AZPULMAT kredit təşkilatı kontaktımda olan nömrələrə zəng edə bilərmi?
1. Azpulmat və digər kredit təşkilatları məndən icazəsiz kontaktımdakı nömrələrə zəng edə bilərmi?
Bəli. Azpulmat və digər kredit təşkilatları “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatların, o cümlədən sizə verilən kreditin ümumi məbləği, kredit borcunun gecikdirilmiş məbləği və kredit borcunun qalıq məbləği ilə bağlı məlumatlarınız barədə mobil telefonunuzun kitabçasında qeyd olunmuş şəxslərə (kontaktlara) məlumat verilməsinə razılıq vermiş olursunuz.
“Azpulmat” və ya digər kredit təşkilatlarından kredit götürərkən sizə təqdim olunan razılıq ərizəsində sizin kontaktınızda olan şəxslərə zənglərin edilməsi barədə bu bənd mövcud olur. Siz kredit götürəndə bu şərtlərə razılıq vermiş olursunuz. Buna görə də, kontaktınızda olan şəxslərə zənglərin edilməsi qanuni hesab olunur və bank sirrinin pozulması hesab olunmur.
Yəni, siz buna görə Azpulmat kredit təşkilatını, digər təşkilatları və ya bankı məhkəməyə verib uğur qazana və ya təzminat əldə edə bilməzsiniz.
2. Zaminlikdən imtina etmək mümkündürmü?
Mülki Məcəlləyə əsasən, aşağıdakı hallarda zaminlikdən çıxa bilərsiniz:
1) Zaminliklə təmin olunmuş öhdəliyə borcun ödənilməsi, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsaslar üzrə xitam verilirsə, zaminliyə də xitam verilir.
2) Əgər zaminliklə təmin olunmuş öhdəlik dəyişdirilərsə və bu dəyişiklik zaminin məsuliyyətini artırarsa və ya onun üçün digər əlverişsiz şərait yaradarsa zaminliyə xitam verilir.
3) Kreditorla bağlanılan müqaviləyə əsasən zaminin razılığı olmadan borclu şəxs tərəfindən öhdəlik digər şəxsə (yeni borcluya) verilərsə, zaminliyə xitam verilir.
4) Öhdəliyini lazımınca icra etmiş borclu, eləcə də zamin hər cür məsuliyyətdən azad olunur və belə öhdəliyə və onunla bağlı zaminliyə xitam verilir. Lakin icranın lazımınca olmadığını hesab edən kreditor bu məsələni məhkəmə qaydasında mübahisələndirə bilər.
5) Zaminlik müqaviləsi əsas öhdəlik haqqında müqavilə ilə bağlıdır. Zaminlik müqaviləsində müəyyən edilmiş müddət bitdikdə zaminliyə xitam verilir.
Zaminlik müqaviləsində müddət nəzərdə tutulmadıqda zaminliyə əsas öhdəliyin (borcun ödənilməsi) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Lakin borcun ödənilməsi müddəti müqavilədə göstərilməyibsə, zaminlik müqaviləsi bağlandığı gündən 2 il ərzində kreditor zaminə qarşı iddia irəli sürməzsə, zaminliyə xitam verilir.
3. Kredit gecikməsini sildirmək mümkündürmü?
“Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, kredit tarixçələri son dəyişiklikdən etibarən 10 il müddətində saxlanılır və banklar vətəndaşa kredit verməmişdən əvvəl onların kredit tarixçəsini yoxlayır. Əgər əvvəlki kreditlərdə gecikmə və ya problem olubsa, bu, kreditin verilməsinə təsir göstərə bilər.
Lakin qanunvericilik banklara və bank olmayan kredit təşkilatlarına(məsələn azpulmat) gecikməsi olan şəxslərə kredit verməyi qadağan etmir. Kreditin verilib-verilməməsi həmin kredit təşkilatlarının öz təşəbbüsündən asılıdır.
4. Ölən şəxsin kredit borcunu kim ödəməlidir?
Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarına əsasən, borclu vəfat etdikdə, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində borclunun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni şəxs vərəsəlikdən imtina etsə və miras qəbul etməzsə, o mirasqoyanın borcu üzrə öhdəlikdən azaddır.
Əgər vəfat etmiş borclu şəxsin zamini varsa və zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də vərəsələrə düşən miras əmlakın həcmi öhdəliyi icra etməyə imkan vermədikdə, zamin ölən şəxsin kreditoru(məsələn Kapital bank, Unibank, Azpulmat, Manato və s) qarşısında tam məsuliyyət daşıyır.
Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.
Bu məsələlərdə hüquqi konsultasiya və ya hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul