
Əlillik üçün müraciətimə imtina cavabı verilib. Nə edə bilərəm?
1. Əlillik nədir?

Əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır.
2. Əlilliyin müəyyən edilməsi meyarları

Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti (əlilliyi) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
Özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı insanın həyat fəaliyyətinin əsas kateqoriyalarını təşkil edir və həmin kateqoriyalar üzrə I, II, III dərəcə olmaqla məhdudlaşma dərəcələri vardır ki, həmin dərəcələr əlilliyin müəyyən edilməsi meyarları hesab edilir.
Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyətinin yuxarıda qeyd olunan kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması – orqanizm funksiyasının 81-100 faiz pozulmasını; II dərəcə məhdudlaşması orqanizm funksiyasının 61-80 faiz pozulmasını; I dərəcə məhdudlaşması orqanizm funksiyasının 31-60 faiz pozulmasını göstərir.
“Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə orqanizm funksiyasının pozulmasının faiz göstəricisi və müddəti (bütün xəstəliklərin cədvəli) ilə tanış ola bilərsiniz.
3. Əlilliyin qiymətləndirilməsi qaydası

Əlilliyi qiymətləndirilməsi tibbi-sosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.
Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:
ümumi səbəblərdən:
1.ümumi xəstəlik;
2. istehsalat zədəsi;
3. peşə xəstəliyi;
4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;
5. hərbi xidmət dövrü ilə əlaqədar;
6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;
7. terror hadisəsi ilə əlaqədar;
xüsusi səbəblərdən:
1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;
3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır.
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən çox pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı, yəni bir neçə xəstəlik, zədə və ya çatışmazlıq olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir.
Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir.
Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (forma 88) əsasında aparılır.
İlk addım: Göndərişin (Forma-88) tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə (poliklinikaya) müraciət edir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.
İkinci addım: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.
TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 iş gününədək uzadıla bilər.
Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat şəxsin mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir. Bunun üçün göndərişdə şəxsin öz adına olan mobil nömrəsinin qeyd olunması vacibdir. Qəbul edilən qərardan narazı olan vətəndaş onlayn növbə alaraq Mərkəzi TSEK-ə və ya yaşadığı ərazi üzrə TSEK-ə müraciət edə bilər. Burada vətəndaş həkim-ekspert komissiyası tərəfindən əyani müayinə olunur və qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirmə aparılır. Vətəndaşa əlillik təyin olunduqdan sonra Dövlət Sosial Müdafiə Fonduna və ya DOST Mərkəzinə yaxınlaşa bilər.
Xüsusilə bildirək ki, əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür.
Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
4. Əlillik dərəcəsinin müəyyən olunması

Əlilliyi qiymətləndirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.
Əlilliyin müəyyən edilməsi üçün onun qiymətləndirilməsi lazımdır. Belə ki, TSEK 10 iş günündən çox olmamaqla göndərişdə (forma 88) qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 iş gününədək uzadıla bilər.
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən çox pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
5. Əlillik altsistemi

“Əlilliyin qiymətləndirilməsi” Qaydasına əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (altsistem) vasitəsilə aparılır.
Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (forma 88) əsasında aparılır.
Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür.
Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir.
TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, həmin müddət 15 iş gününədək uzadıla bilər.
6. Əlillik dərəcəsinin yoxlanılması

Əlillik dərəcəsini yoxlamaq, əlilliyin təyin edilib-edilmədiyini yoxlamaq üçün Elektron Hökümət Portalı üzərindən (e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini seçməklə, daha sonra Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi pəncərəsinə daxil olmaqla şəxsiyyəti təsdiq edən sənəd üzrə və ya forma 88 üzrə axtarış edərək məlumat əldə edə bilərsiniz.
7. Müddətsiz əlillik

7.1.Əlillik Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, müddətsiz təyin olunur.
7.2.Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il əlillik davam etdikdə, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il əlillik davam etdikdə və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində əlillik davam etdiyi halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
7.3.Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək (yəni köhnə qanunvericiliyə əsasən) əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri I, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi göstərilirdi. Hazırda isə əlillik dərəcələrlə deyil, orqanizmin pozulmasının faiz göstəriciləri ilə müəyyən edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
7.4.“Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlar ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və ya sosial müavinət (köhnə adı ilə sosial pensiya) almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.
8. Ömürlük əlillik

Ömürlük əlillik əlilliyin müddətsiz təyin edilməsidir. Orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında (3-cü dərəcə əlillik) ardıcıl olaraq 15 il davam etdikdə, 61-80 faiz aralığında (2-ci dərəcə əlillik) ardıcıl olaraq 10 il davam etdikdə və 81-100 faiz aralığında (1-ci dərəcə əlillik) ardıcıl olaraq 4 il müddətində davam etdiyi halda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Yaşa görə pensiya və yaşa görə müavinət alan şəxslərə də əlillik ömürlük, yəni müddətsiz təyin edilir.
Əlillik 1 il, 2 il, 5 il və digər müddətlərə təyin edilə bilər.
“Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə orqanizm funksiyasının pozulmasının faiz göstəricisi və müddətsiz (ömürlük) əlilliklə təyin edilən xəstəliklərlə (əlillik üçün əsas olan bütün xəstəliklər cədvəli) tanış ola bilərsiniz.
9. Əlilliyə görə pensiya məbləği

“Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunmuşdur.
Təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən (320 manatdan) aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Orqanizm funksiyasının itirilməsinin 31-100 faiz aralığı ( 1-ci, 2-ci, 3-cü qrup əlillik) üzrə əmək pensiyasının minimum məbləği 320 manat təşkil edir. Maksimal məbləği isə sığorta stajından asılı olaraq dəyişir.
10. Əlilliyə görə müavinət

“Sosial müavinətlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial müavinətlər qanunvericilikdə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Əgər əlilliyi olan şəxsin əmək pensiyası almaq hüququ yoxdursa, o, əlilliyə görə sosial müavinət almaq hüququna malikdir.
Müavinətin məbləği:
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat;
orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 250 manat;
orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 180 manat.
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezident təqaüdünün aylıq məbləğləri aşağıdakı kimidir:
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 manat;
Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;
Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdünün məbləği:
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 120 manat müəyyən edilmişdir.
11. Əlillik dərəcələri

Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək (yəni köhnə qanunvericiliyə əsasən) əlillik I, II və III dərəcə olmaqla dərəcə ilə (qrup şəklində) göstərilirdi.
Hazırda isə əlillik dərəcələrlə deyil, orqanizm funksiyalarının pozulmasının 31-60, 61-80, 81-100 faiz göstəriciləri ilə müəyyən edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
12. Əlillik dərəcələri pensiya

Hazırda əlillik dərəcələrlə deyil, orqanizm funksiyalarının pozulmasının 31-60, 61-80, 81-100 faiz göstəriciləri ilə müəyyən edilir.
“Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunmuşdur.
Orqanizm funksiyasının pozulmasının 31-100 faiz aralığı ( 1-ci, 2-ci, 3-cü qrup əlillik) üzrə əmək pensiyasının minimum məbləği 320 manat təşkil edir. Maksimal məbləği isə sığorta stajından asılı olaraq dəyişir.
13. 1-ci qrup əlillik kimlərə verilir?

1-ci dərəcə (qrup) əlillik tam əmək qabiliyyətinin, özünəqulluq imkanının itirilməsi, çox ağır xəstəliklər, pozuntular, tam hərəkətsizlik, ciddi məhdudiyyətlərlə müşayiət olunan əlillik dərəcəsidir. Bu əlillik adətən başqasının daimi köməyinə ehtiyac duyan şəxslərə təyin edilir.
Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək (yəni əlilliklə bağlı köhnə qanunvericiliyə əsasən) hazırda istifadə olunan orqanizm funskiyalarının 81-100 faiz pozulmasına görə əlillik 1-ci dərəcə (qrup) əlillik olaraq tanınırdı.
Hazırda isə 1-ci dərəcə (qrup) əlilliyi olan şəxs termini qanunvericilikdən çıxarılmış və artıq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlillik kimi adlandırılır və bu faiz aralığında əlillik müəyyən edilir. Hal-hazırda 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində əlillik müəyyən edildiyi halda əlillik müddətsiz təyin edilir.
14. 1-ci qrup əlillərin pensiyası nə qədərdir 2025

Əmək pensiyaları haqqında Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub. Əgər şəxs əmək pensiyası hüququna malikdirsə, həmçinin ona 1-ci dərəcə (qrup) əlilliklə bağlı əmək pensiyası hesablanırsa, həmin pensiyanın minimum məbləği 320 manat təşkil etməlidir. Həmin şəxslər üçün əmək pensiyasının maksimal məbləği onların ümumi sığorta stajından asılı olaraq dəyişir.
Əgər şəxsin əmək pensiyası hüququ yoxdursa, orqanizm funksiyasının 81-100 faiz pozulmasına görə (1-ci qrup əlillik) müavinət alırsa, həmin müavinətin məbləği 300 manat edir.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat Prezident təqaüdü, gözdən əlilliyi (görmə əlilliyi) müəyyən edilmiş şəxslərə isə 350 manat Prezident təqaüdü təyin edilir.
15. 2-ci qrup əlillərin pensiyası nə qədərdir 2025

Əlilliyə görə əmək pensiyasının məbləği fərdi hesabda toplanmış pnesiya kapitalına görə müəyyən edilir. Hazırda minimum əmək pensiyası məbləği 320 manatdır. Əgər orqanizm funksiyasının 61-80 faiz itirilməsinə görə əlilliyi olan şəxs (2-ci qrup əlilliyi olan şəxs) əmək pensiyası hüququna malikdirsə və hesablanan pensiya 320 manatdan azdırsa, həmin şəxs avtomatik olaraq 320 manat əlilliyə görə əmək pensiyası alır.
Həmin şəxslər üçün əmək pensiyasının maksimal məbləği onların ümumi sığorta stajından asılı olaraq dəyişir. 2-ci qrup əlilliyi olan şəxslərin əmək pensiyası hüququ yoxdursa, onlar sosial müavinət ala bilərlər.
16. 3-cü qrup əlillərin pensiyası nə qədərdir 2025

Əlilliə görə əmək pensiyasının məbləği fərdi hesabda toplanmış pensiya kapitalına görə müəyyən edilir. Hazırda minimum əmək pensiyası məbləği 320 manatdır. Əgər orqanizm funksiyasının 31-60 faiz itirilməsinə görə əlilliyi olan şəxs (3-cü qrup əlilliyi olan şəxs) əmək pensiyası hüququna malikdirsə və hesablanan pensiya 320 manatdan azdırsa, həmin şəxs avtomatik olaraq 320 manat əlilliyə görə əmək pensiyası alır.
Həmin şəxslər üçün əmək pensiyasının maksimal məbləği onların ümumi sığorta stajından asılı olaraq dəyişir. 3-cü qrup əlilliyi olan şəxslərin əmək pensiyası hüququ yoxdursa, onlara sosial müavinət təyin edilir.
17. Gözdən əlillik dərəcəsi

Gözün və gözün əlavə aparatının xəstəlikləri “Əlilliyin müəyyən edilməsi meyarlarına” Əlavədə öz əksini tapmışdır.
-daha yaxşı görən gözün görmə itiliyi korreksiya ilə 0,2-0,11 – orqanizm funksiyasının pozulması faizi 35-60, əlillik müddəti 2 il
– daha yaxşı görən gözün görmə itiliyi korreksiya ilə 0,1-0,05 – orqanizm funksiyasının pozulması faizi 65-80, əlillik müddəti 2 il
– daha yaxşı görən gözün görmə itiliyi korreksiya ilə 0,04-0 – orqanizm funksiyasının pozulması faizi 90, əlillik müddəti müddətsiz
– görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05, digər gözdə korreksiya ilə 0,3-dən yuxarı – orqanizm funksiyasının pozulması faizi 50, əlillik müddəti müddətsiz
– görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05, digər gözdə korreksiya ilə 0,21-0,3 – orqanizm funksiyasının pozulması faizi 60, əlillik müddəti müddətsiz
– görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05, digər gözdə korreksiya ilə 0,11-0,2 – orqanizm funksiyasının pozulması faizi 70, əlillik müddəti müddətsiz
– bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyi 0,04-0), digər gözdə korreksiya ilə 0,1-dən aşağı – orqanizm funksiyasının pozulması 65-80, əlillik müddəti müddətsiz təyin olunur.
Əgər şəxs əmək pensiyası hüququna malikdirsə, həmçinin ona əlilliklə bağlı əmək pensiyası hesablanırsa, həmin pensiyanın minimum məbləği 320 manat təşkil edir.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə ödənilən Prezident təqaüdünün məbləği 350 manat müəyyən edilmişdir.
Gözdən əlilliyi olan şəxslərə təyin edilən müavinətin məbləği:
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat
orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 250 manat
orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 180 manat.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə ödənilən Prezidentin təqaüdünün məbləği 120 manat müəyyən edilmişdir.
18. Hansı xəstəliklərə əlillik düşür?

“Əlilliyin müəyyən olunması meyarları”na əsasən aşağıdakı xəstəliklərə görə əlillik verilə bilər:
- Tənəffüs sistemi orqanlarının xəstəlikləri
- Qan dövranı sisteminin xəstəlikləri
- Həzm sistemi orqanlarının xəstəlikləri
- Sidik cinsiyyət sisteminin xəstəlikləri
- Qan, qanyaradıcı orqanların xəstəlikləri və immunomexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular
- Sinir sistemi xəstəlikləri
- Psixi və davranış pozuntuları
- Gözün və gözün əlavə aparatının xəstəlikləri
- Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri
- Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları
- Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları
- Dəri və dərialtı toxumanın xəstəlikləri
- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri
- Yenitörəmələr.
19. Əlillik vəsiqəsi

Əlillik vəsiqəsi əlilliyi müəyyən edilmiş şəxslərə verilən rəsmi sənəddir. Əlillik vəsiqəsi əlilliyi olan şəxsin hüquqlarını rəsmiləşdirir və onlara sosial təminat, güzəşt və imtiyazlardan istifadə etməyə imkan verir. Son vaxtlarda kağız vəsiqələr verilmir, bütün məlumatlar əlilliyi olan şəxslərin vahid reyestrinə daxil edilir.
“Əlilliyi olan şəxslərin reyestrinin aparılması” Qaydasına əsasən Reyestr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əlilliyi olan şəxslər barəsində formalaşdırılan elektron sənədlər və ya sənədlər toplusundan (sənədləşdirilmiş informasiyadan) ibarət informasiya ehtiyatıdır. Başqa sözlə, reyestr əlilliyi müəyyən edilmiş şəxslər barədə ölkə üzrə vahid informasiya bazasıdır.
Reyestrin aparılmasını təmin edən səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
20.Əlilliklə bağlı şikayət qaydası

Əlilliyin qiymətləndirilməsi barədə qərarla razı deyilsinizsə və ya əlilliyin təyin edilməsindən imtina cavabı almısınızsa, “İnzibati icraat haqqında” Qanuna və İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərsiniz.
Əlilliyin qiymətləndirilməsi (əlilliyin təyin edilməsindən imtina) barədə qərarlardan verilmiş şikayətlərə inzibati qaydada Nazirlik və Agentlik tərəfindən baxılır.
Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
Bununla yanaşı, Agentliyə və ya Nazirliyə edilən müraciətləriniz nəticə vermədiyi halda inzibati məhkəməyə müraciət edə bilərsiniz. Belə ki, əgər əlilliyin təyin edilməsinə əsassız şəkildə imtina edilibsə, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edib iddia qaldıra bilərsiniz.
İnzibati mübahisələr üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar.
Əlilliyin təyin edilməsindən imtina cavabı almısınızsa, məhkəməyə iddia ərizəsinin, vəsatətlərin, ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın