Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

İcra məmuru alimentlə bağlı şikayətimə baxmır. Nə edə bilərəm?

1. İcra məmurunun hərəkətlərindən şikayət

Alimentin tutulması barədə məhkəmə qətnaməsi dərhal icraya yönəlir. Belə ki, məhkəmə qətnaməsi əsasında icra sənədi (icra vərəqəsi) tərtib edilir və müvafiq icra şöbəsinə göndərilir. Həmin iş üzrə icra məmuru təyin edilir.

“İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Aliment ödənilmədiyi halda qarşı tərəfin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmalıdır.

Əgər qarşı tərəf alimenti ödəmirsə, icra məmuru da alimentin ödənilməsinin təmini üçün heç bir tədbir görmürsə, icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnuz vardır.

Bunun üçün ilkin olaraq Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, müvafiq İcra və ya Probasiya şöbəsə, habelə məhkəməyə ərizə və ya şikayətlə müraciət edə bilərsiniz.

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və ya məhkəməyə ərizə və ya şikayətlərin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

2. İcra məmuru kimdi?

İcra məmuru — məhkəmənin çıxardığı qərarların və digər icra sənədlərinin məcburi qaydada yerinə yetirilməsini təmin edən vəzifəli şəxsidir.

Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən İcra və Probasiya Şöbəsində fəaliyyət göstərirlər.

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

İcra məmuru üzərinə düşən vəzifələri icra etmədikdə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Qanunla müddət müəyyən olunmayıbsa, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

İcra məmurunun hərəkət və ya hərkətsizliyindən inzibati məhkəməyə şikayətlərin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

3. Aliment üçün müraciət

Aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına ərizə ilə müraciət etməlisiniz. Mediasiya prosesində aliment məbləği ilə bağlı tərəflər arasında razılıq olmadıqda, mediasiyadan mediasiya arayışı əldə edib iddia ərizəsi ilə məhkəmə müraciət etmək lazımdır. Aliment tələbi üçün mediasiya xərci 60 manat təşkil edəcək. Məhkəmə üçün dövlət rüsumu yoxdur.

Mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

4. İcra ödəniş

 İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Əgər borcludan tutulmalı məbləğ 200 manatdırsa, həmin pul məbləğinin 10 faizi, yəni 40 manat məbləğində icra ödənişi tutulur.

İcra ödənişi icra sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır.

İcra ödənişinin alınması barədə qərar onun qəbul edilməsinə səbəb olmuş icra sənədi üzrə icraat çərçivəsində icra olunur. İcra ödənişi borcludan tam və ya hissə-hissə tutula bilər.

5. İcra haqqında qanun 29 və 84 maddə

İcra haqqında Qanunun 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.

İcra haqqında Qanunun 84-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir.

İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.

Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəməyə şikayətin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər Bu barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. 

6. İcra haqqında qanun 79 maddə

İcra haqqında Qanunun 79-cu maddəsi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcləri özündə əks etdirir.

İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icraatda iştirak edən tərəflərin və digər şəxslərin, bu mümkün olmadıqda ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitləri hesabına ödənilir.

İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə:

  1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına;
  2. bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə;
  3. 3. tutulmuş məbləğin tələbkara poçtla köçürülməsinə (göndərilməsinə);
  4. icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir.

7. İcra haqqında qanun 84 maddə

İcra haqqında Qanunun 84-cü maddəsində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, habelə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Belə ki, həmin tələblərin pozulmasına görə inzibati və cinayət məsuliyyəti daşıya bilərsiniz.

İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.

Habelə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

8. İcra haqqında qanunun 87 maddəsinin şərhi

İcra haqqında Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Qanunda başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

İnzibati məhkəməyə şikayətin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

9. Borclunun əmlakı üzərinə həbs qoyulması

Məhkəmə qətnaməsi əsasında verilən icra sənədindəki tələbin (aliment tələbi və s.) borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.

İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. 

Məcburi icra tədbirləri nəticəsində borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür və bu vəsaitin 1 iş günü müddətində icra xidmətinin depozit hesabına köçürülməsi təmin edilir.

Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir.

İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.

Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. 

İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

Üzərinə həbs qoyulduğu vaxtdan 5 gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. 

10. Üzərinə həbs qoyula bilməyən əmlakların siyahısı

Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı Nazirlər Kabinetinin 2002-ci il, 5 iyun tarixli Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədəQərarında öz əksini tapmışdır.

11. Avtomobilin üzərinə həbs qoyulması

İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.

Borclunun avtomobili üzərinə həbs qoyulması həmin əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

İcra sənədi icraya yönəldilənə qədər borclunun avtomobilinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun avtomobilinə yönəldilməsi hallarında avtomobil üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 

Təxirəsalınmaz hallarda borclu tərəfindən avtomobilin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər.

Avtomobilin üzərinə həbs qoyulması və ya avtomobilin üzərindən həbsin götürülməsi barədə məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

12. Əmlakın həbsdən azad edilməsi

Əmlakın həsbdən azad edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edilməlidir. Belə ki, məhkəmə qətnaməsi əsasında verilən icra sənədindəki tələbin (aliment tələbi və s.) borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.

Əmlakın (avtomobilin və s.) üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdıqdan sonra məhkəməyə ərizə ilə müraciət edərək həmin əmlakın üzərindən həbsin götürülməsini tələb edə bilərsiniz.

Əmlakın həbsdən azad edilməsi məqsədilə məhkəməyə ərizənin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

13. Aliment borcunun silinməsi

Aliment borcunun silinməsi ya tərəflərin qarşılıqlı razılığı əsasında ya da məhkəmə qaydasında mümkündür. Belə ki, Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.

Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

Aliment borcunun silinməsi üçün ilk öncə mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır. Mediasiya prosesində aliment borcnunun silinməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmədikdə aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.

Mediasiyaya ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

14. Aliment borcu yoxlamaq

Aliment ödəməli olan şəxsin aliment borcunun olub-olmadığını yoxlamaq üçün müvafiq icra şöbəsinə ərizə ilə müraciət etmək olar. Həmin ərizə ilə icra şöbəsindən mövcud aliment borcu ilə bağlı sizə arayış təqdim edilməsini tələb edə bilərsiniz. Bununla yanaşı, həm aliment borcu, həm də digər icra işləri barədə məlumat almaq üçün mobil icra tətbiqindən də istifadə edə bilərsiniz.

15. İcra işi yoxlamaq

İcra işinin yoxlanılması üçün ən rahat və asan üsullardan biri də mobil icra tətbiqindən istifadə etməkdir. Bu tətbiq fiziki və hüquqi şəxslərə – həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.

Tətbiqi “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür.

Tətbiq sayəsində istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə edə bilərlər.

16. İcra məmurunun qərarından şikayət nümunə

İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, müvafiq icra və probasiya şöbəsinə, yaxud da icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilərsiniz.

Şikayət və ya ərizələrin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button