Müqavilənin predmet hissəsində nələrə diqqət etməliyik?
1. Müqavilənin predmeti
Hər bir müqavilənin predmeti olmalıdır. Müqavilənin predmeti aydın olmalıdır. Əks təqdirdə məhkəmə qərara gələ bilər ki, tərəflər arasında müqavilə mövcud deyildir. Bəzən müqavilənin predmetini bir cümlə ilə ifadə etmək olur: Bu Müqaviləyə uyğun olaraq Alıcı Satıcıdan Malları satın alır və Qiyməti Alıcıya ödəyir, Satıcı Malları Alıcıya satır və təhvil verir.
2. Beynəlxalq hüquqda müqavilənin predmeti
ABŞ Hüquq Fakultələrində müzakirə edilən məhkəmə işlərindən biri “Frigaliment İmporting Co” v. “B.N.S. İnternational Sales Corp.” Həmin BNS şirkəti müqaviləyə əsasən Frigaliment şirkətinə dondurulmuş formada “chicken” satmalı və təchiz etməli idi. Məhsullar hissə-hissə çatdırılırdı və birinci hissə çatdırıldıqdan sonra Frigaliment şirkəti məhsulların yaşlı toyuqlar olduqlarını gördü. Bu cür toyuqlar isə broyler və qızardılma üçün yararlı deyil. Məhkəmədə əsas mübahisə mövzusu “chicken” dedikdə nəyin başa düşülməsi idi. Frigaliment şirkətinin fikrincə “chicken” dedikdə daha cavan cücələr nəzərdə tutulur – broylerlər. BNS şirkəti iddia edirdi ki, “chicken” dedikdə istənilən quş məhsulu nəzərdə tutulur. Sonra iddiaçı Frigaliment şirkəti uduzdu, çünki məhkəmənin fikrincə iddiaçı “chicken” sözünün dar mənada işlənilməsini sübut etmək öhdəliyini yerinə yetirə bilmədi.
3. Misal ilə izah
Adətən xidmət müqaviləsində xidmət göstərənin göstərəcəyi xidmət yazılır. Misal üçün, xidmət göstərən mənzilə dair dizayn verməlidir. Tərəflər razılaşa bilərlər ki, “dizayn” sifarişçinin göstərişlərinə uyğun gəlməlidir. Ancaq bu xidmət göstərən üçün risklər yaradır, çünki göstərişlərin sayı çox ola bilər. Ona görə xidmət göstərən bu “göstərişlərə” məhdudiyyətlər qoymağa çalışmalıdır: misal üçün, müqavilədə və ya onun əlavəsində sadalanan göstərişlər.
Tez-tez rast gəlinan hallardan biri predmetin müqavilənin əlavəsində daha ətraflı izah edilməsidir. Misal üçün, malların göndərilməsi müqaviləsində (ingiliscə: supply agreement) təchiz olunacaq malların dəqiq siyahısı və onların spesifikasiyaları müqavilənin əlavəsində göstərilə bilər.
4. Müqavilə ilə bağlı tövsiyyə
Vətəndaşlar müqavilə bağlayarkən peşəkar hüquqşünas və vəkillərə müraciət etmələri tövsiyyə olunur. Müqavilənin düzgün yazılmaması gələcəkdə müxtəlif problemlər yarada bilər.
Hüquqşünas Xəlil Mahmudov
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul