Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Cinayət hüququ

Məni təhqir edən şəxsdən təzminat ala bilərəm?

1. Şərəf və ləyaqət nədir?

WhatsApp Image 2025 09 06 at 20.09.45

Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, cəmiyyətə, dövlətə münasibətinə görə ona verilən qiymət başa düşülür.

Hər kəsin ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi özünün özünə verdiyi qiymət başa düşülür.

fuz isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqedir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu dövlət tərəfindən müdafiə olunur.

Konstitusiyanın 46-cı maddəsində qeyd olunur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz.  Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

2. Təhqir və böhtan

WhatsApp Image 2025 09 06 at 20.05.13

2.1.Təhqir

Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələrdə, saytlarda) şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma:

1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2.2. Böhtan

Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdəmediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələrdə, saytlarda) yayma:

1000 manatdan 1500 yüz manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, bir şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya –

Təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə –

o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Yalnız bu halda şəxs CM-nin 147 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər.

Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxs görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.

Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür.

Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.

Belə ki, kimsə sizi yalnız kütləvi çıxışlarda, əsərlərdə, mediada və ya internet sosial şəbəkə hesablarında təhqir edirsə və ya sizə böhtan (şər) atırsa, Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsinə əsasən həmin şəxs cinayət məsuliyyəti daşıyır. Belə halda təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında məhkəməyə zərərçəkmiş olaraq şikayətinizi bildirə bilərsiniz.

Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlanılır və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.

3. Təhqir maddəsi

WhatsApp Image 2025 09 06 at 20.05.19

Təhqirə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 148-ci maddəsində öz əksini tapmışdır. Buna görə cinayət məsuliyyəti 16 yaşdan yaranır.

4. Şərəf və ləyaqət haqqında qanun

WhatsApp Image 2025 09 06 at 20.10.23

Hazırda şərəf və ləyaqət haqqında konkret qanun mövcud deyil. Lakin bununla bağlı bir qisim məsələlər həm Mülki Məcəllə, həm də Ali Məhkəmənin müvafiq Plenum qərarları ilə tənzimlənir.

5. Şərəf və ləyaqətin alçaldılması maddəsi

İnsanın şərəfi, ləyaqəti, nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur və dövlət onun müdafiəsinə təminat verir.

Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun qərarı 21.02.2014-cü il tarixli qərarına əsasən cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır.

Buna görə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddəsinə əsasən cinayət məsuliyyəti nəzərdə tutulur. 

Həm Konstitusiyanın 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Kimsə sizi yalnız kütləvi çıxışlarda, əsərlərdə, mediada və ya internet sosial şəbəkə hesablarında təhqir edirsə və ya sizə böhtan (şər) atırsa, şərəfi, ləyaqəti və işgüzar nüfuzuna xələl yetirilən hər kəs məhkəməyə xüsusi ittiham qaydasında şikayətini bildirə bilər.

Belə ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə — təqsirləndirilən şəxs qismində tanınırlar.

5.1. Xüsusi ittiham qaydasında icraatın başlanması:

Beləliklə, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər.

5.2. Məhkəməyə müraciət

Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yursidiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir.

5.3. Təzminatı necə ala bilərəm?

Bundan başqa zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etməklə yanaşı, həmçinin təhqirə və böhtana görə ona vurulmuş həm maddi, həm də mənəvi zərərin əvəzinin də ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıra bilər. Şəxs ona vurulmuş maddi və mənəvi zərəri sübut etməlidir.

Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən  “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna yalnız fiziki şəxslər malikdir. Hüquqi şəxslər isə onlara vurulmuş maddi ziyanın ödənilməsi tələb edə bilər.

Belə ki, hüquqi şəxsin (şirkətin) fəaliyyəti və s. barəsidə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə maddi ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.

Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mənəvi zərər məbləğini həmin şəxs istədiyi qədər qoya bilər. Lakin hər bir halda istər maddi zərər, istərsə də mənəvi zərərin məhkəmə qaydasında tələb olunan məbləği sübutlarla öz təsdiqini tapmalıdır.

6. 147 ci maddə

Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana görə cinayət məsuliyyətini nəzərdə tutur. Həmin maddədə böhtanın hansı halda cinayət məsuliyyətinə səbəb olduğu qeyd olunmuşdur. Belə ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması cinayət məsuliyyətinə səbəb olur.

Həmin Məcəllənin 147.2-ci maddəsinə isə bir şəxsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə məsuliyyət nəzərdə tutulmuşdur.

7. 148.1 maddə

Cinayət Məcəlləsinin 148.1-ci maddəsi təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutur. Həmin maddədə təhqirin hansı halda məsuliyyətə səbəb olduğu qeyd olunmuşdur. Cinayət Məcəlləsinin 148-ci maddəsinə, yəni təhqirə görə məsuliyyət o halda yaranır ki,  təhqir xarakterli məlumatlar bir şəxsi təhqir edən tərəfindən tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Əgər həmin məlumatlar yayılmazsa, həmin şəxs barəsində buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur.

8. Şərəf və ləyaqətin müdafiəsi

Mülki Məcəllənin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Ona dəymiş maddi və mənəvi zərəri tələb edə bilər. O şərtlə tələb edə bilər ki, həmin məlumatları yayan şəx onların həqiqətə uyğun olduğunu sübuta yetirə bilməsin.

Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

Əgər həmin məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.

Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin məhkəməyə müraciət edərək ödənilməsini tələb etmək hüququna malikdir.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyən etmək mümkün deyilsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin həmin məlumatların həqiqətə yğun olmayan məlumatlar sayılmasını tələb etmək hüququ vardır.

Bundan başqa mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). 

 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.

9. Təhqir etmək

Cinayət Məcəlləsinin 148-ci maddəsinə, yəni təhqirə görə məsuliyyət o halda yaranır ki,  təhqir xarakterli məlumatlar (məsələn, birini söymək, ona qarşı əxlaqsız sözlərdən istifadə etmək və s.) bir şəxsi təhqir edən tərəfindən tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Əgər həmin məlumatlar yayılmazsa, həmin şəxs barəsində buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur.

Kütləvi çıxış, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatların ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə edilməsidir.

Kütləvi nümayiş etdirilən əsər ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlərdir. (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair)

Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri (instagram, facebook, tiktok, votsap və digər), dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formalarıdır.

10. Təhqir inzibati xəta

Təhqir Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən yalnız cinayət məsuliyyəti yaradır. Təhqirə görə inzibati məsuliyyət nəzərdə tutulmayıb.

Lakin İnzibati xətalar məcəlləsinin hərbi xidmət əleyhinə olan inzibati xətalara aid olan 610 (rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltma), 611 (tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma), və 612.1-ci maddəsində (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi) — nəzərdə tutulan inzibati xətalara əsasən inzibati məsuliyyət nəzərdə tutulub.

Qalan heç bir halda təhqirə görə inzibati məsuliyyət nəzərdə tutulmur və başqasını təhqir etmək (məsələn: söymək və s.) cinayət məsuliyyətinə səbəb olur.

11. Böhtan atmaq nə deməkdir?

Böhtan atmaq, bir şəxsi qəsdən və əsassız şəkildə yalan məlumatla ittiham etmək, onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurmaq deməkdir.

Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə aşağıdakı cəza nəzərdə tutulur:

1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Başqasına ona ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə aşağıdakı cəza nəzərdə tutulur: 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Böhtan xarakterli məlumatlar (məsələn birini yalandan cinayət törətməkdə ittiham etmək, birini başqası haqqında şərəf və ləyaqəti alçaldan məlumatları başqaları ilə paylaşmaqda, danışmaqda, yaymaqda ittiham etmək) böhtan atan tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Əgər həmin məlumatlar yayılmazsa, həmin şəxs barəsində buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur.

Kimsə sizə yalnız kütləvi çıxışlarda, əsərlərdə, mediada və ya internet sosial şəbəkə hesablarında (məsələn, instaqramda, facebookda, tiktokda) böhtan (şər) atırsa, şərəfi, ləyaqəti və işgüzar nüfuzuna xələl yetirilən hər kəs məhkəməyə xüsusi ittiham qaydasında şikayətinizi bildirə bilərsiniz.

12. Böhtan sözünün mənası

Etimoloji baxımdan “böhtan” sözü ərəb mənşəlidir və yalan, iftira, uydurma deməkdir.

Böhtan insanın şərəf və ləyaqətinə xələl gətirən, onun nüfuzuna zərbə vuran yalan və qəsdən uydurulmuş məlumatların yayılmasıdır. 

Böhtan atmaq, başqa bir şəxs haqqında qəsdən yalan və əsassız məlumat yaymaq, onu əsassız şəkildə günahlandırmaq deməkdir. Bu ifadə, insanın reallıqda etmədiyi bir hərəkətdə ittiham olunması və ya adına yaraşmayan, mənfi xüsusiyyətlərin ona aid edilməsi anlamına gəlir.

13. Təhqirə görə məsuliyyət

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən:

Təhqir – kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

Təhqir müxtəlif formalarda ifadə oluna bilər:

Şifahi formada birini təhqir etmək onun şərəf və ləyaqəti alçaltdaraq onu söyməklə, nalayiq sözlər, söyüşlərdən istifadə etməklə və s. törədilə bilər. 

Yazılı formada birini təhqir etmək məktub, hər hansı müraciət, məsələn ərizə, şikayət yazmaqla onun şərəf və ləyaqətini alçaldacaq sözlərdən və s. istifadə etməklə törədilə bilər.  

Müəyyən hərəkətlərlə şərəf və ləyaqəti alçaltmaq başqalarının yanında birinin üzünə tüpürmək, ona şillə vurmaq və s. hərəkətlərlə edilir.

Şərəf və ləyaqəti alçaltmaq təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Burda o halda cinayət məsuliyyəti yaranlr ki,  şərəf və  ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirmə və kütləvi informasiya vasitəsilə, internet və sosial şəbəkə vasitəsi ilə alçaldılmış olsun. 

Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür.

Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.

Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri (Facebook, instaqram, tik tok, youtube və digər), dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.

Təhqirə görə cinayət məsuliyyəti 16 yaşdan yaranır. 

13.1. Sizi təhqir edən şəxsə qarşı aşağıdakı cəzalar nəzərdə tululur:

1000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə.

13.2. Sosial şəbəkədə saxta (fake) hesablar yaratmaqla (facebook, intaqram, titok, youtube və s) sizi təhqir edən şəxsə qarşı aşağıdakı cəzalar nəzərdə tutulur:

Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən isə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə aşağıdakı cəza nəzərdə tutulur:

1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə

14. Sosial şəbəkədə təhqir

Günümüzdə sosial şəbəkə istifadəçiləri öz fikirlərini, mülahizələrini sosial şəbəkələrdə yaymağa üstünlük verirlər. Lakin hər bir internet istifadəçisi həm özünün, həm də digər şəxslərin şərəf və ləyaqətini alçaldacaq hərəkətlərdən çəkinməlidirlər, təhqirə yol verməməlidirlər. Qanunvericilikdə şəxsin istər öz ad, soyadı profili ilə, istərsə də, internet informasiya ehtiyatında saxta (fake hesablar) istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək başqa şəxslərə böhtan atması və ya təhqir etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Belə ki, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələrdə) şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.  

 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir:

yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən saxta istifadəçi ad, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə:

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə:

1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə (facebook, instaqram, tik tok və digər) istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

15. Vəzifəli şəxsi təhqir etmə

Vəzifəli şəxsi təhqir etmə (söymə və s.) Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən o zaman cinayət məsuliyyəti yaradır ki, vəzifəli şəxs barəsində təhqir xarakterli, onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkə hesablarında – tiktok, facebook, instagram və digər)  yayılmış olsun. Əgər həmin məlumatlar yayılmazsa, həmin şəxs barəsində buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur. Buna görə inzibati məsuliyyətdə nəzərdə tutulmur.

16. Polis əməkdaşını təhqir etmək

Polis əməkdaşını təhqir edən və ya ona böhtan (şər) atan şəxs Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinə əsasən o zaman cinayət məsuliyyəti daşıyır ki, barəsində təhqir və böhtan xarakterli, şərəf və ləyaqətini alçaldan, işgüzar nufuzuna xələl gətirən məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkə hesablarında – tiktok, facebook, instagram və digər)  iki və daha çox şəxs arasında yayılmış olsun. Buna görə inzibati məsuliyyət nəzərdə tutulmayıb. Həmin polis əməkdaşı onu təhqir edən və ya böhtan atan şəxs barəsində xüsusui ittiham qaydasında yazılı şikayət əsasında məhkəməyə müraciət edə bilər. Həmçinin ona dəymiş maddi və mənəvi zərəri məhkəmə qaydasında tələb tələb edə bilər.

17. Böhtan cinayət məcəlləsi

Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (məsələn: sosial şəbəkə hesablarında – instaqram, facebook, tiktok və s) yaymaqdır.

18. Şər böhtan cinayət məcəlləsi

Buna görə Cinayət Məcəlləsinin 147-ci maddəsinə (böhtan) əsasən cinayət məsuliyyəti nəzərdə tutulub. Böhtana görə cinayət məsuliyyəti 16 yaşdan yaranır.

Birinə böhtan (şər) atmaq adətən şəxsin şərəf və ləyaqətinə, nüfuzuna zərər vurmaq, onun sosial mövqeyini sarsıtmaq məqsədi daşıyır.

19. Şər böhtan atmaq

Şər böhtan atmaq biri barəsində həqiqətə uyğun olmayan, yalan və əsassız məlumatların yayılmasıdır.

Şər böhtan atmağa görə 16 yaşına çatmış şəxslər cinayət məsuliyyəti daşıyır.

20. Böhtan atan cəzası

Belə ki, sizə böhtan atan şəxs 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Xüsusi ittiham qaydasında şikayət forması

Belə ki, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxsin şikayəti ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı formada məhkəməyə təqdim edilir.

Şikayət üzrə işə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır.

21.1. Şikayətdə aşağıdakılar göstərilməlidir:

şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi),

törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği),

cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi,

şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi,

cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün),

şikayəti vermiş şəxsin imzası.

Xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. 

Xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir.

Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla işə xitam verilməsi haqqında qəra qəbul edildikdə zərərçəkmiş təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət edə bilməz.

21.2. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hökmü:

Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır.

Xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalıdır.

Məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir.

22. Hüquqi konsultasiya

Hər bir şəxs şərəf, ləyaqəti alçaldığı və işgüzar nüfuzuna xələl yetirilməsi halı ilə rastlaşdıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

Siz də xüsusi ittiham qaydasında şikayətinizin və maddi/mənəvi zərərin tələbi ilə bağlı ərizələrin hazırlanması, hüquqi dəstək göstərilməsi üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olaraq ərizə və ya şikayətinizi özünüz yarada bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button