
Doğum və ölümün qeydə alınması qaydası
1. Doğumun qeydə alınması

Doğum və ölüm müvafiq qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır.
Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən Doğum və ölüm qeydə alınması doğum və ölüm barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.
Uşağın doğumunun harada qeydə alınmasında asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.
Doğumun qeydə alınması üçün müraciət edə bilən şəxslər aşağıdakılardır:
valideynlər və ya onlardan biri,
valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular,
uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər .
Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə ötürülür.
Səhiyyə Nazirliyi tərəfindən həmin məlumat EHİS (Elektron Hökumət İnformasiya Sistemi) vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.
Doğum və ölüm haqqında məlumatın Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməməsinə görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar.
Valideynlərin arzusu ilə doğumun dövlət qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.
Doğumun qeydə alınması üçün lazım olan sənədlərin siyahısı:
- valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- valideynlərin nikah haqqında şəhadətnaməsi;
- Valideynlərin doğum haqqında şəhadətnaməsi;
- doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (forma 103);
- uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
- uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd;
- uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd.
- Tapılmış uşaqlar haqqında onların tapılması vaxtını, yerini və şəraitini göstərən sənəd (akt, protokol, arayış və uşağın yaşı haqqında tibb müəssisəsindən sənəd);
- Doğum faktının müəyyən olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
Həm doğum, həm də ölüm qeydə alınması və doğum və ölüm barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur.
Nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
Valideynlər nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır;
Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır;
Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında akt qeydində və şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar;
Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.
Doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə açıla bilər. Məhkəməyə uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumu müraciət edə bilər.
Məhkəməyə müraciət etməzdən əvvəl bu mübahisənin həlli üçün mediasiya prosesindən keçmək lazımdır. Mediasiya razılıq əldə edilmədikdə, məhkəmədə iddia qaldırıla bilər. Bunun üçün mediasiya xərci 60 manat, məhkəmə rüsumu 50 manatdır.
Əkiz doğulan uşaqların doğumunun qeydə alınması zamanı onların hər biri barədə ayrıca qeydiyyat aparılır və hər birinə doğum haqqında şəhadətnamə verilir.
Tibb müəssisəsində doğularaq hər iki valideynin imtina etdiyi uşaq haqqında məlumat həmin müəssisənin rəhbəri tərəfindən dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə (akt, ərizə) birlikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməlidir.
Tibb müəssisəsindən kənar uşağı tapan şəxsin məlumatı əsasında ərazi polis orqanı dərhal uşağın tapılması vaxtını, yerini və şəraitini əks etdirən sənəd (akt, protokol) tərtib edərək uşağı ərazi üzrə müvafiq tibb müəssisəsinə yerləşdirməli, eyni zamanda uşağın tapılması haqqında sənədi təqdim etməklə, 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməlidir.
Uşağın ölümü doğumdan sonra dərhal baş verdikdə (bir neçə dəqiqə yaşaması halı da nəzərə alınmaqla) doğum və ölüm haqqında iki akt qeydi tərtib edilir. Lakin yalnız ölüm haqqında şəhadətnamə verilir.
Uşaq hamiləliyin aktı aylıq vaxtından tez doğularsa bu hamiləliyin pozulması hesab edilir və qeydə alınmır.
2. Doğum haqqında şəhadətnamənin təkrar verilməsi

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər öz seçdikləri qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, (Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə) və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət edə bilərlər.
Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir:
1. ərizəçinin adı, soyadı və atasının adı;
2. ünvanı;
3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı;
4. təkrar tələb olunan şəhadətnamənin növü;
5. vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə tərtib edilmə tarixi və yerli barədə məlumatlar.
2.1.Təkrar şəhadətnamənin alınması üçün elektron müraciət:
Doğum və ölüm haqqında təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir.
Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur.
Vətəndaşlıq vəziyyəti akt qeydləri (doğum haqqında akt qeydi) qeydiyyat şöbəsində və konsulluq idarəsində olmadıqda təkrar şəhadətnamənin verilməsi haqqında müraciəti qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi müvafiq akt qeydinin əldə edilməsi üçün Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron sorğu göndərir.
Sorğu edilən akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olduqda akt qeydi skan edilərək sorğu edən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə elektron qaydada göndərilir. Sorğu edən qeydiyyat şöbəsi və konsulluq idarəsi elektron formada daxil olmuş akt qeydi əsasında təkrar şəhadətnamə verir.
Vətəndaşlıq vəziyyəti akt qeydi (doğum haqqında aktı qeydi) qeydiyyat şöbəsində və konsulluq idarəsində aşkar edilmədiyi halda şəxs bu barədə arayışı təqdim etməklə təkrar şəhadətnamənin əldə edilməsi üçün bilavasitə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə müraciət edə bilər.
Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər.
16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.
Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir.
Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur.
Doğum və ölüm haqqında təkrar şəhadətnamələr vermək haqqında vətəndaşların ərizələri Qeydiyyat şöbəsi və konsulluq idarəsində bir il müddətində saxlanılır, sonra məhv edilir.
2.2.Təkrar şəhadətnamənin (arayışların) verilməsi üçün tələb olunan sənədlərin siyahısı:
1.ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
2.ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr);
3.dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Doğum və ölüm haqqında təkrar şəhadətnamələrin verilməsinə görə dövlət rüsumunun məbləği 3 manatdır.
Doğum və ölüm haqqında arayışın verilməsi üçün dövlət rüsumu yoxdur.
3. Doğum haqqında elektron müraciət

Doğum haqqında şəhadətnamənin elektron qaydada əldə edilməsi üçün My.gov.az saytı üzərindən müraciət aşağıdakı mərhələlərdən keçməlisiniz:
1.“Doğum şəhadətnaməsinə müraciət” xidmətinə daxil olursunuz,
2. Qeydə alınacaq uşağı seçirsiniz,
3. Uşağın adını qeyd edib, soyadını siyahıdan seçirsiniz,
4. Hazır sənədin əldə edilməsi üçün qeydiyyat orqanını siyahıdan seçirsiniz,
5. Öz mobil nömrənizi qeyd edirsiniz,
6. Milliyətin təyin edilməsi üçün hər iki valideyinin doğum şəhadətnamələrinin skan olunmuş formalarını yükləyirsiniz,
7. Valideynlərin milliyətini seçirsiniz,
8. Məlumatları təsdiq edirsiniz.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən Qeydiyyatı elektron qaydada aparılan doğumun qeydə alınması qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyətinin nümayəndəliyinin vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
Doğumun qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür.
Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə məlumatlar Ədliyyə Nazirliyinin informasiya sistemində mövcud olduqda müvafiq məlumatlar həmin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə birbaşa təqdim edilməlidir.
Elektron müraciət təsdiqləndikdən sonra “mygov” şəxsi kabinetinizə bildiriş göndərilir. Doğum haqqında şəhadətnamənin elektron formada yüklənməsi ilə yanaşı fiziki olaraq sənədi müraciət zamanı seçilən qeydiyyat orqanından əldə edə bilərsiniz.
Elektron müraciət edildikdən sonra 3-7 iş günü ərzində təsdiq edilir.
Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır.
Nikahı olmayan anadan doğulan uşaqlar istisna edilməklə doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatın təqdim edilməsi tələb olunur.
4. Doğum haqqında şəhadətnamə itirildikdə nə etməli?

Doğum və ölüm haqqında şəhadətnamə itirildikdə bu barədə təkrar şəhadətnamənin (arayışın) verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, (ASAN Xidmət Mərkəzlərində yerləşən qeydiyyat şöbələri) Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət oluna bilər.
Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında şəhadətnaməsi itdikdə təkrar şəhadətnamələr onların valideynlərinə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər.
16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.
Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilir və bunun üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür.
Doğum və ölüm haqqında təkrar şəhadətnamənin verilməsi üçün dövlət rüsumunun məbləği 3 manat təşkil edir.
Doğum və ölüm haqqında arayışın verilməsi üçün dövlət rüsumu tələb olunmur.
5.Doğum haqqında tibbi şəhadətnamə

Doğumun qeydə alındığı tibb müəssisəsi tərəfindən sistemə daxil edilən yeni doğulmuş uşaq haqqında ilkin məlumatların əks olunduğu sənəddir.
Doğum aktını rəsmi qeydə alan tibb müəssisəsi doğum haqqında tibbi arayışı Səhiyyə Nazirliyinin Elektron Hökümət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə avtomatik ötürür və doğum haqqında arayışın fiziki olaraq əldə edilməsi və təqdim edilməsinə ehtiyac qalmır.
Tibb müəssisəsində anaya doğum haqqında tibbi şəhadətnamə ilə birlikdə doğumun qeydə alınmasının zəruriliyi barədə bildiriş də təqdim oluna bilər. Bildirişdə doğumun qeydə alınmasının məcburiliyi, bunun üçün tələb olunan sənədlər, qeydiyyatın qanunvericiliklə müəyyən olunmuş müddəti və bu müddətin pozulmasına görə inzibati məsuliyyət barədə məlumatlar əks olunur
6.Ölümün qeydə alınması

Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.
Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.
Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görəSəhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bunun üçün ərizə ilə məhkəməyə müraciət olunur. İşə xüsusi icraat qaydasında ərizəçinin ərizəsi əsasında baxılır. Məhkəməyə ödənilən dövlət rüsumunun məbləği 100 manatdır.
Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır.
Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeydə alınır.
Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır.
Yol getdiyi yerdə (qatarda, gəmidə, hava gəmisində və s.) ölmüş şəxslərin ölümü yaxındakı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində qeydə alına bilər.
Qəzaların icrası zamanı ölən məhkumların, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərin ölümünün qeydə alınması ümumi əsaslarla həyata keçirilir.
“Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir.
Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, ölümün qeydə alınması zamanı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi hərbi bilet və s. hərbi xidmətlə bağlı olan sənədləri onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə təhvil verirlər.
Bu orqanlar eyni zamanda, ölmüş şəxsin sənədlərinin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməməsi barədə də məlumatlandırılır.
Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.
Ölümün qeydə alınması üçün tələb olunan sənədlərin siyahısı:
1.Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı (Forma 106), ölüm haqqında feldşer arayışı);
2.Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
3.Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun yaşamasına icazəni təsdiq edən sənədlər;
4.Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).
Ölüm və doğum qeydə alınması üçün dövlət rüsumu ödənilmir.
7.Ölümün qeydə alınması üçün elektron müraciət

Elektron müraciətin aktiv olması üçün tələb olunan “ölüm haqqında tibbi şəhadətnamə” ölüm faktını qeydə alan tibb işçisinin tərtib etdiyi akta əsasən tibb müəssisəsi tərəfindən sistemə daxil edilən vəfat etmiş şəxs haqqında ilkin məlumatların əks olunduğu elektron sənəddir.
Ölümün qeydə alınması üçün My.gov.az saytı üzərindən aşağıdakı mərhələlərdən keçməlisiniz:
Elektron xidmətə aşağıdakı mərhələlər daxildir:
1. “Ölüm haqqında şəhadətnamənin alınması” xidmətinə daxil olursunuz,
2. Vəfat etmiş şəxsi seçirsiniz,
3. Hazır sənədin əldə edilməsi üçün qeydiyyat orqanı və nümayəndəliyi siyahıdan seçirsiniz,
4. Öz mobil nömrənizi qeyd edirsiniz,
5. Müraciəti təsdiq edirsiniz.
Elektron müraciətin nəticəsi müraciət edən şəxsin My.gov.az şəxsi kabinetinə bildiriş olaraq göndərilir.
8.Ölüm haqqında şəhadətnamə itirildikdə nə etməli?

Doğum və ölüm haqqında şəhadətnamə itirikdildə təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət oluna bilər.
Doğum və ölüm haqqında təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir:
1. ərizəçinin adı, soyadı və atasının adı;
2. ünvanı;
3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı;
4. təkrar tələb olunan şəhadətnamənin növü;
5. Vətəndaşlıq vəziyyəti akt qeydini tərtib edən Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə tərtib edilmə tarixi və yerli barədə məlumatlar.
Doğum və ölüm haqqında təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir.
Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur.
Təkrar şəhadətnamələr vermək haqqında vətəndaşların ərizələri Qeydiyyat şöbəsi və konsulluq idarəsində bir il müddətində saxlanılır, sonra məhv edilir.
Doğum və ölüm haqqında təkrar şəhadətnamənin verilməsi üçün dövlət rüsumu 3 manat təşkil edir.
Ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir.
Doğum və ölümün qeydi ilə bağlı yaranan mübahisələrin həlli, habelə doğum və ölüm faktının müəyyən edilməsi ilə bağlı hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın