Hüquqşünas, vəkil köməkçisi və vəkilin fərqi nədir?
1. Hüquqşünas
Hüquqşünas – Azərbaycan Respublikasında hüquqşünas yalnız ali hüquq təhsili almış şəxslər ola bilər (hüquq fakültəsi məzunları). Hüquqşünas hüquq sahəsində hüquqi işlər üzrə fəaliyyətlə məşğul olan mütəxəssisdir. Hüquqşünas cinayət, mülki, vergi, əmək, ailə, miras, mənzil, korporativ, inzibati və digər hüquq sahələrində hüquqi yardım və hüquqi xidmətlər göstərə bilər. Dövlət sektorunda hüquqşünaslar məhkəmələrdə (hakim), idarəetmədə (Prezident Administrasiyası, Nazirlər Kabineti, nazirliklər və digər mərkəzi və yerli icra hakimiyyəti orqanları), hüquq mühafizə orqanlarında (Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Prokurorluq və digər), xidmət sahələrində (ASAN xidmət, BNA, TƏBİB və digər publik hüquqi şəxslər) və istehsal sahələrində (SOCAR, Azərsu, Azerenerji kimi dövlət şirkətləri) çalışırlar. Vəkil və hüquqşünasın əsas fərqi odur ki, Hüquqşünaslar sizi məhkəmədə nə mülki, nə inzibati, nə də cinayət işlərində təmsil edə bilməz. Hüquqşünaslar sizin əvəzinizə iclaslara gedə bilməz. Bunu yalnız vəkillər edə bilər.
2. Vəkil
Vəkil – vəkillər daha çox halda cinayət işlərinə baxırlar. Eləcə də, mülki və inzibati işlərdə də iştirak edirlər. Bəzən məhkəmədə vəkil müdafiəsinə ehtiyacı olan şəxsin vəkil tutmaq üçün imkanı olmadıqda, dövlət tərəfindən onlara pulsuz vəkil tərəfindən pulsuz hüquq xidmətləri (vəkil xidmətləri) təklif olunur. Bu isə əsasən cinayət işlərində, bəzi hallarda isə mülki işlərdə mümkündür. Ödənişsiz hüquqi yardım üçün əsaslar mövcud olmalıdır. Belə olduğu halda isə vəkil saatına 6 manat qazanc əldə edir. Digər hallarda vəkillər dövlətdən və ya Vəkillər Kollegiyasından maaş almır və qazancı vətəndaşla müqaviləyə bağlayıb göstərdiyi xidmət üzrə formalaşır. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün ali hüquq təhsili və 3 il hüquqşünas kimi iş stajı olduqdan sonra yazılı test, şifahi və icbari təlim mərhələlərdən ibarət olan imtahanlardan keçərək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq lazımdır.
2.1. Vəkilin maaşı nə qədərdir?
Vəkilin maaşı – Vəkillin qazancı şəxslə arasında bağlanan müqavilədən asılı olaraq dəyişir. Bu müqavilə əsasında ödənilən pul isə vəkilin yekun gəlirini təşkil etmir.
Ödənilən məbləğdən 30 faizə qədər – 14 faiz gəlir vergisi, 10 faiz Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait, 2 faiz vəkil məsuliyyətinin sığorta haqqı tutulur.
2.2 Vəkil vəd(qarantiya) verə bilərmi?
“Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə göstərilib ki, vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir. Eyni zamanda Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş müqavilə nümunəsində də qeyd olunur ki, işin nəticəsi ilə bağlı vəkil tərəfindən hər hansı vəd verilmir. Vətəndaş müqaviləni imzalayarkən özü də bu bəndlə tanış olur. Vəkillər yalnız işin perspektivi barəsində məlumat verə bilər.
2.3 Vəkil adından qanunsuz istifadə
Əksər hallarda vətəndaşlar hüquqşünas və vəkilin fərqini bilmədiyi üçün hüquqşünaslar vətəndaşlara hüquqi yardım xidməti göstərərkən özlərini vəkil kimi təqdim edirlər. Lakin, hüquqşünaslar və digər şəxslər bilməlidir ki, Vəkil adından qanunsuz istifadəyə görə İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə” fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
2.4 Mülki iş üzrə vəkil ilə müqavilə bağlamışam, mən də məhkəmədə iştirak etməliyəm?
Əgər vəkil ilə müqavilə bağlamaqla yanaşı, ona həm də məhkəmədə sizi təmsil etməsi üçün etibarnamə vermisinizsə, onda məhkəmə iclasında iştirakınız vacib deyil. Hüquqşünaslara etibarnamə versəniz belə sizi məhkəmədə təmsil edə bilməzlər.
3. Vəkil köməkçisi
Vəkil köməkçisi – Ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşı olan hüquqşünas vəkilin köməkçisi ola bilər. Vəkilin köməkçisi vəkillik fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumları ilə, bu fəaliyyət fərdi qaydada həyata keçirildikdə isə vəkillə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müəyyən etdiyi formada və qaydada bağlanmış əmək müqaviləsinə əsasən fəaliyyət göstərir. Vəkil köməkçisinin əmək haqqı həmin müqaviləni bağlamış vəkil qurumunun və ya vəkilin hesabına verilir. Vəkilin köməkçisi öz fəaliyyətini vəkilin rəhbərliyi altında və onun tapşırıqlarını yerinə yetirməklə həyata keçirir. Vəkilin köməkçisi müstəqil olaraq vəkillik fəaliyyəti ilə məşğul ola bilməz. Lakin fərdi qaydada hüquqi yardım xidməti göstərə bilər. Vəkilin köməkçisi vəkillik sirrini qorumalı, habelə vəkillərin davranış qaydalarına riayət etməlidir.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul