
Mənə qarşı dələduzluq edib pulumu alıblar. Nə edə bilərəm?
1. Dələduzluqla bağlı şikayət ərizəsi

Dələduzluq Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuşdur. Siz birinə pul və ya digər əmlakınızı qaytarmaq şərtilə verə bilərsiniz. Əgər həmin şəxsin sizi aldatdığını və ya onun sizə qaytarmalı olduğu borcu və ya digər əmlakı geri qaytarmayacağını düşünürsünüzsə, ərazi üzrə polis idarəsinə müraciət edərək şikayət ərizəsi yaza bilərsiniz.
Əgər şəxsin dələduzluq əməlini törətdiyi müəyyən edilərsə, o cinayət məsuliyyətinə cəlb olunur. Yox əgər şəxsin dələduzluq əməli sübuta yetirilməzsə, o, cinayət məsuliyyətinə cəlb edilmir. İş mülki qaydada həll edilməli olduğu üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu və ya digər əmlakınızı qarşı tərəfdən tələb edə bilərsiniz. Məhkəməyə ərizə və iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
2. Dələduzluq maddəsi

Dələduzluq əməli Cinayət Məcəlləsinin 178-ci maddəsində maddəsində öz əksini tapmışdır. Dələduzluq dedikdə, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür.
3. Dələduzluq nədir?

Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
4. Dələduzluq cəzası

Dələduzluq əməlini törədən şəxs barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.
Dələduzluq əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda (5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dələduzluq əməli mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda 50000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dələduzluq əməli xüsusilə külli miqdarda (500000 manatdan yuxarı olan mәblәğ) ziyan vurmaqla törədildikdə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
5. Dələduzluq cinayət məcəlləsi

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin 23 fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.
Dələduzluğun iki üsulu vardır: aldatma və etibardan sui-istifadə
Aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.
Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.
6. Pul atmaq maddəsi

Siz birinə borca pul vermisinizsə, həmin şəxsin sizi aldatdığını və ya onun sizə qaytarmalı olduğu borcu geri qaytarmayacağını düşünürsünüzsə, ərazi üzrə polis idarəsinə müraciət edə bilərsiniz.
Əgər şəxs dələduzluq cinayət əməlini törədərsə, o, Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndinə əsasən cinayət məsuliyyətinə cəlb olunur. Yox əgər şəxsin dələduzluq etdiyi sübuta yetirilməzsə, o, cinayət məsuliyyətinə cəlb edilmir.
Bu halda iş mülki qaydada həll edilməli olduğu üçün “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pulunuzu qarşı tərəfdən tələb edə bilərsiniz. İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
7. Dələduzluq ali məhkəmə

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir. Bu zaman şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olur.
Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir.
8. Dələduzluq ali məhkəmə plenum qərarı

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli Qərarına əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.
Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 (dələduzluq) və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə tövsif edilir.
Dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır.
Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir.
Dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir.
Dələduzluğun törədilməsi zamanı aldatma və ya etibardan sui-istifadə etmə yalnız bunu dərk edərək əmlakı və ya əmlaka olan hüququ təqsirkara könüllü olaraq vermiş fəaliyyət qabiliyyətli şəxsə qarşı tətbiq edilə bilər.
Bu baxımdan müəyyən səbəblərdən (məsələn, azyaşlı, alkoqol və narkotik sərxoşluğu vəziyyətində olması, psixikasının pozulması və sair) baş verən hadisələrin mahiyyətini, yəni əmlakının əlindən çıxmasını dərk edə bilməyən şəxsin aldadılaraq əmlakının ələ keçirilməsi dələduzluq yox, oğurluq (CM-nin 177-ci maddəsi) kimi qiymətləndirilməlidir.
9. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında

“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun 11 iyun 2025-ci il tarixli Qərarına əsasən Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.
Dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri 500 manatdan artıq olsun.
10. Xırda dələduzluq

İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama inzibati məsuliyyətə səbəb olur. Həmin əməli törədən şəxs barəsində 160 saatdan 240 saata qədər ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq edilir.
Xırda talama zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatadək ziyan vurulduğu hallarda inzibati məsuliyyətə səbəb olur. Dəymiş ziyan 500 manatdan yuxarı olduqda cinayət məsuliyyətinə səbəb olur.
11. Kiber dələduzluq

Kiberdələduzluğun müxtəlif formaları vardır və onlardan qorunma da mümkündür.
Azərbaycanda ən geniş yayılmış kiberdələduzluq formaları phishing və scamming-dir.
Phishing – bu, kiberfırıldaqçılığın bir növüdür və hədəf şəxslərin şəxsi məlumatlarını (məsələn, parollar, kredit kartı məlumatları, bank hesabı nömrələri) aldadıcı üsullarla ələ keçirmək məqsədilə həyata keçirilir. Phishing hücumları adətən elektron poçt, mesaj və ya saxta veb-saytlar vasitəsilə həyata keçirilir. Bu üsulda hücum edənlər, istifadəçiləri etibarlı mənbədən gəldiyinə inandıraraq, onları öz məlumatlarını təqdim etməyə təşviq edirlər.
Scamming– fırıldaqçılığın bir forması olub, internet və rəqəmsal platformalarda insanların aldadılması, yalan məlumatlarla manipulyasiya edilməsi və nəticədə pul, əmlak və ya şəxsi məlumatların ələ keçirilməsinə yönəlmiş fəaliyyətlər toplusudur.
Bu gün kiber dələduzluq, yəni internet vasitəsilə insanları aldatmaq, onların pulunu, bank məlumatlarını və ya şəxsi hesablarını ələ keçirmək cəmiyyət üçün ciddi təhlükədir. Azərbaycan qanunvericiliyinə görə belə əməllər sadəcə etik qaydaların pozulması deyil, birbaşa cinayət tərkibli hərəkətlərdir. Cinayət Məcəlləsinin 178-ci maddəsi olan dələduzluq onlayn mühitdə edilən saxtakarlıqları da əhatə edir və bu əmələ görə cinayət məsuliyyət nəzərdə tutur.
Kiberdələduzluğun qurbanı olmamaq üçün şəxs/məxfi məlumatlarınızı qorumalısınız.
Hansı məlumatlar məxfi hesab olunur?
-Şəxsiyyət vəsiqəsi məlumatları
-Ünvan
-Bank kartı və hesab nömrələri
-Mobil nömrə
-Biometrik məlumatlar
Bank kartı fırıldaqları son illər ən çox rast gəlinən kiber cinayətlərdən biridir. Dələduzlar müxtəlif üsullarla kart məlumatlarını ələ keçirərək hesabdan icazəsiz əməliyyatlar aparır, vətəndaşlara ciddi maddi ziyan vururlar. Azərbaycan qanunvericiliyi bu kimi halları “Kibercinayətlər” kimi qiymətləndirir və cəzalandırır.
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibercinayətkarlığın qarşısını almaq üçün əsaslı tədbirlər görür. Biz də vətəndaşları aşağıdakı hallara diqqət etməyə və bu hallar yaşanarsa müvafiq orqanlara müraciət etməyə çağırırıq:
Bank kartı məlumatlarını qəti şəkildə heç kimlə paylaşmayın.
Banklar sizdən PIN, CVV və ya SMS kod tələb etmir. Bank xidmətləri sizdən 16 rəqəmli kod tələb edir. Şübhəli linklərə daxil olmayın. Phishing linkləri çox vaxt .xyz, .top, .icu kimi ucuz domenlərdən istifadə edir. Eyni şifrəni bütün hesablar üçün istifadə etməyin.
İki faktorlu identifikasiya (2FA) aktiv edin.
Habelə, 961 və ya 102 qaynar xətt nömrələri ilə əlaqə saxlayın və dərhal məlumat verin.
12. Cinayət məcəlləsi 178 maddə

Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli (dələduzluq) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Cinayət Məcəlləsinin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Cinayət Məcəlləsinin 178.3, 178.4, maddələrində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
13. 178 maddə dələduzluq

Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Həmin əmlak üzərində istədiyi kimi sərəncam verildiyi və ya ondan istəfadə imkanının yarandığı andan cinayət başa çatmış hesab edilir.
Burada dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.
Cinayət Məcəlləsinin 178.1-ci maddəsində təqsirli bilinən şəxs barəsində tətbiq edilən ağır cəza 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Cinayət Məcəlləsinin 178.2-ci maddəsində təqsirli bilinən şəxs barəsində tətbiq edilən ağır cəza 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzasıdır.
Cinayət Məcəlləsinin 178.3-cü maddəsində təqsirli bilinən şəxs barəsində tətbiq edilən ağır cəza 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Cinayət Məcəlləsinin 178.4-cü maddəsini törətməkdə təqsirli bilinən şəxs barəsində tətbiq edilən ağır cəza 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
14. Dələduzluq maddəsi neçə ildir?

Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, onun barəsində 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.
Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, onun barəsində 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.
Cinayət Məcəlləsinin 178.3-cü maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə əsasən şəxs barəsində cinayət işi açılarsa, azadlıqdan məhrum etmənin müddəti 10 ildən 14 ilədək müəyyən olunur.
15. 178.2 1 maddəsi

Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
16. 178.2 4 maddəsi

Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq əməli xeyli miqdarda ziyan vurmaqla törədildikdə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xeyli miqdar dedikdə 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ nəzərdə tutulur.
17. Külli miqdar nə qədərdir?

Cinayət Məcəlləsinin 178-ci maddəsində külli miqdar dedikdə 50000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olmayan məbləğ nəzərdə tutulur.
18. Dələduzluq plenum qərarı

11 iyun 2015-ci ildə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun Qərarı qəbul edilmişdir. Həmin Qərarda da göstərilir ki, mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur.
Dələduzluq etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir. Burada şəxsin niyyətinin nə olduğu müəyyən edilməlidir. Şəxs ələ keçirdiyi əmlak üzərində istədiyi kimi sərəncam verdiyi vəya istədiyi kimi istifadə imkanına malik olduğu andan dələduzlu qəməli bitmiş hesab olunur.
19. Dələduzluq konstitusiya məhkəməsi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli Qərarının nəticə hissəsini təqdim edirik: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 1-ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər.
20. Hüquqi məsləhət

Siz də dələduzluq cinayət əməlinin qurbanı olduğunuzu hesab edirsinizsə, bunun üçün əvvəlcə hüquq-mühafizə orqanlarına müraciət etməyiniz məsləhətdir. Mülki iddia, ərizə, iddia ərizələrinin hazırlanması və ya hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


