Boşanma prosesi zamanı əmlak bölgüsü
1. Boşanma prosesi üçün rüsumlar
Boşanma və aliment tələbi üçün tələb olunan mediasiya xərci 60 AZN, məhkəmə üçün dövlət rüsumu isə 50 AZN təşkil edir.
Əgər ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları yoxdursa, nikaha onların razılığı əsasında müvafiq rayon (şəhər) üzrə qeydiyyat şöbəsində və ya ASAN Xidmət Mərkəzində yerləşən qeydiyyat şöbəsində xitam verilə bilər.
Yetkinlik yaşına çatmayan uşaq varsa, aliment tələbi, eləcə də, alimentin artırılması zamanı mütləq mediasiya və məhkəmə prosesi olmalıdır.
2. Boşanma zamanı əmlakdan uşaqlara pay düşürmü?
Xeyr. Nikahın pozulması zamanı əmlak bölgüsü yalnız ər-arvad arasında aparılır. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər (50/50) müəyyən olunur.
Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ər-arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
3. Ər-arvaddan biri digərinin razılığı olmadan əmlakı sata bilərmi?
Xeyr. Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınar (avtomobil) və ya daşınmaz əmlak (mənzil, torpaq sahəsi və s.) üzərində sərəncam vermək barədə əqdlər (alqı-satqı, bağışlama) bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.
Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən məhkəmədə mübahisələndirilə bilər.
4. Qayınata(Qayınana) adına olan evdən gəlinə pay düşürmü?
Xeyr, nikah dövründə qaynata və ya qaynana adına olan daşınar (maşın) və ya daşınmaz (mənzil, fərdi yaşayış evi, torpaq sahəsi) əmlakdan gəlinə və ya uşaqlara heç bir pay düşmür.
Nikah dövründə ər və ya arvadın gəlirləri hesabına əldə olunmuş əmlakdan isə yalnız ər və arvada pay düşür.
5. Boşanma zamanı qızıllar və cehiz əmlak
Nikaha daxil olanadək və ya nikah dövründə qadına hədiyyə şəklində verilən qızıl-zinət əşyaları onun şəxsi əmlakına aid edilir. Həmin əmlak nikahın pozulması zamanı (boşanma zamanı) ər-arvad arasında bölünmür. Bununla yanaşı cehiz əmlak da qızın ailəsi tərəfindən ona verilmiş hədiyyə olduğu üçün onun şəxsi əmlakına aid edilir.
Yəni cehiz tərəflərin birgə mülkiyyəti hesab edilmir. Boşanmadan sonra və ya rəsmi qaydada boşanma olmadan da qadın ona məxsus olan cehiz əmlakını tələb edə bilər.”
Qarşı tərəf qadına hədiyyə olaraq verilmiş qızıl-zinət əşyalarını və cehiz əmlakı könüllü şəkildə geri qaytarmırsa, qadın ilk öncə mediasiyaya müraciət etməlidir.
Mediasiyada razılıq əldə olunmazsa, o, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həm qızıl-zinət əşyalarını, həm də cehiz əmlakı tələb edə bilər.
6. Boşanma zamanı sənədsiz evdən pay tələb edə bilərəm?
Ali Məhkəmənin Plenumunun qərarına əsasən tərəflərin (yəni ər və arvad) nikah dövründə əldə etdikləri evin çıxarışı (kupçası) olmadıqda, burada yaşaması mümkün olmayan tərəf tikilinin onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş vəsaitin əmlakdakı payına uyğun olaraq yarısını tikilinin qaldığı şəxsdən tələb edə bilər.
Göstərilən qayda həmin ev özbaşına tikili olduqda da tətbiq olunur.
Onu da qeyd edək ki, özbaşına tikilinin ər və arvad arasında bölünməsi barədə qərar bu tikilinin qanuni sayılması demək deyil.
Bu şəxslər arasında olan əmlak mübahisələri mülki qanunvericiliyə uyğun olaraq adi qaydada tənzimlənir.
7. Rəsmi evlənməmişəm. Ərimdən əmlak tələb edə bilərəm?
Xeyr. Belə ki, əgər nikaha daxil olmaq istəyən tərəflər Ailə Məcəlləsinin 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi nikaha daxil olmayıblarsa, onların bir-birilərinə qarşı əmlak (ev, maşın, qızıl və s.) tələb etmək hüququ yaranmır.
Bu şəxslər arasında olan əmlak mübahisələri mülki qanunvericiliyə uyğun olaraq adi qaydada tənzimlənir.
8. Ər vəfat etdikdə birgə əmlakdan qohumlarına pay düşürmü?
Xeyr. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər (1/2-1/2) hesab edilir.
Əgər ər (arvad) vəfat edərsə, onun payına düşən 1/2 hissədən birinci növbə vərəsələrə, yəni ərə (arvada), valideynlərə və övladlara pay düşür.
Birinci növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Əgər nikah dövründə əldə olunmuş ev satılarsa və ya bağışlanarsa, bu zaman həmin evdə qeydiyyatda olanların razılığı tələb olunur. Əgər qeydiyyatda olan şəxslər (xala, bibi, əmi, dayı və s.) razılıq verməzlərsə, mülkiyyətçi onları qeydiyyatdan çıxarmaq hüququna malikdir, bir şərtlə ki, qeydiyyatda olan şəxslərin həmin evdən istifadə hüququ olmasın. Evdən istifadə hüququna mülkiyyətçi ilə bərabər onun arvadı (əri), habelə uşaqları və valideynləri malikdir.
Qeydiyyatdan çıxarılma ilə bağlı ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
9. Əmlak bölgüsü üçün iddia müddəti
Daşınmaz əmlakın bölünməsi ilə bağlı ər və ya arvad boşandıqdan sonra 3 il müddətində iddia qaldıra bilərlər. Məhkəmə praktikasında əmlak bölgüsü ilə bağlı ən çox qadınlar tərəfindən iddia qaldırılır. Bu zaman əgər daşınmaz əmlakın birgə nikah dövründə alınması müəyyən edilərsə məhkəmənin qərarı ilə ərə (arvada) evdə yaşamaq hüququ verilə bilər və ya satılaraq tərəflər arasında bölgü edilə bilər. Mülkün satılması mümkün olmazsa natura şəklində bölgü aparılır.
10. Boşanma sonrası evdə yaşamaq hüququ
Boşandıqdan sonra evdə yaşamaq hüququ ilə əlaqədar məhkəmələrə çoxsaylı iddia ərizəsi verilir. Əgər mülkiyyət birgə yaşayış vaxtı alınıbsa boşanma zamanı tərəflər arasında yarı bölünür. Həmçinin, əgər qadın evləndikdən sonra həyat yoldaşının yaxud qayınata və qayınanasının evində qeydiyyata düşübsə, bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Lakin ər buna etiraz etdikdə və qadın da həmin evdə yaşamaq istəmirsə bu zaman ona kompensasiya verilir.
Hüquqşünas İlkin Əzimov
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul