Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Digər

Məhkəməyə verdiyim ərizə geri qaytarılıb. Nə etməliyəm?

1. Məhkəməyə müraciət

Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə həm poçt vasitəsilə, həm də Elektron Məhkəmə İnformasiya Sistemi  (e-mehkeme.gov.az) üzərindən yaratdığınız e-kabinet vasitəsilə Asan imza, elektron imza və ya sima imza ilə təsdiq etməklə göndərə bilərsiniz.

Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.

Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı (qeydiyyatda olduğu) yerin məhkəməsinə verilir.

Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialarda siz özünüzün yaşadığınız yerə görə də iddia veriə bilərsiniz.

Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

2. İddia ərizəsi nümunə

İddia ərizəsi məhkəməyə yazılı şəkildə təqdim edilməlidir. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizədə aşağıdakılar göstərilməlidir:

1. ərizənin verildiyi məhkəmənin adı;

2. iddiaçının, onun nümayəndəsinin (əgər nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);

3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;

4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat;

4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat;

5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirə bilər.

Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilə bilər.

İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:

1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə onun surətləri (elektron formada verildiyi halda iddia ərizəsinin surətinə ehtiyac yoxdur);

2. dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz;

3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd/etibarnamə (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla);

4. Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;

5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri;

6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu elektron qaydada verilir);

7.  “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. (mediasiya arayışı)

 Əgər sizndən asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərə bilərsiniz.

3. Ərizə geri qaytarılma

Məhkəmə iddia ərizənizi (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), məhkəməyə daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.

Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə əsasən hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri aşağıdakı hallarda geri qaytarır:

1. iddia ərizəsinin formasına və məzmununa riayət edilmədikdə və ya ona əlavə edilməli olan sənədlər əlavə edilmədikdə;

2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda (etibarnaməsi olmayan şəxs tərəfindən imzalandıqda);

3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;

5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;

6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;

6-1. “Mediasiya haqqında”  Qanuna uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;

7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;

8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;

9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda;

10. kommersiya mübahisələri üzrə iddia ərizəsi elektron qaydada verilmədikdə.

İddia ərizəsi geri qaytarıldıqda hakim iddia ərizəsinin geri qaytarılması haqqında qərardad çıxarır.

Həmin qərardaddan şikayət verə bilərsiniz.

Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.

İddia ərizəsinin qaytarılması onda olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Yəni iddia ərizəniz geri qaytarılsa da, onda olan nöqsanları aradan qaldırıb yenidən eyni iddia tələbi ilə müraciət edə bilərsiniz.

Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:

1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa;

4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.

Hakim ərizəni qəbul etməkdən imtina etdikdə bu barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir.

Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.

Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yəni əgər hakim sizin ərizənizi qəbul etməkdən imtina edərsə, siz yenidən həmin cavabdehə qarşı, həmin tələblə və əsaslarla iddia qaldıra bilməzsiniz.

Həmin qərardaddan şikayət verə bilərsiniz. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edə bilər.

İddiaya etiraz işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndənin imzaladığı etiraza onun işi aparmağa səlahiyyətini təsdiq edən sənədlər əlavə edilir.

Mülki Prosessual Məcəllənin 363-cü maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

2. apellyasiya şikayəti formasına riayət edilmədən verilmişdirsə;

3. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;

4. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

5. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;

6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.

Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.

Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verə bilərsiniz.

Mülki Prosesual Məcəllənin 408-ci maddəsinə əsasən kassasiya şikayəti aşağıdakı hallarda aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:

1.kassasiya şikayətinin forma tələbinə riayət edilməzsə, imzalanmamışsa, yaxud  hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;

2.kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 

3. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;

4. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;

5. kassasiya şikayəti işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;

6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində elektron məhkəmə icraatında kassasiya şikayəti elektron qaydada verilmədikdə.

İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

Mülki Prosessual Məcəllənin 114-cü maddəsinə əsasən ərizə, apellyasiya şikayəti geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da geri qaytarılır.

