Digər

Müqavilədə standart şərhlər nədir?

1. Standart şərh nədir?

Müasir müqavilələrdə və xüsusən də böyük müqavilələrdə “Standart şərhlər” (İngiliscə “Interpretations”) maddələri daxil edilir. Bunlardan aşağıdakıları misal gətirmək olar:
Müqavilədə Satıcıya və Alıcıya ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” kimi istinad edilə bilər.

Bu Müqavilədəki maddələrin başlıqları Tərəflərin rahatlığı üçündür və standart şərhlər müqavilənin hər hansı müddəasının təfsir olunmasında rol oynaya bilməz.


Kontekstdən ayrı qaydanın irəli gəldiyi hal istisna olmaqla, tək halında istifadə olunan sözlərə onların cəm halından olan formaları da daxildir və cəm halında istifadə olunan sözlərə onların tək halında olan formaları da daxildir.

Bu Müqavilədə hər hansı əlavələrə və ya maddələrə istinad, bu Müqavilənin əlavələrinə və maddələrinə istinaddır.
Şəxs dedikdə istər hüquqi, istərsə də fiziki şəxs nəzərdə tutulur.


Bu Müqavilədə “daxildir” və ya “o cümlədən” sözləri heç bir məhdudiyyəti ehtiva etmir və “məhdudiyyət qoyulmadan, daxildir” və ya “o cümlədən (ancaq bunlarla məhdudlaşmadan)” kimi başa düşülməlidir.


Hər hansı Tərəfin bu Müqavilədə nəzərdə tutulan öhdəliklərinin icra etməsi öhdəliyi həmçinin öhdəliklərin icrası üçün zəruri olan sənədlərin imzalanması, təqdim edilməsi və ya əldə edilməsi və digər zəruri olan hərəkətlərin yerinə yetirilməsi öhdəliyini də ehtiva edir.


Müqavilənin məqsədləri üçün “üçüncü şəxs” dedikdə Müqaviləyə tərəf olmayan hər hansı şəxs nəzərdə tutulur.

Müqavilələrdə digər standart şərhlərə də rast gəlmək olar. Bu cür maddələr müqavilənin yazılması prosesini asanlaşdırır. Misal üçün, alqı-satqı müqaviləsində hər hansı mala dair müddəa digər mallara da şamil edilə bilər:


Satıcı 10 ədəd Əşyanı Alıcıya Satır. Hər bir Əşyanın qiyməti 100 manatdır. Alıcı hər hansı Əşyanın qiymətini vaxtında ödəmədikdə, Satıcı ödənilməyən məbləğ üçün cərimənin ödənilməsini tələb edə bilər.

Bu misalda “Əşya” sözü tək halda istifadə olunur. Ancaq bu maddə tək bir əşyaya deyil, bütün 10 əşyaya aiddir. Standart şərhlərdən əlavə olaraq müqavilənin predmeti də önəm daşıyır və buna da düzgün fikir verilməlidir.

2. Müqavilə hazırlayarkən nələrə diqqət etməliyik?

  • Müqaviləni tərtib edərkən mütləq Mülki Məcəlləni və müqavilənin forması üçün tələblər nəzərdə tutan normativ-hüquqi aktları nəzərdən keçirin və yaxşı olar ki, bütün müqavilələri hüquqşünaslar və ya vəkillər tərtib etsin;
  • Sahibkarlıq subyektləri arasındakı müqavilə mütləq yazılı formada bağlanmalıdır. Bəzi müqavilələr üçün isə notarial təsdiq də vacibdir. Qanunvericilkdə notarial qaydada təsdiqi nəzərdə tutulan müqavilələr üzrə bu hərəkət aparılmazsa, o, bağlanmış sayılmır;
  • Sadə müqavilələr tərtib etmək üçün müqavilə şablonlarından istifadə edə bilərsiniz;
  • Müqavilənin mütləq əməl edilməli (dəyişməz) strukturu yoxdur, sadəcə, çox tez-tez istifadə olunan standart var. Siz müqaviləyə lazımi bölmələri əlavə etməkdə azadsınız.

3. Standart şərtlər nədir?

Müqavilə bağlanarkən çox vaxt tərəflər müqavilənin şərtlərini qarşılıqlı olaraq müəyyənləşdirir və onu imzalayırlar. Standart şərhlərdən fərqli olaraq standart şərtlər, onun şərtlərini tərəflərdən biri (təklif edən tərəf) gələcəkdə bir neçə dəfə istifadə etmək üçün tərtib edir və qarşı tərəfə orada dəyişiklik etmək imkanı vermir.

Başqa sözlə, qarşı tərəf (qəbul edən tərəf) ya şərtləri qəbul edib müqaviləni imzalamlı ya da təklif edənin təqdim etdiyi maldan və ya xidmətdən imtina etməlidir. Bunun əsas səbəbi ondan ibarətdir ki, bir çox şirkətlər gündəlik olaraq onlarla, bəzən də yüzlərlə şəxslə müqavilə bağlayır və hər qarşı tərəf müqavilə şərtləri barəsində fikir irəli sürərsə şirkətin işi çətinləşər və işin surəti zəifləyər.

Bu kimi müqavilələrə bankların, sığorta, daşıma şirkətlərinin, mobil operatorların və s. müəssisələrin müqavilələrini göstərmək olar. Belə müqavilələrin şərtlərinə müqavilənin standart şərtləri deyilir.

Mülki Məcəlləyə görə, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin qəbul edən üçün zərərlidirsə, etibarsızdır.

Həmçinin, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif edən tərəfin əleyhinə təfsir edilir.

Müqavilənin standart şərt(lər)indən zərər çəkmiş şəxslər (qəbul edən tərəflər) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin şərt(lər)in etibarsız hesab edilməsini tələb edə bilər.


Nəticə olaraq standard şərtli müqavilə hazırlayan hüquqşünaslara tövsiyyə olunur ki, belə müqaviləyə müqavilənin standard şərtli olması və qarşı tərəfin bütün şərtləri oxuyaraq razılaşması barədə bənd əlavə edərək, müqaviləni detallı oxumağı üçün qarşı tərəfə vaxt versinlər və Mülki Məcəllənin 420-ci maddəsində qeyd olunan şərtləri müqaviləyə əlavə etməkdən çəkinsinlər.

Hüquqşünas Xəlil Mahmudov

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button