
Qanunsuz ağac kəsməyin məsuliyyəti
1. Ağacların kəsilməsi haqqında məlumat

Qanunsuz ağac kəsmə, yaşıllıqların məhv edilməsi bu əməlləri törədən şəxslər barəsində həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Qeyd etmək lazımdır ki, ağaclar təbiətin ağciyərləri hesab olunur. Onlar təbiətdə oksigen balansının təmin edilməsində, oksigenin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır. Ağaclara zərər vurulması, yaşıllıqların məhv edilməsi insanların sağlamlığı üçün təhlükədir.
2.Qanunsuz ağac kəsmə inzibati məsuliyyət

Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir.
Meşə Məcəlləsinin 7-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan yaşıllıqlar:
xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar:
xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar;
kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər);
ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);
məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);
xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).
Qanunsuz ağac kəsmə və ya onların məhv edilməsinə görə inzibati məsuliyyət:
1)İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə:
fiziki şəxslər 700 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 4500 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.
2)İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə
fiziki şəxslər 2000 manat miqdarında, vəzifəli şəxslər 4000 manat miqdarında, hüquqi şəxslər 25000 manat miqdarında cərimə edilir.
3)Həmin Məcəllənin 253.3-cü maddəsinə əsasən eyni inzibati xəta:
-şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə:
fiziki şəxslər 2200 manat miqdarında, vəzifəli şəxslər 5000 manat miqdarında, hüquqi şəxslər 35000 manat miqdarında cərimə edilir.
-magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə:
fiziki şəxslər 2500 manat miqdarında, vəzifəli şəxslər 6000 manat miqdarında, hüquqi şəxslər 40000 manat miqdarında cərimə edilir.
–su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə:
fiziki şəxslər 3000 manat miqdarında, vəzifəli şəxslər 7000 manat miqdarında, hüquqi şəxslər 45000 manat miqdarında cərimə edilir.
Ağac və ya kolların zədələnməsinə görə inzibati məsuliyyət:
İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə:
fiziki şəxslər 100 manat miqdarında, vəzifəli şəxslər 200 manat miqdarında, hüquqi şəxslər 1000 miqdarında cərimə edilir.
İXM-nin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta:
-şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə görə:
fiziki şəxslər 200 manat miqdarında, vəzifəli şəxslər 400 manat miqdarında, hüquqi şəxslər 2000 manat miqdarında cərimə edilir.
-magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə görə:
fiziki şəxslər 300 manat miqdarında, vəzifəli şəxslər 600 manat miqdarında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə edilir.
-su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə görə:
fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 1000 manat miqdarında, hüquqi şəxslər 5000 manat miqdarında cərimə edilir.
-Ağaclar, kollar və digər yaşıllıqlar odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində məhv olduqda və ya zədələndikdə:
fiziki şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 2500 manatadək məbləğdə cərimə edilir.
Qeyd olunan maddələri İXM-nin həmin maddələrində göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Yuxarıda nəzərdə tutulan inzibati cərimələr kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağac kəsməyə, kolların və ya digər yaşıllıqların zədələnməsinə, məhv edilməsinə şamil edilmir.
3. Həyətdə ağac kəsmək

Qanunvericiliyə əsasən xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində ağac kəsmə, məhv etmə və zədələməyə görə inzibati və ya cinayət məsuliyyəti daşımırsınız. Lakin həmin ərazilərin sizin mülkiyyətinizdə olmasını təsdiq edən sənədləriniz olmalıdır. Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi və Cinayət Məcəlləsinin 259-cu və 260-cı maddələri sizə şamil edilmir.
4. Həyətyanı sahədə ağac kəsmək

Əgər xüsusi mülkiyyətinizdə olan həyətyanı və bağ sahələrində olan ağacları kəsmisinizsə, zədələmisinizsə, məhv etmisinizsə, buna görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməzsiniz. Xüsusilə qeyd edək ki, həyətyanı və bağ sahələrində ağac kəsmək üçün həmin ərazinin sizin mülkiyyətinizə aid olması barədə təsdiqedici sənədləri olmalıdır.
Əgər həyətyanı torpaqların, bağ sahəsinin sənədi, xüsusi mülkiyyətə dair dövlət reyestrindən çıxarış varsa, həmin ərazilər sizin mülkiyyətinizdə olduğuna görə orada ağac kəsmək sizin ixtiyarınızdadır. Buna görə məsuliyyət daşımırsınız.
Yox əgər həmin torpaq sahələri üzərində mülkiyyəti təsdiq edən sənədiniz yoxdursa, o zaman həmin torpaq sahələrində bitən ağacı kəsməyiniz qanunvericiliyə ziddir və məsuliyyət yaradır.
Sizin istifadənizdə olan, xüsusi mülkiyyətdə olmayan həyətyanı ərazilərdə ağac kəsmə məsuliyyətə səbəb olur. Həmin ərazilərdə yaşıllıqların götürülməsi (ağac kəsmə) üçün fiziki və hüquqi şəxslər istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.
Siz ağacı özünüz əksəniz belə, həmin ağac sizin həytyanı sahənizdən kənardadırsa, ağac kəsmək üçün mütləq torpaq mülkiyyətçisinə (yerli icra hakimiyyəti və ya bələdiyyəyə) müraciət etməlisiniz.
5. Quru ağacların kəsilməsi

“Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli qərarına əsasən “Yaşıllıqların Götürülməsi Qaydası”nın 2.2.4-cü maddəsinə əsasən ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda yaşıllıqların götürülməsinə (ağac kəsmə) yol verilir. Həmin Qaydanın 4.6.5-ci maddəsinə əsasən qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz.
6. Qanunsuz ağac kəsmə cinayət məsuliyyəti

İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsində ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsinə görə inzibati cərimə məbləğləri öz əksini tapmışdır.
Qanunsuz ağac kəsmə inzibati məsuliyyətdən başqa cinayət məsuliyyətinə də səbəb ola bilər.
Qanunsuz ağac kəsməyə görə cinayət məsuliyyəti
Belə ki, Cinayət Məcəlləsinin 259.1-ci maddələrinə əsasən qanunsuz ağac kəsmə, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan (5000 manatdan yuxarı, lakin 20000 manatdan çox olmayan məbləğ) vurduqda:
cinayət nəticəsində vurulmuş ziyanın 2 misli miqdarında cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qanunsuz ağac kəsmə:
1. təkrar törədildikdə;
2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
3. külli miqdarda ziyan vurmaqla (20000 manatdan yuxarı, 50000 manatdan çox olmayan məbləğ) törədildikdə –
cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qanunsuz ağac kəsmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə:
cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə, xüsusilə külli miqdarda ziyan vurmaqla (50000 manatdan yuxarı) törədildikdə:
cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd olunan müddəalar kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.
Ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələməyə görə cinayət məsuliyyəti
Cinayət Məcəlləsinin 260-cı maddəsinə əsasən odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə xeyli miqdarda (5000 manatdan yuxarı, 20000 manatdan çox olmayan) ziyan vurmaqla törədildikdə:
cinayət nəticəsində vurulmuş ziyanın 2 misli miqdarında cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər külli miqdarda (20000 manatdan yuxarı, 50000 manatdan çox olmayan məbləğ) ziyan vurmaqla törədildikdə –
cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə,
Həmin əməllər xüsusilə külli miqdarda (50000 manatdan yuxarı) ziyan vurmaqla törədildikdə:
cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, tullantılarla çirklənməsi nəticəsində, ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə:
cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə,
Həmin əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə:
cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə edilməklə və ya edilməməklə 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə:
cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
7. Yaşıllıqların götürülməsi qaydası

7.1.Yaşıllıqların götürülməsi (ağac kəsmə) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadədə olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında mümkündür. Fiziki və hüquqi şəxslər yaşıllıqların götürülməsi (ağac kəsmə) məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.
7.2.Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur:
hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti;
fiziki şəxslər üçün – soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti;
götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd;
yaşıllığın götürülməsinin əsaslandırılması.
Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi (ağac kəsmə) müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər.
7.3.Yaşıllıqların götürülməsinə (ağac kəsməyə) dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır.
2 təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur.
Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir.
İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 təqvim günündən gec olmayaraq qəbul edilir və yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.
Yaşıllığın götürülməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir.
İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2 gün müddətində məlumat üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.
8. Ağac kəsmək üçün icazə

Xüsusi mülkiyyətinizdə olan həyətyanı və bağ sahələrində ağac kəsmək, kolların və ya digər yaşıllıqların kəsilməsi üçün icazə tələb olunmur. Əgər ağacların, kolların və ya digər yaşıllıqların yerləşdiyi torpaq sahələri sizin xüsusi mülkiyyətinizdə deyilsə, o zaman həmin yaşıllıqların kəsilməsi üçün yerli icra hakimiyyəti və ya bələdiyyənin icazəsi lazımdır. Həmçinin xüsusi mülkiyyətinizdə olmayan torpaqda sizin əkdiyiniz ağaclar olsa belə həmin ağac kəsmə qanunvericiliyə ziddir və buna görə məsuliyyət daşıya bilərsiniz.
Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi (ağac kəsmə) müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər.
Əgər ərazidə hər hansı qurumuş ağac varsa, torpaq mülkiyyətçisi kimdirsə ona müraciət olunmalıdır. Yəni ya yerli icra hakimiyyətinə, ya da bələdiyyəyə məlumat verilməlidir. Onlar öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edir və rəy alırlar. Rəydən sonra yerli icra hakimiyyəti və ya bələdiyyələr ağac kəsmə barədə qərar qəbul etməlidir.
9. Hansı ağacları kəsmək olar?

Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki ağacların, kolların və ya digər yaşıllıqların zədələnməsi, kəsilməsi və ya məhv edilməsi inzibati və ya cinayət məsuliyyətinə səbəb olmur. Həmin ağacları kəsə bilərsiniz.
Lakin bir məqamı qeyd edək ki, sizin mülkiyyətinizdə olan həyətyanı sahənizdə və ya bağ sahələrinizdə qırmızı kitaba daxil edilmiş və ya xüsusi mühafizə olunan bitkilər vardırsa, qırmızı kitaba daxil edilmiş və ya xüsusi mühafizə olunan bitki növlərinin qorunması üzrə tələblərin pozulması inzibati məsuliyyətə səbəb ola bilər. Belə ki, həmin ağacların zədələnməsi, məhv edilməsi və ya qanunsuz kəsilməsi məsuliyyət yarada bilər. Qanunsuz ağac kəsən şəxslər barəsində Daxili İşlər Nazirliyinin 102 qaynar xətti vasitəsilə və ya ərazi üzrə polis idarəsinə yaxınlaşıb məlumat verə bilərsiniz.
Gələcəyimiz, sağlamlığımız üçün meşələri, ağacları məhv etməyək, kəsməyək, onlara qulluq edək, qoruyaq!
Bütün növ hüquqi problemlərinizlə bağlı hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın