Digər

Müqavilədə təsdiq və zəmanətlər üzrə risklərin idarə edilməsi

1. Təsdiq və Zəmanət barədə ümumi məlumat

Bu konsepsiya Anqlo-Sakson müqavilə hüququndan əmələ gəlir. Buna baxmayaraq müqaviləyə təsdiq və bəyanatların bu və ya digər formada daxil edilməsi geniş yayılmış praktikadır.

Tərəf müqavilədə hər hansı faktı təsdiq edir. Misal üçün, daşınmaz əmlakın icarəyə götürülməsi müqaviləsində icarəyə verən təsdiq edir ki, əmlaka heç bir üçüncü şəxsin hüquqları mövcud deyildir. Fakt ya keçmiş hadisə və ya mövcud olan və ya davam edən hadisə ola bilər. Bir qayda olaraq gələcək “fakt” ola bilməz. Bu təsdiq düzgün olmadığı halda təsdiqi verən tərəf digər tərəfi aldatmış olur (əgər təsdiq bilərəkdən yalan olmuşsa) və ya digər tərəf əqdin əsasları barədə yanılmış olur.

Tərəf müqavilədə zəmanət verməklə öhdəsinə götürür ki, onun təsdiqi düzdür və əgər bu təsdiq yalnış olarsa zəmanət pozulmuş sayılır və bu pozuntu hüquqi nəticələr yaradır. Zəmanət ayrıca hüquq institutu kimi Azərbaycan mülki hüququnda yoxdur, baxmayaraq ki, Mülki Məcəllənin və digər qanunların ayrı-ayrı maddələrində buna istinad edilir. Ona görə də zəmanət müqavilə ilə yaradılır. Şəxs təsdiq edir ki, hər hansı fakt düzdür – bu təsdiqdir.

Təsdiqi edən tərəf üzərinə götürürsə ki, bu təsdiqin yalnış olması nəticəsində digər tərəfə dəyən ziyanı ödəcəyəkdir, hesab edirik ki, şəxs mahiyyət etibarı ilə Anqlo-Sakson hüququnda olan zəmanəti yaratmış olur.

Təsdiq və zəmanətlər risklərin bölüşdürülməsi metodudur. Bir tərəf hər hansı faktı təsdiq edən zaman digər tərəfə həmin faktın düzgün olmadığı halda ondan zərərin ödənilməsi və ya müqavilənin ləğv etmək hüququ vermiş olur. Ona görə tərəflər danışıqlar aparan zaman diqqətlə baxmalıdırlar ki, hansı faktları təsdiq edirlər və necə təsdiq edirlər.

Məsələn: Satıcı təsdiq və zəmanət verir ki, onun və ya onun vəzifəli şəxslərinin, bildikləri qədər (ağlabatan araşdırma apardıqdan sonra) Malın keyfiyyətinə dair əvvəllər heç bir iddia qaldırılmamış və hazırda da qaldırılması gözlənilmir.

2. Təsdiq və zəmanətlər üzrə danışıqlar apararkən riskləri necə idarə etmək olar?


Aşağıdakı riskin idarə edilməsi vasitələrindən istifadə etmək olar:
Bilavasitə təsdiqin verilməsindən imtina etmək. Misal üçün, torpaq sahəsini satan tərəfin satdığı torpağı əhatə edən dövlətin tikinti planlarının olmaması barədə təsdiq verməsi çətin məsələ olar.

Digər tərəf imtina edilən təsdiqin əvəzinə hər hansı güzəştin əldə edilməsini – misal üçün, satış qiymətinin azaldılmasını tələb edə bilər;
Təsdiq verən potensial məsuliyyətini azaltmaq üçün təsdiqi “onun bildiyi qədər” qeydi ilə verə bilər. Misal: Satıcı təsdiq edir ki, onun bildiyi qədər satılan malın keyfiyyətində heç bir qüsur yoxdur. Burada “onun bildiyi qədər” sözlərinin əlavə edilməsi satıcının potensial məsuliyyətini azaldır;


“Onun bildiyi qədər” sözlərinə təsdiqi alan tərəf “ağlabatan araşdırma apardıqdan sonra” sözlərinin əlavə edilməsini israr edə bilər. Misal: Satıcı təsdiq edir ki, onun bildiyi qədər (ağlabatan araşdırma apardıqdan sonra) satılan malın keyfiyyətində heç bir qüsur yoxdur. Bu zaman satıcını məsuliyyətə cəlb etmək üçün alıcı sübut etməlidir ki, “əgər satıcı ağlabatan araşdırma aparsaydı” malın qüsuru barədə onda məlumat olardı.


“Bilik” meyarı ümumi şirkətə və ya müəyyən şəxsə münasibətdə istifadə oluna bilər. Misal: Satıcı təsdiq edir və zəmanət verir ki, onun müşahidə şurasının üzvlərinin və vəzifəli şəxslərinin bildiyi qədər (ağlabatan araşdırma apardıqdan sonra) satılan malın keyfiyyətində heç bir qüsur yoxdur.


Təsdiqi verən tərəf təsdiqini “əhəmiyyətlilik” meyarından istifadə etməklə məhdudlaşdıra bilər. Misal: Satıcı təsdiq edir ki, Satıcıya qarşı Əhəmiyyətli Mənfi Dəyişiklik (ƏMD) yaradan və ya Alıcının əsaslı mülahizəsinə əsasən ƏMD yaratması gözlənilən hər hansı məhkəmə iddiası mövcud deyildir.


Təsdiq və zəmanətə müəyyən həcm məhdudiyyəti qoyula bilər. Misal üçün, satıcı təsdiq edir ki, onun alıcıya siyahısını təqdim etdiyi proqram təminatları barədə heç bir iddia mövcud deyildir. Bu zaman əgər alıcı digər proqram təminatlarını əldə edirsə, bu təsdiq həmin proqram təminatlarına şamil edilmir.
Təsdiq barəsində zaman məhdudiyyəti müəyyən edilə bilər. Misal üçün, satıcı təsdiq edir ki, son 1 ildə onun satdığı mala dair heç bir iddia qaldırılmamışdır.

Hüquqşünas Xəlil Mahmudov

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button