4. Qərardaddan şikayət forması

İş mahiyyəti üzrə həll edilmədiyi halda, məhkəmə aktları qərardad formasında çıxarılır.

Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim, yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur.

Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir.

Elektron qaydada qərardad barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.

Müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir.

Elektron qaydada hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

Məhkəmə qərardadından şikayət şikayəti qəbul edən məhkəməyə verilir.

Məhkəmə qərardadından sizə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində şikayət verə bilərsiniz. Belə ki, qərardad qəbul edən məhkəməyə “Elektron məhkəmə informasiya sistemi” üzərindən yaradılmış e-kabinet vasitəsilə elektron qaydada şikayətinizi bildirə bilərsiniz.

Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.  

Şikayət əsaslı olarsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

Şikayət əsaslı olmazsa, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir.  

5. Məhkəmə şəxsi kabinet

Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi (e-mehkeme.gov.az) vasitəsilə aparılır.

Siz həmin sistem üzərindən yaratdığınız  e-kabinet vasitəsilə ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edə, göndərə, qəbul edə, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsini özünüz izləyə bilərsiniz.

 “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

 “Elektron imza və elektron sənəd haqqında” Qanunda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

Asan imza və sima imza

Asan İmza (Mobil ID) ilə vətəndaş mobil telefon nömrəsini elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif qurumların elektron xidmətlərindən yararlanmaq və sənədləri elektron qaydada imzalamaq imkanı əldə edir. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.

Asan imzanı aktivləşdirmək üçün əvvəlcə Asan İmza sim kartını əldə etməlisiniz. Bunun üçün Asan Xidmət və ya digər məntəqələrdə yerləşən bütün mobil (Azercell, Bakcell, Nar) xidmət məntəqələrinə müraciət edə bilərsiniz. Sim kartı əldə etdikdən sonra Asan Sertifikat Xidmətləri Mərkəzinə (Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə Xidmət Mərkəzinə və ya Asan Xidmət Mərkəzində fəaliyyət göstərən ASXM)  müraciət etmək lazımdır. Burada sizinlə müqavilə bağlanılır və Asan İmza aktiv edilir.

Asan İmza Sim-kart üzrə sizə Sertifikat təqdim edilir. Həmin Sertifikat 1 (bir) iş günü ərzində verilir və Asan İmza sertifikatları 3 il ərzində etibarlıdır. Asan İmza xidmətindən istifadə etmək ödənişlidir, aylıq abunə haqqı nəzərdə tutulur. Aylıq abunə haqqı mobil operatordan asılı olaraq dəyişir.

Asan İmza PIN kodları vardır. Asan İmza SIM kartının üzərində qeyd olunur. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1 və imza üçün yalnız PIN2 tələb olunur.

Sima imza da elektron xidmətlərdən rahat şəkildə istifadə etməyə imkan verən imzadır. “SİMA İMZA” üztanıma texnologiyasına əsaslandığı üçün bir şəxsin “SİMA İMZA”-sı ilə başqa şəxsin imza etməsi mümkünsüzdür. “Sima İmza” mobil tətbiqini “App Store” və ya “Google Play” vasitəsilə smartfona yükləyirsiniz. Daha sonra tətbiqə daxil olursunuz. Şəxsiyyəti təsdiq edən sənədinizin (köhnə və ya yeni nəsil) seçib davam edirsiniz. Sonrakı proses üz tanıma prosesidir. Samrtfonu düzgün saxlayaraq üzünüzü ekranda olan çərçivəyə tutmalısını və təsdiq olunana kimi tərpətməməlisiniz. Əks halda müraciətiniz təsdiqlənməyəcək. Daha sonra yeni açılan səhifədə pin kodunuzu təyin edib təsdiqləyirsiniz. “SİMA İMZA” tam yaradılmış hesab olunacaq.

6. Ərizə necə yazılır?

Məhkəməyə iddia ərizəsi, apellyasiya şikayəti, kassasiya şikayətlərinin hazırlanması üçün bizə müraciət edə və ya erizem.az saytına daxil olaraq ərizənizi özünüz yarada bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button