
Estetik əməliyyata görə dəymiş zərəri necə tələb edə bilərəm?
1. Estetik əməliyyata görə dəymiş zərəri necə tələb edə bilərəm?

Bəli, estetik əməliyyat (burun, göz və s.) nəticəsində sizin sağlamlığınıza zərər dəymişdirsə, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək mümkündür.
Əsas məsələ əməliyyatın hansı səbəbdən uğursuz olmasıdır:
- həkimin və ya klinikanın səhlənkarlığı;
- əməliyyatın düzgün aparılmaması;
- pasiyentin sağlamlığı üçün risklərin lazımi qaydada izah edilməməsi;
- razılaşdırılmış nəticədən ciddi şəkildə fərqli nəticənin yaranması;
- əməliyyatdan sonra lazımi tibbi nəzarət və müalicənin göstərilməməsi;
- əlavə əməliyyat və müalicəyə ehtiyac yaranması.
Tələb edilə bilən zərər:
Maddi zərər: əməliyyat üçün ödənilən pul, əlavə əməliyyat xərcləri, dərman və müalicə xərcləri, ekspertiza xərcləri və sübut edilə bilən digər məsrəflər.
Mənəvi zərər: fiziki ağrı, psixoloji sarsıntı, görünüşün pisləşməsi və bunun şəxsin həyatına mənfi təsiri ilə əlaqədar kompensasiya tələb oluna bilər.
Sübutlar: Belə işlərdə tibbi sənədlər, müqavilələr və məhkəmə-tibbi/tibbi ekspertiza çox əhəmiyyətlidir. Ekspertiza nəticəsində əməliyyat zamanı tibbi standartların pozulub-pozulmadığı və yaranmış nəticə ilə həkimin hərəkətləri arasında səbəbli əlaqənin olub-olmadığı müəyyən edilə bilər.
Sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
2. Estetik əməliyyat zamanı həkim səhv edərsə, xəstə pul tələb edə bilər?

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2025-ci il tarixli 20 saylı qərarına əsasən estetik cərrahiyə, estetik stomatologiya və digər kosmetoloji xidmətlər “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla nəzərdə tutulan tibbi yardımdan fərqli olaraq artıq nəticəsinə təminat verilən podrat münasibətləri kimi qiymətləndirilir.
Belə ki, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi onun mənəvi zərərə məruz qalması hesab oluna bilər və o ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Qanunvericiliyə görə podratçı (həkim) sifarişçi (xəstə) üçün işi elə icra etməlidir ki, nəticə qüsursuz olsun, üçüncü şəxslərin hüquqlarını pozmasın və müqavilədə nəzərdə tutulan keyfiyyətə tam uyğun olsun. Sifariş edilən nəticədən fərqli nəticənin əldə edilməsi də qüsur hesab olunur. Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərə səbəb olur ki, bu pozuntu eyni zamanda şəxsin şəxsiyyət hüquqlarına hüquqa zidd müdaxilə ilə nəticələnsin.
Nəticəsinə təminat verilən tibbi fəaliyyətin müqavilə şərtlərinə cavab verməməsindən (məsələn, burnun estetik əməliyyatında gözlənilən nəticənin əldə olunmaması) doğan mənəvi zərər tələbləri isə yalnız şəxsin özü tərəfindən irəli sürülə bilər.
Müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır.
Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması.
Müqavilə öhdəliklərinin pozulması müqavilə tərəfinin həyat və sağlamlığına, habelə üçüncü şəxslərin həyat və sağlamlığı daxil olmaqla, digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi hallarda, o cümlədən hər iki kateqoriyaya aid olan şəxslərə münasibətdə onların istehlak məqsədi üçün istifadə etdiyi müqavilə predmetini təşkil etməyən digər əmlakına zərər vurduqda bu tələbin hüquqi əsasını işin hallarından asılı olaraq müqavilə şərtləri və delikt, yaxud sadəcə delikt təşkil edəcəkdir. Belə ki, müqavilə tərəfinə münasibətdə hər iki maddi hüquqi əsas, üçüncü şəxsə münasibətdə isə yalnız delikt əsası çıxış edəcəkdir. Məsələn, satılmış qida məhsulunun keyfiyyətsiz olması nəticəsində alıcının və ya üçüncü şəxsin zəhərlənməsi, estetik əməliyyatın qüsurlu icrası nəticəsində şəxsin sağlamlığına zərər dəyməsi və ya vəfat etməsi, satılmış qüsurlu məişət cihazında qısa qapanmanın təsirindən alıcının və ya hər hansı üçüncü şəxsin evinin yanması.
Estetik cərrahlar və digər müvafiq xidmət göstərən şəxslər həyata keçirdikləri əməliyyatların nəticəsinə görə tam məsuliyyət daşıyırlar. Təminat verilən nəticə əldə edilmədikdə, məsələn estetik əməliyyatın qüsurlu icrası nəticəsində şəxsin sağlamlığına zərər dəydikdə və ya vəfat etdikdə onlar həmin şəxsə vurulmuş maddi və mənəvi zərərin əvəzini ödəməyə borcludurlar. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi yalnız onun özü tərəfindən irəli sürülə bilər. Maddi tələb isə həm özü, həm də hüquqi varisi tərəfindən irəli sürülə bilər.
Sağlamlığa dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
3. Estetik əməliyyat nədir?

Estetik əməliyyat — insanın xarici görünüşünü dəyişdirmək, yaxşılaşdırmaq və ya müəyyən estetik qüsurları aradan qaldırmaq məqsədilə aparılan cərrahi müdaxilədir.
Məsələn:
- burun əməliyyatı (rinoplastika);
- üz gərmə;
- göz qapağı əməliyyatı;
- döş böyütmə və ya kiçiltmə;
- qarın gərmə;
- liposaksiya;
- qulaq formasının dəyişdirilməsi.
Estetik əməliyyat nəticəsində zərər dəyibsə, məsələ sadəcə “əməliyyat uğursuz alındı” kimi qiymətləndirilmir. Hüquqi tələb irəli sürmək üçün əsas məsələ həkimin və ya klinikanın xidmət göstərərkən öhdəliklərini pozub-pozmamasının müəyyən edilməsidir.
Hansı hallarda zərər tələb oluna bilər?
- əməliyyat düzgün aparılmayıbsa;
- həkim tibbi standartlara uyğun davranmayıbsa;
- pasiyentə əməliyyatın mümkün riskləri barədə lazımi məlumat verilməyibsə;
- əməliyyata razılıq başqa şərtlərlə alınıb, lakin faktiki olaraq fərqli müdaxilə edilibsə;
- razılaşdırılmış nəticədən, fərqli nəticə əldə edilibsə;
- əməliyyatdan sonra lazımi tibbi nəzarət və müalicə göstərilməyibsə, nəticədə sağlamlığa əlavə zərər dəyibsə;
- yenidən əməliyyat və ya müalicə xərcləri yaranıbsa.
Nələri tələb etmək mümkündür?
- Maddi zərər – müalicə, dərman, əlavə əməliyyat, müayinə və digər əsaslandırılmış xərclər.
- Mənəvi zərər – fiziki ağrı, psixoloji sarsıntı, görünüşün əhəmiyyətli dərəcədə pisləşməsi və digər mənəvi iztirablarla bağlı kompensasiya.
Mənəvi zərərə görə kompensasiya – hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən iddia tələbindən kənara çıxılmamalı, iddiaçı tərəfindən tətbiqi tələb edilən üsullar və həcm həddi aşılmamaq şərtilə qiymətləndirmə aparılmalıdır.
Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır.
Belə işlərdə adətən aşağıdakı sübutlar əhəmiyyətlidir:
- əməliyyatdan əvvəlki və sonrakı fotoşəkillər;
- tibbi sənədlər və epikrizlər;
- analiz və müayinə nəticələri;
- əməliyyatla bağlı müqavilə və ödəniş qəbzləri;
- həkimlə yazışmalar;
- əməliyyata razılıq sənədi;
- tibbi rəylər;
- əlavə müalicə və əməliyyat xərclərini təsdiq edən sənədlər.
Xüsusilə məhkəmə-tibbi və ya tibbi ekspertiza nəticəsi mühüm ola bilər. Ekspertiza əməliyyat zamanı yol verilmiş pozuntunun olub-olmadığını, yaranmış zərərin əməliyyatla əlaqəsini və digər tibbi məsələləri aydınlaşdırmağa kömək edə bilər.
Estetik əməliyyat nəticəsində sağlamlığa dəymiş maddi və mənəvi zərərin əvəzinin tələb edilməsinə dair ərizə, şikayət, iddia ərizələrinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
4. Əməliyyat etdirmişəm, uğursuz olub, nə edə bilərəm?

Əgər estetik əməliyyat keçirmisiniz və nəticə uğursuz olubsa, hüquqi baxımdan zərərin əvəzinin tələb edilməsi mümkün ola bilər. Amma bunun üçün əvvəlcə əməliyyatın niyə uğursuz olduğunu müəyyənləşdirmək lazımdır. Siz nə edə bilərsiniz?
- Bütün tibbi sənədləri, xüsusilə sizə dəymiş maddi və mənəvi zərəri təsdiq edən sənədləri toplayın.
- əməliyyat müqaviləsi;
- ödəniş qəbzi;
- əməliyyata razılıq sənədi;
- epikriz və digər tibbi sənədlər;
- əməliyyatdan əvvəl və sonrakı fotoşəkillər;
- həkimlə yazışmalar.
- Sonrakı müalicə, əlavə əməliyyat, dərman və müayinələrə çəkilən xərclərin qəbzləri.
2. Klinikaya və ya həkimə yazılı tələb göndərmək olar. Həmin müraciətlə sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz. Əgər imtina edilərsə, çəkilmiş xərclərin, əlavə müalicə xərclərinin və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraicət etmək hüququnuz vardır.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
5. Həkim səhlənkarlığı

Estetik əməliyyat zamanı həkimin səhlənkar və ya tibbi standartlara uyğun olmayan hərəkətləri nəticəsində pasiyentin sağlamlığına və xarici görünüşünə zərər dəyibsə, o, sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəməyə müraciət
Belə hallarda əməliyyatla bağlı bütün tibbi sənədlərin, ödəniş qəbzlərinin, fotoşəkillərin və digər sübutların toplanması vacibdir. Həmçinin müstəqil tibbi mütəxəssisdən rəy alınması əməliyyat zamanı tibbi səhv və ya səhlənkarlığın olub-olmadığının müəyyənləşdirilməsinə kömək edə bilər. Əgər həkimin və ya tibb müəssisəsinin hərəkəti nəticəsində zərər dəydiyi sübuta yetirilərsə, konkret vəziyyətdən asılı olaraq müalicə və əlavə əməliyyat xərclərinin, digər maddi zərərin və mənəvi zərərin əvəzinin ödənilməsi məhkəməyə müraciət olunaraq tələb oluna bilər.
Məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Prokurorluğa müraciət
Əgər həkimin öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində pasiyentin sağlamlığına ciddi zərər dəydiyi halda, prokurorluğa şikayətlə prokurorluğa müraciət etmək olar. Bu halda həmin həkim barəsində Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən cinayət işi açıla bilər.
Belə ki, Cinayət Məcəlləsinin 142.1-ci maddəsinə əsasən qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda –
2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 142.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda –
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu Məcəllənin 142.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda –
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
6. Həkim səhvinə görə kompensasiya

Bəli. Həkimin səhvi nəticəsində sizin sağlamlığınıza zərər dəyibsə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzi üçün kompensasiya tələb edə bilərsiniz.
Kompensasiya kimi, konkret vəziyyətdən asılı olaraq:
- maddi zərər — müalicə, dərman, əlavə əməliyyat və digər zəruri xərclər;
- mənəvi zərər — fiziki ağrı, psixoloji sarsıntı və digər mənəvi iztirablar;
- gələcək müalicə ilə bağlı əsaslandırılmış xərclər
Mənəvi zərər anlayışına aydınlıq gətirək:
Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır.
Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.).
Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.
Mənəvi zərərə görə kompensasiya – hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
Fiziki şəxsin sağlamlığına zərər dəydikdə o, maddi zərərlə yanaşı, mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mənəvi zərər tələbləri yalnız həmin şəxsin özü tərəfindən irəli sürülə bilər.
Sağlamlığa dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
7. Həkim səhlənkarlığı cinayət məcəlləsi

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, tibbi xidmətin göstərilməsi qaydalarını pozma, yəni qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eləcə də ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilənişlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradan əməllərdir.
Bu əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması cinayətin ağırlaşdırıcı əlamətləridir.
Müvafiq dəyişikliklərə uyğun olaraq, tibbi xidmətin göstərilməsi qaydalarını pozma ilə əlaqədar cinayət işi prokurorluqda başlandıqda ibtidai istintaq prokurorluq, daxili işlər (polis) orqanları tərəfindən başlandıqda isə həmin orqanlar tərəfindən aparılır.
8. Həkim səhvi

Həkim səhvi — həkimin tibbi yardım göstərərkən müəyyən edilmiş tibbi qaydalara, standartlara və peşə tələblərinə uyğun davranmaması nəticəsində pasiyentin sağlamlığına zərər dəyməsi halıdır.
Məsələn:
- yanlış diaqnoz və ya müalicə;
- lazımi müayinələrin aparılmaması;
- əməliyyatın riskləri barədə pasiyentin lazımi qaydada məlumatlandırılmaması;
- əməliyyatdan sonra lazımi tibbi nəzarətin göstərilməməsi.
Həkim səhvi nəticəsində sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə, habelə cinayət işinin açılması üçün prokurorluğa müraciət etmək olar.
Sağlamlığa dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
9. Həkim səhlənkarlığına görə dəymiş zərəri necə tələb edə bilərəm?

Həkim səhlənkarlığından dolayı sağlamlığınıza ziyan dəyibsə, həmin şəxs barəsində cinayət işinin açılması üçün müvafiq ərazi üzrə prokurorluğa şikayətinizi bildirə bilərsiniz.
Habelə, sizə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün iddia ərizəsi (mülki iddia ərizəsi) ilə məhkəməyə müraciət etmək hüququnuz vardır.
Məhkəməyə müraciət üçün:
- Bütün tibbi sənədləri toplayın – əməliyyat sənədləri, epikriz, analizlər, fotoşəkillər, həkimlə yazışmalar və ödəniş qəbzləri.
- Müstəqil tibbi rəy alın – mümkün tibbi səhvin və zərərin müəyyənləşdirilməsi üçün.
- Zərəri sənədləşdirin – əlavə əməliyyat, müalicə, dərman və müayinələrə çəkilən bütün xərcləri təsdiqləyən sənədləri saxlayın.
- Klinikaya/həkimə yazılı tələb göndərin – dəymiş maddi və mənəvi zərərin kompensasiya edilməsini tələb edə bilərsiniz.
- Kompensasiya könüllü ödənilməzsə, məhkəməyə müraciət edə bilərsiniz.
Sağlamlığınıza dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
10. Həkim səhlənkarlığına görə hansı cəza nəzərdə tutulub?

Cinayət Məcəlləsinin 142.1-ci maddəsinə əsasən qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi
ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda –
2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda –
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda –
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
Həmin əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda –
3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
11. Hüquqi məsləhət

Əgər estetik əməliyyat nəticəsində sağlamlığınıza ziyan dəyibsə, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə iddia ərizəsinin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
Müəllif: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil Ülkər Həmidli
İstinadlar: Cinayət Məcəlləsi; “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” AR Ali Məhkəməsinin Plenumun 24 dekabr 2025-ci il tarixli Qərarı
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


