Kimlər yaxın qohum hesab olunur? – Qanunvericilik
1. Ailə Məcəlləsində yaxın qohumlar
Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, yaxın qohumlar valideynlər və övladları, baba-nənə və nəvələri, doğma yaxud ögey qardaş-bacılardır. Yaxın qohumlar uşağın valideyni ilə bağlı valideynlik hüququndan məhrum etmə barədə iddia qaldıra bilər.
Bu şəxslər arasında nikaha icazə verilmir;
2. Əmək Məcəlləsində yaxın qohumlar
Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları yaxın qohum sayılır.
Yaxın qohumun xəstələnməsi və ya ölümü halında bütün iş günü işə gəlməmə üzrlü hal sayılır, həmçinin bu hallarla əlaqədar fərdi əmək mübahisələri üzrə müddətin ötürülməsi də üzrlü səbəb hesab edilir;
3. Mülki-Prosessual Məcəllə və İnzibati Xətalar Məcəlləsində yaxın qohumlar
Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsi və İnzibati Xətalar Məcəlləsinin 67-ci maddəsinə əsasən, yaxın qohumlar babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir.
İnzibati xətalar haqqında iş üzrə icraatda zərərçəkmişin, mülki prosessual işlərdə isə tərəfin yaxın qohumu və ya vəkili nümayəndə kimi iştirak edə bilər.
Şahid yaxın qohumlarına qarşı izahat verməmək hüququna malikdir. İnzibati qaydada tutulmuş şəxsin yaxın qohumlarına məlumat verilməsini tələb etmək hüququ var;
4. Cinayət-Prosessual Məcəlləsində yaxın qohumlar
Cinayət Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir.
Bu şəxslər məhkəmədə nümayəndə ola bilər. Cinayət işi üzrə zərərçəkmiş şəxs öldükdə yaxın qohumları onun hüquqlarını əldə edir və hüquqi varisi kimi çıxış edir. Bu münasibətlərdə də yaxın qohumlar əleyhinə ifadə verilə bilməz. Şübhəli, təqsirləndirilən şəxsin yaxın qohumuna məlumat verilməlidir;
5. Miqrasiya Məcəlləsində yaxın qohumlar
Miqrasiya məcəlləsinin 3.0.12-ci maddəsinə əsasən, yaxın qohumlar ata, ana, ər (arvad), övlad, qardaş, bacı və onların övladları, baba, nənə, babanın (nənənin) atası və anası, nəvə, qayınata, qayınana, qayın, baldızdır.
Bu münasibətlərə görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza barədə vəsatətlərinə yaxın qohumun ölümü və ya ağır xəstəliyi ilə əlaqədar məsələlərdə ən geci 2 iş günü ərzində baxılır. Yaxın qohumun ağır xəstəliyi və ya ölümü hallarında adıçəkilən şəxslərin ölkədə müvəqqəti qalma müddəti 60 günədək uzadıla bilər;
6. Seçki Məcəlləsində yaxın qohumlar
Seçki Məcəlləsinin 22-ci maddəsinə əsasən, uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr yaxın qohumlardır. Bu münasibətlər üzrə yaxın qohumlar namizədin iştirak etdiyi seçki komissiyasının üzvü ola bilmir. Həmçinin seçici hərəkət edə bilmirsə, yaxın qohumun müraciəti ilə seçici siyahısına daxil ola bilər.
7. Vergi Məcəlləsində yaxın qohumlar
Vergi hüququna əsasən qohumluqla bağlı bir normada vurğulanma mövcuddur. Buna əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən 23 yaşınadək gündüz təhsil alan tələbə və ya şagird varsa, (dövlət təminatı olmayan) ər-arvaddan birinin gəlir vergisində aylıq 50 manat gəliri nəzərə alınmır.
8. Dövlət qulluğu haqqında qanunda yaxın qohumlar
Dövlət qulluğu haqqında qanunvericiliyə görə yaxın qohumluq dairəsi göstərilmir. Buna baxmayaraq şəxs tabeliyində yaxud nəzarətində işləyəcəyi şəxslə yaxın qohumluq yaxud qudalıq münasibətində olduqda, dövlət qulluğuna qəbul edilmir.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul