Cinayət hüququ

Cinayət Məcəlləsi 234 – Narkotik istifadə etməyə və satmağa görə cəzalar

1. Cinayət Məcəlləsi 234-cü maddə

Cinayət məcəlləsi 234 cu maddə
Cinayət Məcəlləsi 234-cü maddə ilə təqsirləndirilən şəxslərin süni intellekt vasitəsi ilə təsviri

Cinayət Məcəlləsi 234-cü maddəsi Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa görə məsuliyyət müəyyən edir.

Lakin, əgər şəxslər şəxsi istehlak miqdarında narkotik vasitədən istifadə edərlərsə, bu zaman cinayət işi açılmır. Onlara qarşı yalnız İnzibati Xətalar məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta üzrə iş açılır və onlara qısamüddətli inzibati həbs təyin oluna bilər.

Qanunvericilikdə şəxsi istehlak miqdarı hər bir narkotik vasitə üzrə müxtəlif ölçülərdə nəzərdə tutulub. Məsələn, heroin 0.15 qram, qurudulmuş marixuana 5 qram nəzərdə tutulur. Qeyd edilmiş miqdarlara qədər narkotik vasitələrdən istifadə olunması müəyyən olunarsa, inzibati həbs verilir. Yox, əgər həmin miqdardan yuxarı hədlər aşkar olunarsa, bu zaman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıla bilər. 

1.1 Cinayət Məcəlləsi 234.1-ci maddə – Narkotik istifadə etməyə görə məsuliyyət

  • 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma
  • bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.2 Cinayət Məcəlləsi maddə 234.1-1

  • 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə –
  • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.3 Cinayət Məcəlləsi 234.2 – Narkotik satmağa görə məsuliyyət

  • 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma
  • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.4 Cinayət Məcəlləsi 234.3

  • 234.3. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma
  • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.5 Cinayət Məcəlləsi 234.3-1 – Uşaqlara narkotik vasitə satmağa görə məsuliyyət

  • 234.3-1. Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə
  • dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.6 Cinayət Məcəlləsi 234.4

  • 234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
  • 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
  • 234.4.2. təkrar törədildikdə;
  • 234.4.3. külli miqdarda törədildikdə;
  • 234.4.4. mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə
  • beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.7 Cinayət Məcəlləsi 234.4-1

  • 234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə –
  • səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.8 Cinayət Məcəlləsi 234.5

  • 234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması
  • min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1.9 Cinayət Məcəlləsində narkotikdən istifadəyə görə məsuliyyətdən azad edən hallar

  • 1. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.
  • 2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.

2. Narkotikdən sidik analizi verməyin qiyməti

Əksər hallarda vətəndaşlardan işə qəbul zamanı narkotik vasitələrdən istifadə etməməsi barədə analiz istəyirlər. Analizi Respublikanın müxtəlif rayon və şəhərlərində vermək mümkündür. 25.12.2024-cü il tarixdə olan mövcud qiymətə görə Maştağada yerləşən Respublika Narkoloji Dispanserində narkotik vasitədən sidik analizi verilməsi üçün 28 manat dövlət rüsumu tələb olunur.

Müharibə veteranları və qazilər bu arayışı ödənişsiz şəkildə əldə etmək hüququna malikdirlər.

Ümumiyyətlə, vətəndaşları narkotik vasitələrdən istifadə etməkdən çəkinməyi və halhazırda narkotik asılılığı olan şəxslərin Reabilitasiya Mərkəzlərində müalicə almasını tövsiyyə edirik.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button