münasibətlərinin xarakteri ilə bağlı daha fərqli mövqe ortaya qoyur. İlk baxışdan, bu mövqe haqlı görünür. Çünki nikaha daxilolmanın könüllü olmağı qanunvericiliklə təsbit olunan bir qaydadır. Dolayısı ilə, heç bir münasibət tərəfləri nikaha daxil olmağa məcbur edə bilməz.
Lakin qərardan kassasiya şikayəti verildikdən sonra Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin qərarını maddi və prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan əsassız və qanunsuz hesab edərək məsələni həll edir.
Məhkəmənin mövqeyincə, “nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa, əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur” (63-cü bənd).
“Belə olan təqdirdə iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər” (yenə orada).
Göründüyü kimi, Məhkəmə əmlakın gələcəkdə rəsmi nikah, yəni toyun baş tutacağı ümidi ilə verildiyini, lakin toy baş tutmadığı üçün müvafiq olaraq tərəflərin əvvəlki vəziyyətə (sıfır nöqtəsinə) qayıtdığını bildirməklə münasibətə “bağışlama” müqaviləsinin müddəalarının tətbiq olunmağını istisna edir.
3. Əsassız varlanma nədir?
“Əsassız varlanma” ilə bağlı qanunvericilik geniş hüquqi norma bazası ehtiva etməsə də, Roma hüququna müraciət edərək bu məsələnin dəqiq tənzim olunmuş hüquqi tərəflərinə toxuna bilərik. Roma hüququnda əsassız varlanmadan əmələ gələn öhdəliklərin əsas kateqoriyaları aşağıdakılar idi: a) condictio indebiti (səhvən ödənilmiş məbləğin geri qaytarılması haqqında iddia), b) condictio causa data causa non secuta (həyata keçməyən məqsəd üçün verilmişin geri qaytarılması haqqında iddia), condictio ex causa furtiva (oğurluq nəticəsində əldə olunmuşun geri qaytarılması haqqında iddia)
ikinci kateqoriyaya istinad etməklə mövcud münasibəti tənzimləyə bilərik.
Belə ki, burada “həyata keçməyən məqsəd üçün verilmişin geri qaytarılması” nəzərdə tutulur. Göründüyü kimi, münasibət Roma hüququ ilə dəqiq olaraq tənzim olunub və “əsassız varlanma”dan irəli gələn öhdəliklər hüququna aid edilib. Ali Məhkəmə də romalı hüquqşünasların bu mötəbər mövqeyinə əsaslanaraq “iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykəndiyini” qeyd edir.
4. Nişan zamanı verilən hədiyyə bağışlama hesab oluna bilərmi?
Burada digər bir maraqlı məqam ondan ibarətdir ki, bağışlama müqaviləsinin müəyyən öhdəliklərin yerinə yetirilməsi şərti ilə bağlandığı halların da mövcud olduğunu bilirik (MM maddə 670.1).
Mülki Məcəllənin 666-cı maddəsinə əsasən, bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Lakin 670.3-cü maddə bu qaydadan bir istisna müəyyən edir ki, bağışlama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bununla yanaşı, 673.1.3-cü maddədə “bağışlamaqdan imtina”nın bir əsası kimi hədiyyəalanın bağışlama ilə bağlı öhdəliklərini əsassız olaraq icra etməməsi nəzərdə tutulur.
Analoji olaraq, nişan münasibətlərində verilən əmlakı “bağışlama” kimi, digər tərəfin nikah münasibətlərinə daxil olmasını da “öhdəlik” kimi qəbul etsək, görərik ki, digər tərəf öhdəliyi həyata keçirmədiyi üçün verilən əmlak “bağışlamadan imtina” əsası ilə geri tələb edilə bilər. Eyni zamanda, burada diqqətə almaq lazımdır ki, 673.1.3-cü maddə öhdəliyin “əsassız” olaraq icra edilməməsini nəzərdə tutur.
Çünki növbəti maddədə qeyd olunan müddəa bunu izah edir ki, verilən hədiyyənin dəyəri tapşırılan öhdəlikdən artıq olmalıdır, əgər belə olmazsa, yəni hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyi aşkar olunarsa, hədiyyəalan öhdəliyin icrasından imtina edə bilər (674.1). Üstəlik, bu imtina heç bir hüquqi nəticə yaratmır, yəni bu imtina üzrə hədiyyəverən “bağışlamadan imtina” əsası ilə hədiyyəni geri tələb edə bilməz. Çünki öhdəliyin icrasından imtina bu dəfə əsaslıdır.
Məhkəmə qərarındakı kazusa qayıtdıqda, digər tərəfin nikaha daxil olmaqdan, yəni “öhdəlik”dən imtina etməsi əsaslı deyil. Buna görə də, əmlakı verən tərəfin “bağışlamadan imtina” üçün əsası yaranır. Lakin Apellyasiya Məhkəməsi qərarında haqlı olaraq “bağışlamadan imtina”nın bu əsasından bəhs etməyərək iddia edir ki, “hazırki iş üzrə belə əsasların (maddə 673) mövcudluğu müəyyən edilmir”.
Yəni Məhkəmə qarşı tərəfin nikaha daxil olmasını əmlakı verən tərəfin onun üzərinə qoyduğu öhdəlik kimi qəbul etmir. Bu mövqe ilə razılaşaraq qeyd edirik ki, belə bir öhdəliyin qarşı tərəfin üzərinə qoyulması hüquqi nöqteyi nəzərdən yolverilməz hesab olunardı, çünki Apellyasiya Məhkəməsinin qərarında da qeyd etdiyi kimi – “Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Yəni nikaha daxil olma ilə bağlı iddianın qaldırılması və ya onun məcburi icra olunması mümkün deyil”.
Bu məqama toxunmağımızda məqsəd məsələnin “bağışlama müqaviləsi”nin müddəları ilə həll olunmalı olduğunu düşünən şəxsindiqqətini bu mövzuya çəkmək idi. Bu şəxs ancaq bu əsasla (yəni bağışlama öhdəliklə şərtləndirildikdə) iddianın irəli sürülməsinin tərəfdarı ola bilər, lakin sübut etdik ki, ümumiyyətlə, belə bir əsasın mövcudluğundan söhbət gedə bilməz, əks halda, digər tərəfin hüquqlarının pozulması baş verər.
Doğrudur, Apellyasiya Məhkəməsi də məsələnin “bağışlama müqaviləsi”nin müddəları ilə həll olunmalı olduğunu müdafiə edir, ancaq yuxarıdakı mövqedən imtina etməsi haqlı qərardır.
Bununla belə, Ali Məhkəmənin toxunduğu digər məqamlarda Apellyasiya Məhkəməsinin qərarının əsaslandırdığı hissələrin qeyri-qənaətbəxş və əsassız olduğu aydın məsələdir. Məsələ “bağışlanma” müqaviləsinin müddəları ilə tənzimlənsə, digər tərəfin hüquqları pozular və bu, açıq-aşkar ədalətsizlik olar.
Bundan başqa, qızıl-zinət əşyalarının Apellyasiya Məhkəməsinin də qeyd etdiyi kimi – “toy hədiyyəsi” kimi verilməsi qəbuledilməzdir, çünki işin hallarından da görünür ki, əmlak müəyyən məqsədlə verilir və bu məqsədin nədən ibarət olduğunu qarşı tərəf də bilir, bununla, qarşı tərəf nikaha daxil olmaqla bağlı vəd verir, lakin vədinə xilaf çıxması digər tərəfin hüquqlarının pozulmağı ilə nəticələnir ki, bu da vəziyyətin əvvəlki formasına qayıtmasını şərtləndirir.
Onu da qeyd etmək lazımdır ki, burada qəsd etdiyimiz “vəd” anlayışı özlüyündə müəyyən öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutsa da, üstəlik, yerli adət-ənənədə də nikaha daxil olmaq, həqiqətən də, öhdəlik kimi müəyyən edilsə də, hüquqi nöqteyi nəzərdən bunu “öhdəlik” kimi qəbul etmək doğru olmaz, buna hüquqi əsas verə bilmərik.
5. Nişan münasibətləri milli və beynəlxalq qanunvericilikdə
Nişan münasibətlərinin qanunvericiliyə daxil edilməsi, bu münasibətlərə hüquqi tənzimlənmənin nüfuz etməsi ilə bağlı məsələ isə hələ də aktualdır. AR Ailə Məcəlləsi, əsasən, MDB ölkələrinin məcəllələrinə uyğunlaşdırıldığından və həmin ölkələrdə də nişan adətinin geniş vüsət almaması səbəbindən nişan münasibətləri, təbii olaraq, hüquqi cəhətdən tənzimlənməmişdir.
Türkiyə qanunvericiliyi isə belə bir adəti qanunvericilik nöqteyi-nəzərindən tanıyır və onu tənzimləyən müddəalar müəyyən etmişdir. Bununla belə, nəzərə almaq lazımdır ki, hüquqi tənzimləmənin bu münasibətlərə təsir dərəcəsi hər bir regionun özünəməxsus kontekstual amillərindən və mədəni normalarından asılı olaraq dəyişir.
Bəzi hallarda, bu mərasimlər zərərli və ya ayrı-seçkilik yaradan məsələləri, məsələn, məcburi nikahlar və ya gender əsaslı zorakılıqları əhatə edə bilər. Belə hallarda şəxslərin təhlükəsizliyini və rifahını qorumaq üçün hüquqi tənzimləmə zəruri ola bilər.
Lakin tənzimləmənin kifayət qədər zəruri olmadığı ilə bağlı qənaətin mövcud olduğu hallarda bu adətə hüquqi forma verib qanunvericiliyə daxil etməyin tərəfdarı deyiləm. Buna görə ki, birincisi, məsələyə ümumi aspektdən yanaşsaq, hüququn belə bir adəti tənzimləməyə cəhdi cəmiyyətin mədəni identikliyini qəsd obyektinə çevirə bilər.
Xüsusilə də, imperativ/qadağanedici normaların təsiri əsrlərdir qorunub saxlanan ahəngi poza bilər ki, bu da cəmiyyətdə gözlənilməz nəticələrlə müşayiət oluna bilər. İkincisi, məlum olduğu kimi bu mərasimlər, adətən, nikaha daxil olmağa çalışan tərəflərin evlərində, yəni onların “məhrəm” yerlərində həyata keçirilir.
Hüquqi tənzimləmə fərddən bəzi hallarda şəxsi məlumatlarını (fotoşəkil, videolar və s.) açıqlamasını tələb edə bilər ki, bu da onun şəxsi toxunulmazlıq hüququnu poza bilər. Üçüncüsü, hüquqi tənzimləmə bu münasibətlər ilə bağlı olan mənfi nəticələrin (məcburi nikah, zorakılıq və s.) aradan qaldırılmasında mütləq təsirli vasitə olmaya bilər.
Bu problemlər köklü sosial və mədəni amillərlə bilavasitə bağlı olduğuna görə hüquqi tənzimləmə məsələyə sadəcə səthi təsir edəcək və təsir obyekti həmin amillər olmadıqca problemləri aradan qaldırmağa müyəssər olmayacaq.
Hüquq həmin sosial-iqtisadi problemlərin həllinə yönəlməklə məsələni kökündən həll etməyə çalışa bilər, əks halda, bütün tədbirlər problemdən təsirsiz və ya az təsirlə ötüşəcək. Bundan əlavə, qanunvericilikdə imperativ/qadağanedici normalar müəyyən edilsə belə, həmin normaları tətbiq etmək və yaxud tətbiqinə nəzarət etmək asan olmayacaq.
Ümumilikdə isə, nikah və gender rollarının dəqiq bölüşdürüldüyü və dərin kök saldığı bir cəmiyyətdə mədəni münasibətlərə hüquqi tənzimləmənin həyata keçirilməsinin köklü, əsaslı dəyişikliklər yaradacağına təminat vermək çətindir.
Xalq arasında ailədə kişi-qadın (ər-arvad) münasibətlərinə dair güclü inamın olduğu bir ölkə olan Azərbaycanda bu inancları təkcə hüquqi tənzimləmə yolu ilə dəyişdirmək effektiv nəticə verməyəcək.
Bu yazıda “əsassız varlanma” və ondan irəli gələn öhdəliklər hüququ ilə bağlı bir neçə aspektə toxunduq, nişan münasibətlərinin hüquqi təbiəti və tənzimlənməsi ilə bağlı müəyyən fikir ayrılıqlarını müzakirə etdik və bir sıra qənaətlər hasil etdik.
Öyrəndik ki, bu münasibətlərdə əmlakın verilməsi və geri qaytarılması ilə bağlı müddəalar “müqavilədənkənar öhdəliklər” hüququnun tətbiqi sferasına daxildir. Bu o deməkdir ki, münasibətlər bu məqamda birbaşa “müqavilə hüququ” ilə tənzimlənmir. Bundan əlavə, bu münasibətlərin hüquqi tənzimlənməsi ilə bağlı nəticələri təhlil etməklə bu qərara gəldik ki, adət hüququ ilə tənzimlənən münasibətlərə hüquqi tənzimlənmənin nüfuz etməsi heç də bir çox hallarda müsbət nəticələr verməyə bilər. Təbii ki, bu hallar tənzimləmənin zəruri olduğu ilə bağlı vahid yanaşmanın mövcud olduğu hallardan ayrılıqda nəzərdən keçirilməlidir.
6. Qızılları necə geri tələb edə bilərəm?
Ali Məhkəmənin Mülki Kollegiyasının qərarına əsasən, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-ziynət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir.
Gələcəkdə rəsmi nikah baş tutmazsa qızıl-ziynət əşyalarını əldə etmə sonradan aradan qalxmış əsasa söykəndiyi üçün bu əsassız varlanma hesab olunur və Mülki Məcəlləyə əsasən, əsassız varlanmış şəxsin əmlakı geri qaytarmaq vəzifəsi yaranır.
Siz də buna görə məhkəməyə müraciət edə bilərsiniz. Məhkəməyə müraciət isə faktiki və hüquqi hallar qeyd olunmaqla iddia ərizəsi ilə edilməlidir. Əgər iddia ərizəsi hazırlaya bilmirsinizsə, hüquqşünas və vəkillərə müraciət etməyiniz tövsiyyə olunur.
Hüquqşünas Hüseyn Əlili
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul