
Gözləri zəif görənlərə möhlət hüququ verilir?
1. Hərbi xidmətdən möhlət hüququ

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə 5 əsasa görə verilir:
1. ailə vəziyyətinə görə möhlət;
2. sağlamlıq vəziyyətinə görə möhlət;
3. təhsili davam etdirmək üçün möhlət;
4. Milli Məclisin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar möhlət (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);
5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar möhlət.
Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.
2. Hərbi vəzifə və hərbi xidmət haqqında qanun

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını (möhlət və s.) müəyyən edir.
3. Hərbi xidmətkeçmə haqqında əsasnamə

Bu Əsasnamə hərbi xidmət keçilməsinin qaydasını (hərbi xidmətə qəbul olma, hərbi qulluqçular tərəfindən tutulmalı olan vəzifələrin komplektləşdirilməsi, hərbi rütbələrin verilməsi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə, irəli çəkilmə, məzuniyyətlər, ezamiyyətlər, hərbi qulluqçuların və hərbi vəzifəlilərin hüquqları, vəzifələri, məsuliyyəti, möhlət, həqiqi hərbi xidmətdən buraxılma və s. məsələləri) müəyyən edir.
Bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir.
Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar.
4. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin qurumun elektron poçt ünvanı: info@seferberlik.gov.az/ və çağrı mərkəzi: 9100
5. Kimlər hərbi xidmətdən azaddır?

5.1.Ailə vəziyyətinə görə möhlət
Himayəsində aşağıdakı şəxslər olan çağırışçılara ailə vəziyyətinə görə möhlət verilir:
– başqa övladı olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (1-ci qrup) ata, yaxud ana;
– 3 və daha çox uşaq;
– orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (1-ci qrup) arvad;
– 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);
– 18 yaşınadək və yaxud orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (1-ci qrup) qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.
5.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət
Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.
Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək verilir (hər dəfə 1 ildən artıq olmamaq şərti ilə)
3 il bitəndən sonra çağırışçılar sağlamlıq vəziyyətindən asılı olaraq ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra tibbi müayinədən keçirilirlər.
Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
5.3. Təhsilə görə möhlət
Təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir:
– ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək möhlət;
– peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək möhlət;
– orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək möhlət;
– əyani təhsilalma formasında bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir)
– əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir);
– əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;
– əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək;
– doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara – 3 ay müddətinə.
Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasına təqdim etməlidirlər.
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Yuxarıda qeyd olunanlar möhlət müddətləri təkrar təhsil alan çağırışçılara şamil olunmur.
6. Gözdən əlillik dərəcəsi

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının 28-34-cü maddələrinə müvafiq olaraq aparılır.
Əlavə olaraq bildiririk ki, çağırışçı hərbi qeydiyyatda olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) baş idarəsinin (idarə, şöbə, bölmə) hərbi həkim komissiyasında tibbi baxışdan keçirilir, ehtiyac olduğu halda dövlət tibb müəssisəsində müayinə olunur və hərbi xidmətə yararlı olub-olmamağı barədə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən qanunamüvafiq qərar qəbul olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin olunurlar.
Göz zəifliyi olduqda hərbi xidmətə yararlılıq göz ölçülərindən asılı olaraq təyin olunur.
Miopiya (mənfi refraksiya) olduqda:
– Mənfi 3dptr-dək zəiflik olduqda hərbi xidmətə tam yararlı hesab olunur;
– Mənfi 3 dptr-dan (-6.0)-dək olduqda, həmçinin/və ya astiqmatizm 2dptr-dən 4dptr-dək olduqda hərbi xidmətə məhdud yararlı hesab olunur;
– Hər hansı gözdə (-6.0)dptr-dan (-8.0)-dək ölçülər olduqda, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunur;
– Hər hansı gözdə (-8.0)dptr-dan (-12.0)dptr-dək ölçü olduqda və ya 4 dptr dan artıq astiqmatizm olduqda hərbi xidmətə yararsız hesab olunur (fərdi yanaşma ilə);
– (-12.0)dptr dan artıq ölçülər olduqda və ya 6.0 dptr-dan artıq astiqmatizm olduqda, həm dinc dövrdə, həm də müharibə dövründə yarasız hesab edilir.
Hipermetropiya (müsbət refraksiya) olduqda:
– 6dptr-dan 8 dptr-dək uzaqgörmə olduqda və ya 2dptr dan 4dptr-dək astiqmatizm olduqda, hərbi xidmətə məhdud yararlı hesab olunur;
– 8dptr-dan 12dptr-dək uzaqgörmə və ya 4-dptr dan 6dptr-dək astiqmatizm olduqda, sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı hesab olunur ;
– 12dptr-dan artıq uzaqgörmə olduqda və ya 6dptr-dan artıq astiqmatizm aşkarlanarsa, həm müharibə dövründə, həm də sülh dövründə hərbi xidmətə yarasız hesab edilir.
7. Hərbi xidmətə yararsız xəstəliklər

Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən “xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur:
“A” — hərbi xidmətə yararlıdır;
“B” — sıradankənar hərbi xidmətə yararlıdır;
“C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;
“Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır;
“D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır;
Xəstəliklər cədvəlinə əsasən hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər.
Müvafiq dövlət tibb müəssisəsi tərəfindən ailəsində cüzamlı xəstə qeyd olunmuş vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən, habelə belə ailələrdən olan hərbi qulluqçular hərbi xidmətə yararsız hesab edilirlər və onlara möhlət verilir.
Anamnezində cüzamlı xəstə ilə ailədənkənar kontaktı olması barədə məlumat verən şəxslər müayinəyə göndərilirlər və yoluxma əlamətləri olmadıqda, hərbi xidmətə yararlı hesab edilirlər.
İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlarda, habelə hərbi qulluqçularda zöhrəvi xəstəliklər aşkar edildikdə, onlar müalicə olunmalıdırlar. Belə şəxslər sağalma ilə nəticələnən müalicədən sonra hərbi xidmətə yararlıdırlar.
Zöhrəvi uretritlərin xroniki və ya fəsadlaşmış formalarında əgər müalicənin başa çatması üçün 3 aydan artıq müddət tələb olunursa, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar 6 ay müddətinə, ilkin, təkrar və ya gizli sifilis olduqda isə 3 il müddətinə və dispanser qeydiyyatdan çıxarılanadək hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.
Mikrosporiya, trixofitiya xəstəliyi olan vətəndaşlar müalicə olunmalıdırlar. Hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən onlar 6 ayadək müddətə hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar.
Ağız və selikli qişanın xoşxassəli yenitörəmələri və cərrahi yolla düzəldilə bilən xəstəlikləri hərbi xidmət etməyə mane olmur.
Qlükoza tolerantlığı və aclıq şəkəri olanlar (təsdiq edilmiş şəkərli diabet istisna olmaqla) hərbi xidmətə yararlı hesab edilirlər.
Psixogen mənşəli poliuriya və polidipsiyalar olanlar hərbi xidmətə yararlı hesab edilir.
Yalnız ifadənin başlanğıcında tələffüzün ləngiməsi, “büdrəməsi”, çox da böyük olmayan (birnəfəsə deyilən) ifadənin qalan sözləri sərbəst və ya azca ləngimiş, lakin sözlər təkrarlanmadan tələffüz olunduğu hallar hərbi xidmətkeçməyə mane olmayan orta dərəcəli kəkələmə hesab edilir.
Meningit, meninqoensefalit keçirmiş vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, əgər müalicə qurtardıqdan sonra 6 aydan az vaxt keçmişdirsə, hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.
Subklinik hipotireoz diaqnozu təyin olunan vətəndaşlar hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər, müalicə səmərəsiz olduqda isə “c” bəndi üzrə şəhadətləndirilirlər. Subklinik hipotireoz diaqnozu təyin olunan II qrafa ilə şəhadətləndirilənlər 6 ay müddətinə dinamik müşahidənin nəticələrinə əsasən “c” və ya “d” bəndi üzrə şəhadətləndirilirlər.
Qidalanma çatışmazlığı olan vətəndaşlar stasionar müayinə və (və ya) müalicə olunmalıdırlar. Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.
Baş-beynin kəskin qapalı travmasından sonra vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, travmanın ağırlığından və funksiyaların pozulma dərəcəsindən asılı olaraq, 6 və ya 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar.
8. Hərbi xidmətə yararsız göz

Hərbi-həkim Komissiyası haqqında Əsasnamənin 28-ci maddəsində nəzərdə tutulan göz və onun əlavə aparatının xəstəlikləri göz qapaqlarının anadangəlmə və qazanılmış anatomik dəyişikliklərini, yaxud vəziyyət çatışmazlıqlarını, göz qapaqlarının, yaşaparıcı yolların, göz yuvasının və konyunktivanın xəstəliklərini nəzərdə tutur. Belə ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının 28-34-cü maddələrinə müvafiq olaraq aparılır.
Metalloz və iltihab əlamətləri olmadıqda, gözün funksiyaları (görmə itiliyi, görmə sahəsi, qaranlığa adaptasiya və s.) yaxşı saxlandıqda, onlar sıradankənar hərbi xidmətə yararlı, lakin tankların, piyadaların döyüş maşınlarının, zirehli maşınların ekipaj heyəti tərkibində, raket hissələrinin buraxıcı qurğularında xidmətə, nəqliyyat vasitələrini idarə etməyə, həmçinin bədənin vibrasiyası ilə əlaqədar olan işlərə yararsızdırlar.
Cərrahiyyə əməliyyatından sonra göz dibində və buynuz qişada degenerativ dəyişikliklər olmadığı təqdirdə vətəndaş hərbi xidmətə yararlı hesab edilir.
Buynuz qişada optikorekonstruktiv cərrahiyyə əməliyyatları keçirmiş şəxslər əməliyyatdan sonra fəsadlaşmalar, göz dibində və buynuz qişada degenerativ-distrofik dəyişikliklər olmadıqda, buynuz qişa qalınlığı 430 mkm-dən çox olduğu hallarda, cərrahiyyə əməliyyatından 1 (bir) il sonra hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə yararlıdır.
Hər gözdə uzaq üçün korreksiyasız görmə itiliyi 0,3-dən aşağı olduqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların ÜH-də (Hərbi Dəniz Qüvvələrinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzən heyəti) xidmətə yararlılığı komandanlığın və hərbi hissə həkiminin rəyləri nəzərə alınmaqla, fərdi qaydada təyin edilir.
Axromatopsiya (tam rəng korluğu), görmə dərəcəsindən asılı olmayaraq ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar xidmətə yararsız sayılırlar.
9. Hərbi xidmətə çağırış yaş həddi

Ümumiyyətlə, hərbi xidmətə çağırış çağırışçı 30 yaşına çatanadək həyata keçirilir. Müddətli həqiqi hərbi xidmətə çağırışdan 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar müddətli həqiqi hərbi xidmət keçməkdən azad edilirlər.
10. Hərbi xidmətə çağırış ayları

“Hərbi vəzifə və hərbi xidmət haqqında”Qanuna əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli ərazi idarəsinə gəlməlidirlər.
Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur.
11. Hərbi xidmət hara düşmüşəm?

Müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (https://www.seferberlik.gov.az/az) tərəfindən elan olunur. Çağırışçılar təyin olunduqları hərbi hissələrlə bağlı məlumat əldə etmək üçün Xidmətin saytında “Elektron xidmətlər” bölümünün “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölümünə keçid edərək, açılan pəncərədə çağırışçının soyadı, adı, atasının adı, təvəllüdü və Xidmətin hərbi qeydiyyatda olduğu yerli baş idarə, idarə, şöbə və ya bölməsinin adını daxil etməlidirlər.
Həmçinin vətəndaşlar istənilən mobil operatorlardan 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqələrinin nömrəsini (şəxsiyyət vəsiqəsinin seriyası AZE olduqda seriya qeyd olunmur, AA seriyası isə daxil edilir) yazıb göndərməklə də hərbi xidmət keçmə yeri haqqında məlumat əldə edə bilərlər.
Yuxarıda göstərilən qaydada sorğu göndərən çağırışçıların hərbi hissələrə təyin olunmaları haqqında Xidmətin saytında və ya SMS xidməti vasitəsilə məlumat əldə etməsi mümkün olmadıqda hərbi qeydiyyatda olduqları struktur bölmələrə müraciət etmələri tövsiyə olunur.
12. Hərbi xidmət müddəti azaldılır

Qanunvericilikdə hərbi xidmət müddətinin azaldılması ilə bağlı heç bir dəyişiklik edilməyib. Bununla bağlı dəyişikliyin edilməsi hazırda nəzərdə tutulmur. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular üçün hərbi xidmət müddəti: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 aydır.
13. Hərbi xidmətə çağırış hara düşmüşəm?

Müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların hərbi hissələrə təyin olunmaları barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (https://www.seferberlik.gov.az/az) tərəfindən elan olunur. Qeyd olunan sayta daxil olub və ya 9100 qısa nömrəsinə şəxsiyyət vəsiqəsi məlumatlarınızı daxil etdikdən sonra bu barədə məlumat əldə edə bilərsiniz.
Göstərilən qaydada məlumat əldə edə bilməsəniz hərbi qeydiyyatda olduğunuz struktur bölmələrə müraciət etməyiniz tövsiyə olunur.
14. Hərbi xidmətə çağırış vaxtları 2025

Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur.
15. Hərbi xidmətdən azad olma

15.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:
15.1.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
15.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;
15.1.3. 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
15.1.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
15.1.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.
15.2. Aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar:
15.2.1. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar;
15.2.2. ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar;
15.2.3. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər.
16. Hüquqi konsultasiya

Hərbi məsələlərlə bağlı hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın