Cinayət törətdikdən nə qədər müddət sonra məsuliyyətdən azad edilə bilərəm?
1.Cəlbetmə müddətləri
Cinayət məcəlləsində müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halları mövcuddur.
Cinayəti törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək qanunla müəyyən edilən müddətlər keçdikdə (cinayətlərin təsnifatına uyğun olaraq), şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
- böyük ictimai təhlükə törətməyən
- cinayətlər üzrə 2 il keçdikdə;
- az ağır cinayətlər üzrə 7 il keçdikdə;
- ağır cinayətlər üzrə 12 il keçdikdə;
- xüsusilə ağır cinayətlər üzrə isə 20 il keçdikdə.
Cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə, şəxs barəsində cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.
2.Cinayətlərin təsnifatı
Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.
2.1.Böyük ictimai təhlükə törətməyən cinayət nədir?
Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
2.2.Az ağır cinayət nədir?
Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.
2.3.Ağır cinayət nədir?
Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
2.4.Xüsusilə ağır cinayət nədir?
Cinayət Məcəlləsi ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.
3.Məsuliyyətdən azad etməyən hallar
Qanunvericiliyə əsasən, aşağıda qeyd olunan cinayətləri törətmiş şəxslər müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilə bilməz.
- sülh və insanlıq əleyhinə (CM 100-113);
- müharibə cinayətləri (CM 114-119);
- terrorçuluq (CM 214);
- terrorçuluğu maliyyələşdirmə (CM 214-1).
Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
4.Misal ilə izah
Məsələn siz hər hansı bir şəxsə 3 il əvvəl yüngül bədən xəsarəti yetirmisinizsə, şəxs 3 il əvvəl deyil də indi müvafiq orqana şikayət edirsə, bu halda yüngül bədən xəsarəti yetirmə(CM 128) böyük ictimai təhlükə törətməyən cinayət olduğu üçün cəlbetmə müddəti 2 ildir. Yəni, şəxs artıq şikayət etsə belə hadisənin törədildiyi vaxtdan 3 il keçdiyi üçün barənizdə cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir.
5.Hüquqi yardım
Belə hallarla qarşılaşdıqda hüquqşünas və vəkillərə müraciət etməyiniz tövsiyyə olunur.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul