
Şirkət açmaq istəyirəm. Nə etməliyəm?
1. Şirkət açmaq

1.1.Elektron (onlayn) qeydiyyat
Şirkət açmaq üçün əvvəlcə onun təşkilati-hüquqi formasını müəyyən etməlisiniz. Şirkətin açılması üçün Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edə bilərsiniz.
Belə ki, şirkət açmaq üçün ən rahat və sürətli yol Dövlət Vergi Xidmətinin nəzdində olan qurumlarda elektron qaydada qeydiyyatdan keçməkdir.
Qeydiyyat zamanı siz “ASAN İMZA” əldə etməli, yaratmış olacağınız şirkətin adı, onun nizamnamə kapitalı, hüquqi ünvanı, direktor və s. məlumatları sistemə əlavə etməlisiniz. Vergi orqanı təxminən 3 gün müddətində sizin müraciətinizə baxır, əgər müraciətinizdə uyğunsuzluqlar yoxdursa, şirkətin qeydiyyatdan keçməsi barədə sizə bildiriş göndərilir.
Hər hansı bir uyğunsuzluq olduqda isə sizə səbəbini də bildirməklə imtina bildirişi göndərirlər. İmtina üçün səbəbləri aradan qaldırdığınız halda sizin şirkəti qeydiyyata alırlar. Burada çalışmaq lazımdır ki, şirkətinizə vermək istədiyiniz addan başqa şəxslər tərəfindən istifadə edilməsin. Habelə hüquqi ünvanınız müəyyən edilsin.
Məlumatlar təsdiqləndikdən sonra şirkətin qeydiyyatdan keçməsi ilə bağlı sizə bildiriş gəldisə, sizin Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN), nizamnamə, reyestrdən çıxarış kimi sənədləriniz Dövlət Vergi Xdimətinin elektron sistemində yaratdığınız elektron kabinetdə göstərilir.
1.2.Möhür və bank hesabı
Şirkət açmaq üçün qeydiyyatdan keçdikdən sonrakı mərhələdə siz şirkət üçün möhür almalı və bank hesabı açmalısınız. Möhür əldə etmək üçün mətbəə xidməti göstərən şirkətlərdən birinə şirkətə aid olan hüquqi sənədlərinizi təqdim etməklə möhür əldə edə bilərsiniz.
Bank hesabı açmaq üçün Dövlət Vergi Xidmətinə elektron qaydada ərizə ilə müraciət edə bilərsiniz. Siz şəxsi elektron kabinetə daxil olub yeni müraciət bölməsinə daxil olub bank hesabının açılması üçün şəhadətnamə dublikatın verilməsi barədə ərizəni seçirsiniz. Ərizədə sistemdə tələb olunan məlumatları (bank adı, filialı, hesab növü, valyutanı) doldurursunuz.
Məlumatları təsdiqləndikdən sonra yeni açılan pəncərədə bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə bildiriş görünür. Həmin şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində bank hesabının açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir.
Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində bu barədə məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə banklara göndərir.
Şirkət açmaq üçün başlatdığınız bütün bu prosesləri həyata keçirdikdən sonra şirkət olaraq rəsmi fəaliyyətə başlamaq olar. Şirkətin göstərəcəyi fəaliyyət istiqamətlərindən asılı olaraq lisenziya tələb olunduğu halda, lisenziya almalısınız.
Şirkətinizin ilkin qeydiyyatı zamanı hansı vergi ödəyəcisi olacağınız da müəyyən edilməlidir (sadələşdirilmiş, gəlir, mənfəət və ya əlavə dəyər vergisi (ədv)) Siz də fəaliyyətinizə uyğun olaraq istədiyiniz vergi növünü seçə bilərsiniz.
2. MMC nədir?

Bildiyimiz kimi şirkət açmaq üçün qanunvericilikdə bir neçə təşkilati-hüquqi forma mövcuddur. Onlardan biri də Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC)
Mülki Məcəllənin 87-ci maddəsinə əsasən MMC bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.
Qanunvericilikdə MMC-nin təsisçilərinin sayı barədə məhdudiyyət qoyulmamışdır. Yəni bir şəxs və ya bir neçə şəxs MMC yarada bilər.
MMC iştirakçıları onun öhdəlikləri üçün məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.
Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
MMC təsis olunan zaman nizamnamə kapitalı ilə bağlı hər hansı bir məhdudiyyət qoyulmamışdır. Yəni, minimum və maksimum məbləğin nəqədər olması barədə limit nəzərdə tutulmur.
3. MMC qeydiyyatı

MMC yaratmaq (şirkət açmaq) üçün rahat və sürətli yol elektron qaydada müraciətin edilməsidir. Bunun üçün elektron, yəni onlayn qaydada qeydiyyat üçün Siz e-taxes.gov.az saytı üzərindən İnternet Vergi İdarəsi səhifəsinə daxil olaraq ordan “ASAN İMZA” və ya istifadəçi kod/parol/şifrə ilə qeydiyyatdan keçərək sistemə giriş edirsiniz. Sistemdə tələb olunan nömrə istənilən mobil operatora aid ola bilər, əsas şərt onun sizin adınıza qeydiyyatlı nömrə olmasıdır.
Sistemə giriş etdikdən sonra açılmış səhifədə “H/Ş (hüquqi şəxsin) elektron qeydiyyatı” bölməsini seçərək açılmış ərizə formasına tələb olunan məlumatları daxil etməlisiniz. Qeyd etmək lazımdır ki, Siz hüquqi şəxsin qeydiyyatı zamanı, həmçinin bank hesabı, ASAN imza (əgər “ASAN İMZA” yoxdursa) sifariş verə bilərsiniz.
Şirkət açmaq üçün elektron qaydada qeydiyyatdan keçərkən sizdən dövlət rüsumunun ödənilməsi tələb edilmir. Çünki hüquqi şəxslərin elektron qeydiyyatı rüsumsuz aparılır. Habelə nizamnamə kapitalının ödənilməsi üçün 3 ay möhlət də nəzərdə tutulur. Lakin adi qaydada qeydiyyatdan keçən zaman 15 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Siz şirkət açmaq üçün elektron qeydiyyatdan keçərək ərizənizi tamamladıqdan sonra 1 iş günü ərzində MMC-nin qeydiyyat sənədləri ( dövlət reyestrindən çıxarış, nimzanamə, VÖEN) Dövlət Vergi Xidməti tərəfindən Sizin elektron kabinetinizə göndərilir.
4. Nizamnamə nədir?

Mülki Məcəllənin 45-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.
Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bununla yanaşı hüquqi şəxsin təsis edilməsi barədə qərar da onun əsas təsis sənədlərindən biridir.
“Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.
Hüquqi şəxsin (MMC) nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası, habelə nizamnamə kapitalı, cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, icra orqanı barədə məlumatlar göstərilir və müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir.
Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir.
5. Kommersiya hüquqi şəxslərin qeydiyyatı

Kommersiya hüquqi şəxslərin qeydiyyatı zamanı hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notarial qaydada təsdiqlənir.
Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Dövlət Vergi Xidmətində saxlanılır, surəti isə ərizənin əsli müraciət etmiş şəxsə qaytarılır.
Təqdim olunmuş sənədlərdə imtina üçün əsaslar olduğu halda müraciətin icrasından imtina edilir və açkar olunan çatışazlıqların aradan qaldırılması üçün müraciətçiyə məlumat verilir. İmtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilir.
Hüquqi şəxs barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir və müraciət etmiş şəxsə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilir.
5.1.Şirkət açmaq üçün qeydiyyat zamanı tələb olunan sənədlər:
1.Hüquqi şəxs statusu almaq istəyən qurumun nizamnaməsi – sənədin əsli
2.Qanuni təmsilçi təyin edildiyi halda onun şəxsiyyət vəsiqəsi – sənədin əsli
3.Fondlar üçün nimanamə kapitalının ödənilməsini təsdiq edən sənəd -sənədin əsli
4.Ərizə – notarial qaydada təsdiq edilmiş əsli (təsisçi fiziki şəxs olduqda onun adı, soyadı, ata adı, yaşadığı yer, şəxsiyyət vsiqəsinin seriya nömrəsi və verilmə tarixi, təsisçi hüquqi şəxs olduqda onun adı, olduğu yer və qeydiyyat nömrəsi)
5.Hüquqi şəxs statusu almaq istəyən qurumun təsis edilməsi barədə qərarlar – sənədin əsli
6.Həmin qurumun nizamnaməsinin təsdiq edilməsi barədə qərarlar – sənədin əsli
7.Həmin qurumun idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar – sənədin əsli
8.Dövlət rüsumunun ödənilməsi barədə sənəd – sənədin əsli ( adi qaydada qeydiyyat zamanı dövlət rüsumu 15 manat təşkil edir)
9.Təsisçi hüquqi şəxs olduqda nizamnaməsi – notarial təsdiq edilmiş surəti
10.Təsisçi hüquqi şəxs olduqda – dövlət reyestrindən çıxarış – notarial təsdiq edilmiş surəti
11.Təsisçi fiziki şəxs olduqda – onun şəxsiyyət vəsiqəsi – snədin surəti (kağız formasında)
12.Hüquqi şəxs statusu alamq istəyən üurumun hüquqi ünbanını təsdiq edən sənəd – sənədin əsli.
6. Hüquqi şəxsin elektron qeydiyyatı

6.1.MMC-nin elektron qeydiyyatı zamanı tələb olunan sənədlər:
Ərizə – elektron formada
MMC-nin Nizmanaməsi -elektron formada
6.2.Şirkət açmaq üçün qeydiyyat proseduru:
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı elektron qaydada təqdim edilən ərizə əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı – hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında“Qanuna əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət – Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir.
Təsisçinin və ya təsisçilərin istəyi ilə MMC-nin dövlət qeydiyyatı elektron qaydada həyata keçirilir. Belə ki, qeydiyyat həm elektron, həm də adi qaydada həyata keçirilə bilər. Elektron dövlət qeydiyyatı adi və ya sürətli qaydada aparılır.
Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Dövlət Vergi Xidmətinin (e-taxes.gov.az) internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.
Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnaməsi əlavə edilir.
Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.
Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə- VÖEN-ə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti elektron ərizəyə Dövlət Vergi Xidməti tərəfindən əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur.
Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı MMC-nin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir.
Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı MMC-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron ünvanına real vaxt rejimində göndərilir. Həmin sənədlər kağız daşıyıcıda da təqdim edilə bilər.
Beləliklə, hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, elektron dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir.
7. Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə

Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edilməlidir.
Həmin ərizədə aşağıdakılar göstərilməlidir:
1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda – onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda – onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;
3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.
4. ərizənin formasında müəyyən edilən digər məlumatlar.
8. Kommersiya hüquqi şəxslərin reyestri

Hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.
8.1.Dövlət reyestrinə aşağıdakılar daxildir:
1. hüquqi şəxslərin təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi və hüquqi şəxsin iflas prosesində olması barədə məlumatlar;
2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar;
3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;
4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu.
8.2.Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə aşağıdakı sənədlər verilir:
1.Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.
2. Dövlət reyestrindən çıxarış. Dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir.
3.Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi. Şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir.
Kommersiya qurumları dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir.
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin fərdiləşdirilməsi üçün əsasdır.
8.3.Təsis sənədlərində edilmiş dəyişikliklərin qeydə alınması proseduru
Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.
Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edilməlidir.
Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Dəyişiklik 5 gün müddətində qeydiyyata alınır.
Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün də müraciət edilə bilər.
Bu halda dəyişiklik 3 gün üddətində qeydiyyata alınır.
Bu zaman elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.
Müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) MMC-nin elektron kabinetinə göndərilir.
Təsisçinin (təs və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.
9. Hüquqi konsultasiya
Şirkətlərin qeydiyyatı, hüquqi sənədlərinin hazırlanması, bank hesabının açılması və digər məsələlər üzrə hüquqi dəstək göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın