Məhkum edilmiş şəxsin məhkumluğu nə zaman götürülür?
1. Məhkumluq nədir?
Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
2. Məhkumluğun ödənilmə müddətləri
- azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya(islah işləri, ictimai işlər və s) məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
- böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
- az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə;
- ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;
- xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə
3. Az ağır, ağır, xüsusilə ağır cinayət nədir?
Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
- Böyük ictimai təhlükə törətməyən – Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
- Az ağır – qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.
- Ağır – qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
- Xüsusilə ağır – qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.
4. Yetkinlik yaşına çatmayanlarda məhkumluğun ödənilməsi müddətləri
- azadlıqdan məhrum etməyə nisbətən daha yüngül(ictimai işlər, islah işləri və s) cəzanın çəkilib qurtardığı gündən altı ay;
- böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il;
- ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə.
5. Məhkumluğun vaxtından əvvəl götürülməsi
Qanunvericilikdə “məhkumluğun silinməsi” deyə bir anlayış yoxdur. Lakin, Məhkumluğun ödənilməsi müddətləri başa çatdıqdan sonra həmin şəxslər məhkumluq arayışı alarkən orda bu şəxslərin məhkum olunması barədə məlumatlar əks olunmayacaq.
Şəxs məhkumluğun vaxtından əvvəl üzərindən götürülməsi üçün məhkəməyə müraciət edə bilər. Şəxs məhkəməyə müraciət edərək artıq islah olunduğunu, nümunəvi davranış sərgilədiyini sübut edərək məhkumluğu vaxtından əvvəl öz üzərindən götürə bilər. Bu barədə qərarı yalnız məhkəmələr verir. Məhkəməyə müraciəti özünüz hazırlaya bilmirsinizsə, hüquqşünas və vəkillərə müraciət etməyiniz tövsiyyə olunur.
6. Məhkumluqla bağlı qeydlər
Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.
Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
Əfvetmə aktı ilə(Prezident tərəfindən qəbul olunur) və ya Amnistiya aktı ilə(Milli Məclis tərəfindən qəbul olunur)cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul